Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƏBRƏ ZİDD OLAN VƏ ONU POZAN AMİLLƏR

Səbir dili Allahdan qeyrisinə şikayətdən, qəlbi qəzəblənməkdən, əzaları üz-gözü və paltarı cırmaqdan qoruyursa, səbir etməmək bütün bunların əksinə səbəb olur. Bunlardan biri də bəndənin Allahdan məxluqa şikayət etməsidir. Belə ki, əgər bəndə Rəbbindən özü kimi bir məxluqa şikayət etmiş olsa, ona rəhm edəndən etməyənə şikayət etmiş olur. Şikayətin Allaha edilməsi isə səbrə zidd deyildir. Bu Yaqubun «Gözəl səbir etmək» (Yusif, 18, 83) – deməklə Allaha şikayətində də öz təsdiqini tapmışdır.

Bəndənin məxluqa ondan yol göstərməsini, yaxud ona yardım etməsini, yaxud da zərurəti aradan qaldırmaqda ona kömək etməsini istəmək məqsədilə öz vəziyyətini danışması da səbri pozmur. Xəstənin öz dərdindən həkimə şikayət etməsində, haqsızlıqla üzləşənin ona yardım edə biləcək birinə halını danışmasında, bəlaya mübtəla olan bir kəsin onu bu bəladan qurtarmaqda vasitəçi olmasına ümid bəsləyən şəxsə öz müsibətini danışmasında heç bir qəbahət yoxdur. Peyğəmbər (sav) bir xəstənin yanına getdiyi zaman ondan halını soruşar və: «Özünü necə hiss edirsən?»
(səhihdir: ət-Tirmizi, 983; İbn Macə, 4261. Deyirəm: Şeyximiz əl-Albani “əs-Səhih”də (1051) səhihdir deyib) deyərdi. Peyğəmbərin (sav) bu sualı onun halını öyrənmək məqsədi güdürdü.
Bəs inilti və sızıltı səbri pozurmu? Bu barədə İmam Əhməddən iki rəvayət nəql olunur. Onların ən səhihinə görə bu məkruhdur. Tavusdan da rəvayət olunur ki, o xəstə olarkən inildəməyi bəyənməzdi.
Mücahid isə belə deyir: «Xəstələndiyi zaman iniltisi də daxil olmaqla hər bir şey Adəm övladının boynuna yazılır».
İmam Əhmədin oğlu Abdullah belə deyir: «Atam ölüm xəstəliyində mənə: “Abdullah ibn İdrisin kitabını yanıma gətir” – dedi. Yanına gətirdikdə: “İndi də Leys İbn Əbi Süleymin hədislərini gətir” – dedi. O: “Oxu Leysin hədislərini. Mən Təlhaya Tavusun xəstələndiyi zaman inildəməyi məkruh saydığını söylədim. Ölənə qədər ondan inilti eşidilmədi” – dedi. Mən də atamın bu xəstəliyində vəfat edənəcən inildəməsini eşitmədim».
İkinci rəvayətə görə inilti nə məkruhdur, nə də səbri pozur. Bəkr ibn Məhəmməd atasından rəvayət edir ki, Əhməddən: «Çəkdiyi ağrıdan şikayətlənən xəstə barədə Allah elçisindən bir şey bilirsənmi?» – deyə soruşuldu. O da belə cavab verdi: «Bəli, Aişənin hədisini. Bir dəfə Aişənin başı bərk ağrıyırdı. O: “Of başım!” – deyərkən Peyğəmbər (sav) onu sakitləşdirməyə başladı»
(əl-Buxari, 5666)
Mərvəzi belə deyir: «Əbu Abdullah xəstə olarkən yanına gəldim. Halını soruşdum. Göz yaşları axıtdı və gecə çəkdiyi ağrılardan danışdı».
Səhih isə budur ki, inilti iki cür olur. Birincisi, şikayət xarakteri daşıyan iniltidir ki, məkruhdur. İkincisi isə məkruh olmayıb istirahət və ağrıkəsici xarakteri daşıyan iniltidir. Ən düzünü bilən isə təbii ki, Allahdır.
Bir əsərdə rəvayət olunur ki, əgər xəstə “əlhəmdulilləh” deyib sonra öz halından danışarsa, bu şikayət hesab olunmur.
Şəqiq əl-Bəlxi belə deyir: «Müsibətə düçar olunan Allahdan qeyrisinə şikayət edərsə, qəlbində heç vaxt Allaha etdiyi ibadətin ləzzətini duya bilməz».
Şikayət iki növdür. Birincisi dillə olan şikayətdir. İkincisi, hal-vəziyyətlə olan şikayətdir. İkincisi bəlkə də birincisindən daha böyükdür. Buna görə də Peyğəmbər  Allahın nemət bəxş etdiyi kəsə Onun nemətini göstərməsini əmr etmişdir. Halı yaxşı ola-ola Rəbbindən şikayətlənən kəs Tanrı yanında məxluqatın ən mənfurudur.
İmam Əhməd Abdullah ibn Yeziddən, o da Kəhməsdən, o da Abdullah ibn Şəqiqdən belə deməsini rəvayət etmişdir: Kəab Əhbər: «Gözəl əməllərdən biri: “Subhətul-hədis”, pis əməllərdən biri də “ət-Təhzif”dir. Abdullahdan “Subhətul-hədis”in nə olduğunu soruşdular. O da: “Söhbət əsnasında Subhanallah və bihəmdih deməkdir” – deyə cavab verdi. “ət-Təhzif”in nə olduğunu soruşduqda isə: “Hal-vəziyyəti yaxşı olduğu halda soruşarkən pis olduğunu söyləməkdir” – deyə izah etdi».
Səbrə zidd olan əməllərdən biri də başa bir müsibət gəldiyi zaman üz-gözü, əlləri cırmaq, saç yolmaq, vay-şivən qaldırmaqdır. Bunun üçün də Peyğəmbər  müsibət zamanı fəryad edəndən, üz-gözünü cırandan və paltarını yırtandan uzaq olmuşdur. Lakin ağlamaq və kədərlənmək səbrə zidd deyildir. Allah-taala Yaqub haqqında danışarkən belə buyurur: «Dərd-qəmdən [həmişə ağlamaqdan Yəqubun] gözlərinə ağ gəldi. O, [bütün dərdini] içində çəkirdi [oğlanlarına bildirmirdi]» (Yusif, 84). Qətadə bu ayə haqda deyir: «Yaqub  hüzn və kədəri boğur və xeyirdən başqa bir söz söyləmirdi».
Xalid ibn Osman demişdir: «Oğlum ölərkən Səid ibn Cubeyr məni başı örtülmüş vəziyyətdə görüb: “Başını aç, çünki bu acizlikdəndir” – dedi».
Bəkr ibn Abdullah əl-Muzəni demişdir: «Deyilənə görə müsibətdən sonra evdə oturmaq acizlikdəndir».
Ubeyd ibn Umeyr demişdir: «Səbirsizlik və kədər gözün yaş tökməsi, qəlbin üzülməsi deyil, səbirsizlik və kədər pis söz və pis zəndir».
Qasım ibn Məhəmməddən səbirsizlik və kədərin nə olduğu haqqda soruşuldu, o: «Səbirsizlik və kədər pis söz və pis zəndir» – deyə cavab verdi.
Bəsrə qazilərindən birinin oğlu ölmüşdü. Yas mərasiminə toplaşan alim və fəqihlər öz aralarında insanın səbirli və səbirsiz olmasının necə müəyyən olması barədə fikir mübadiləsi aparırdılar. Belə qərara gəldilər ki, əgər insan həmişə etdiyi bir şeyi tərk edərsə, səbirsizlik etmiş olar.
Həsən ibn Abduləziz əl-Huri demişdir: «Mənim gözəl bir oğlum öldü. Anasına: “Allahdan qorx, savabını Allahdan um və səbir et!” – dedim. O isə: “Müsibətimin [savabı] onu səbirsizlik etməklə pozmağımdan daha böyükdür” – deyə cavab verdi».
Abdullah ibn Mubarək demişdir: «Yezid ibn Yezid namaz qılarkən yanına bir kişi gəldi. Yezidin oğlu can verirdi. Kişi: “Oğlun can verir, sən də namaz qılırsan?!” – dedi. Yezid isə: “Əgər insan həmişə etdiy1i bir əməli (müsibət) gəlincə bir gün belə tərk etsə, bu onun əməlində qüsurun olmasını göstərir” – deyə cavab verdi».
Sabit belə demişdir: «Abdullah ibn Mutarrafın başına bir müsibət gəlmişdi. Onu gözəl paltarda və gözəl təravətli ətir vurmuş olduğunu gördüm. “Bu nə məsələdir?” – deyə soruşdum. O: “Ey Əbu Məhəmməd! Nə deyirsən, şeytana tabe olum, yoxsa ona başı¬ma müsibətin gəldiyinimi göstərim? Ey Əbu Məhəmməd! And olsun Allaha ki, əgər bütün dünya mənim olsa, sonra Allah-taala onu məndən alıb qiyamət günü onun əvəzinə bir udum su versəydi, bu bir udum su mənim üçün daha dəyərli olardı” – deyə cavab verdi».
Əta ibn Rəbahın bir gözünə su yığılmış, iyirmi il ailəsi bundan bixəbər olmuşdur. Lakin bir gün oğlu atasının gözləri önünə gəldikdə qocanın gözlərinin kor olduğunu bilmişdir.
Bir kişi Davud ət-Tai yatağında xəstə yatarkən onun yanına gəldi. Onun titrədiyini görüb: «Hər şey Allah üçündür və hər şey Ona qayıdacaqdır» – dedi. Davud ona: «Bəsdir! Bunu heç kəsə bildirmirsən. Bundan əvvəl də dörd ay xəstə yatmışdım və heç kəs bilməmişdi» – dedi.
Muğirə demişdir: «Əhnəf əmisinə diş ağrısından şikayətləndi və bunu bir neçə dəfə təkrar söylədi. Əmisi ona: “Mənə təkrar-təkrar bunu söyləmə! Gözümün biri qırx ildir ki, kordur, hələ indiyədək ondan heç kəsə şikayətlənməmişəm” – dedi».
Səbrə zidd olan əməllərdən biri də müsibət baş verdiyi zaman həyəcan və qorxu keçirmək haqq-ədalət gəldiyi zaman isə onun qarşısını almaqdır: Bu barədə Allah-taala belə buyurur: «Həqiqətən, insan [sərvətə] çox həris [tamahkar və kəmhövsələ] yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar» (əl-Məaric, 19-21).
Bir hədisdə belə deyilir: «Qulda olan ən pis keyfiyyət ifrat xəsislik və ifrat qorxaqlıqdır».
(səhihdir: Əbu Davud, 2511; Əhməd, 2/302, 320; İbn Əbi Şeybə, 9/98; İbn Hibban, 3250; Əbu Nəim, 9/50; əl-Beyhəqi, 9/50; əl-Albani, “əs-Səhih”, 560)
Xəsislik və qorxaqlıq qulda olan ən mənfi keyfiyyətlərdir. Əlalxüsus da insan xəsisliyindən zövq alırsa və qorxudan qəlbi yerindən titrəyirsə, onda nə comərdlikdən, nə şücaətdən əsar-əlamət olmaz, nə malı, nə də bədəninin ona bir faydası olar. Nə qovulmaz, nə də qaçmaz. Əksinə xəsislik, qorxaqlıq və tamahkarlıq onu yatırar, kiçildər, alçaldar və rəzil edər. Əgər qorxaqlığın nə olduğu bilmək istəyirsənsə, bil ki, o, insanı aclıq yaxaladığı zaman onu hamıya yayar və dilənməyə tələsər, harasısa ağradığı zaman tez şikayət edərək hamıya xəstə olduğunu bildirər, əgər bir məğlubiyyətə uğrarsa, dərhal itaət göstərər, əgər qarnı ac olarsa, böyrü üstə yıxılıb şikayətini hamıya bildirər, gözünə qida mənbəyi dəydikdə uçaraq özünü ora salar, onu əldə edib ruhunun yerinə qoyar. Nə dözümü olar nə bir üstünlüyü. Bütün bunlar nəfsin kiçikliyindən, rəzalətindən, bədənə soxulmasından, onun gizlətməsindən və alçaltmasından irəli gəlir. Yardım diləmək üçün üz tutulan yeganə varlıq Allah-taaladır.


Tarix: 14.04.2013 / 14:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 386 Bölmə: Maraqlı melumatlar
loading...