1.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim ruzisinin bol olmasını və uzun ömür sürməsini arzu edirsə, qohumlarına mehriban münasibət bəsləsin».
Hədisi Buxari rəvayət etmişdir.
2.Cübeyr ibn Mütimdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Qohumluq əlaqələrini kəsən Cənnətə daxil olmaz».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
3. Muğirə ibn Şubədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Həqiqətən, Allah-taala anaların sözündən çıxmağı və onlara qarşı itaətsizlik göstərməyi, qızları diri-diri torpağa gömməyi, haqsız olaraq öz vəzifəsini icra etməkdən imtina etməyi və haqqı çatmayan şeyi tələb etməyi sizlərə haram buyurmuşdur. O, dedi-qodu etmənizi, (gərəksiz yerə) çoxlu sual verməyinizi və malınızı (faydasız işlərə) sərf etmənizi də sevməz».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
4.Abdullah ibn Əmrdən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Valideynlərin razılığı, Allahın razılığı, valideynlərin qəzəbi isə Allahın qəzəbidir».
Hədisi Tirmizi rəvayət etmiş, İbn Hibban və Hakim isə səhih hesab etmişdir.
5. Ənəsdən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «And olsun qəlbim əlində olana! Allah bəndəsi özünə arzu etdiyini qonşusu və qardaşına arzu etməyincə ondan mömin olmaz».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
6. İbn Məsudun belə deməsi rəvayət olunur: «Allahın elçisindən soruşdum ki, hansı günah daha böyükdür? Dedi: “Allah səni yaratdığı bir halda Ona nəyi isə tay-bərabər tutmaq”. Soruşdum: “Sonra hansıdır?”. Dedi: “Süfrəsinə şərik olmaqdan qorxaraq öz övladını öldürmək”. Yenə soruşdum: “Sonra hansıdır?”. “Qonşunun övrəti ilə zina etməkdir” – deyə cavab verdi».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
7.Abdullah ibn Əmr ibn əl-Asdan rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Ən böyük günahlardan biri də insanın öz valideynlərini söyməsidir». Ondan soruşdular: «Məgər insan da öz valideynlərini söyərmi?!» «Bəli, birisi başqa birisinin atasını söyür, o da qayıdıb onun atasını söyür, yaxud birisi o birisinin anasını söyür, o da qayıdıb onun anasını söyür» – deyə cavab verdi».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
8.Əbu Əyyubdan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Müsəlmanın müsəlman qardaşı ilə üç gündən artıq küsülü qalması və qarşılaşdıqları zaman bir-birlərindən üz çevirmələri haramdır. Onların ən xeyirlisi ilk salamlaşandır».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
9. Cabirdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «İstənilən yaxşılıq sədəqə hesab olunur».
Hədisi Buxari rəvayət etmişdir.
10. Əbu Zərdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Yaxşılıq, qardaşınızla qarşılaşdığınız zaman ona xoş üz göstərmək olsa belə, ona laqeydlik göstərməyin».
Hədisi Müslim rəvayət etmişdir.
11. Yenə də Əbu Zərdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Şorba bişirdiyin zaman suyunu artıq elə və qonşularının qayğısına qal».
Hədisi Müslim rəvayət etmişdir.
12.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim bir müsəlmanın dərdini ona unutdursa, Allah da Qiyamət günü onun dərdini unutdurar. Kim çətinlikdə olan bir müsəlmanın işini asanlaşdırsa, Allah da onun işini həm bu dünyada, həm də axirətdə asanlaşdırar. Kim bir müsəlmanın eybini ört-basdır etsə, Allah da onun eybini həm bu dünyada, həm də axirətdə ört-basdır edər. Bəndə qardaşına kömək etdikcə, Allah da o bəndənin köməyində olar».
Hədisi Müslim rəvayət etmişdir.
13.İbn Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim bir xeyirli işə yol göstərsə, o işi həyata keçirənin əldə etdiyi savab qədər savab qazanar».
Hədisi Müslim rəvayət etmişdir.
14. İbn Ömərdən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Allah yolunda sizə pənah gətirəni qoruyun, Allah yolunda sizdən bir şey istəyənə istədiyini verin. Sizə yaxşılıq edəni mükafatlandırın. Verməyə bir şey tapa bilməsəniz, onun üçün dua edin». Hədisi Beyhəqi rəvayət etmişdir.
Tarix: 25.04.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar