Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha verdyimiz söz

Mərhəmətli və Rəhimli Allahın adı ilə sözümə başlayıram. Hal-hazırda yer üzərində insanları müxtəlif yollara dəvət edirlər. Siz bu sətirləri oxuduğunuz an kimsə yenidən dünyaya göz açır, kimsə artıq canını tapşırmaq üzrədir, kimsə artıq ölüm ayağındadır, kimsə çox şiddətli əzab çəkir, kimsə böyük nemət və ləzzət içində xoşbəxt bir həyat yaşayır. Ona görə də bu dünya haqqında çox sözlər deyilmişdir. Əgər səbirlə və diqqətlə oxusanız, Allahın izni ilə yer üzərində deyilən ən faydalı, bəlkə də heç yerdə eşitmədiyiniz sözləri və kəlamları eşidəcəksiniz.

Əlbəttə xüsusən gəncləri bu sətirləri səbirlə sona qədər oxumalarını nəsihət edirəm. Siz bilirsinizmi bu an deyilən, eşidilən və yazılan ən faydalı sözləri oxuyursunuz. Sizi və məni yaradan uca Allah haqqında nə düşünürsünüz? Allahın adını bütün hallarda dilində gəzdirən və bu addan qəflətdə olan cəsur insan! Allah təala buyurur: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər” (əl-Bəqərə 186). Biz hamımız Allaha inanırıq. Bu bizim fitrətimizdə var. Çünki biz bu dünyaya gəlməzdən əvvəl Allaha söz verib gəlmişik. Allah təala buyurur: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: "Mən sizin Rəbbiniz deyiləmmi?"– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: "Bəli, biz şahid olduq!"– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: "Biz bundan xəbərsiz idik!"– deməyəsiniz. Yaxud: "Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?"– deməyəsiniz. Biz ayələri beləcə izah edirik ki, bəlkə haqq yola qayıdalar” (əl-Əraf 172-174). Əhməd ibn Hənbəlin Müsnəd əsərində Abdullah ibn Abbasdan rəvayət olunur: Allah Adəmin belindəki zürriyyətindən (nəslindən) Ərafat yaxınlığında olan Vaman dağında söz aldı. Əhd aldı. Adəmdən törədib yaratdığı bütün nəsilləri çıxarıb zərrələr kimi önünə sərdi, sonra özləri ilə üzbəüz danışıb buyurdu: "Mən sizin Rəbbiniz deyiləmmi?" Onlar dedilər: "Bəli, (əlbəttə sən bizim Rəbbimizsən) biz (buna) şahid olduq!". Biz ona görə bu ayələri sizə nazil edib xatırladırıq ki, siz Qiyamət günü "Biz bundan xəbərsiz idik!"– deməyəsiniz. Yaxud: "Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?"– deməyəsiniz. Səhabələrdən biri olan Übeyy bin Kəb (Allah ondan razı olsun) “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: "Mən sizin Rəbbiniz deyiləmmi?"– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: "Bəli, biz şahid olduq!"– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: "Biz bundan xəbərsiz idik!"– deməyəsiniz” ayəsi haqqında demişdir: “Allah onları bir yerə topladı, ayrı-ayrı ruhlar etdi, onları canlandırdı və danışmalarını istədi. Onlar da danışdılar. Allah beləliklə onlardan bir söz və əhd aldı. "Mən sizin Rəbbiniz deyiləmmi?” sözüylə öz etdiklərinə şahid tutdu. Onlar da: "Bəli, (əlbəttə sən bizim Rəbbimizsən) biz (buna) şahid olduq!" dedilər. Allah təala “Qiyamət günü biz bunu bilmirdik deməməyiniz üçün yeddi qat göyü və yeri şahid tuturam. Bundan başqa atanız Adəmi də bu işə şahid tuturam. Bilin ki, Məndən başqa İlah və Rəbb yoxdur. Buna görə də mənə heç bir şeyi və heç bir kəsi şərik qoşmayın. Sizə peyğəmbərlərimi (elçilərimi, rəsullarımı) göndərəcəyəm, onlar da sizdən aldığım sözü və sizə verdiyim vədi xatırladacaqlar. Bir də sizə kitablarımı nazil edəcəyəm” dedi. Bundan sonra “Sən bizim Rəbbimiz və İlahımızsan. Biz bunun şahidləriyik” deyərək Allahın sözünü qəbul etdilər. Sonra Allah təala Adəmi (ona salam olsun) onları görə biləcəyi şəkildə yüksəltdi. O da baxıb gördü ki, kimisi zəngin, kimisi yoxsul, kimisi gözəl, kimisi çirkindir... Sonra Adəm (ona salam olsun) belə dua etdi: “Ya Rəbb! Kaş qullarını bərabər səviyyədə yaradardın (Hamısını bərabər yaradardın). Allah təala buyurdu: “Mən şükür edilməkdən xoşlayıram”. Bundan sonra Adəm (ona salam olsun), onların içərisində peyğəmbərləri camaata işıq saçan şamlar kimi gördü. Onlardan da peyğəmbərlik, xəbərdarlıq, Allahın ayələrini insanlara çatdırmaq barəsində xüsusi bir söz və əhd alınmışdı. Bu söz “Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da!” (əl-Əhzab 7) ayəsində bizə xəbər verilmişdir. İsa (ona salam olsun) o ruhların içindəydi və Allah onu Məryəmə göndərdi” (Əhməd bin Hənbəl Müsnəd, hədis həsəndir). Übeydən (Allah ondan razı olsun) rəvayət olunur ki, O Ruh Məryəmin ağzından bədəninə girmişdi (İmam Əhməd b. Hənbəl, Əl-Müsnəd, el-Fəthu’r-Rabbani Tərtibi, Ensar Yayıncılık: 1/5-7). “Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” (əl-Mücadilə 1). Allah Özünü insanlara və cinlərə tanıtdırmaq üçün yer üzərinə insanlardan olan peyğəmbərlər seçmişdir. Onları insanlara xəbər vermək, müjdələmək, qorxutmaq, sevindirmək, ümidləndirmək və s. bizim də ağlımızın dərk etmədiyi ən xoşbəxt bir həyatı yaşatmaq üçün göndərmişdir. Çox təəssüf ki, insanların bir çoxu ən yaxınlarında olan bu böyük xoşbəxtçiliyi tapa bilmirlər. Bu xoşbəxtçilik Allaha səmimi olaraq inanmaqdır. Allah təala buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” (ən-Nəhl, 97). “Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir” (ən-Nəhl 30). “Onlardan: "Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!"– deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir” (Bəqərə surəsi 201-202). “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir” (ən-Nəhl 120-122). Bu dünyada kim Allaha iman etsə, buna şübhəsi olmasın ki, ona bu dünyada da axirətdə də xoşbəxtçilik bəxş olunacaq. Allahın bəxş etdiyi xoşbəxtçiliyin əvəzini heç bir dünya neməti verə bilməz və vermir. Məgər siz doğrudan da elə fikirləşirsiniz ki, kiminsə saysız hesabsız dünya nemətləri varsa o xoşbəxtdir? Belə fikirləşməyin. Xoşbəxtçilik bizim təsəvvür etdiyimiz kimi dünya malına sahib olmaq deyil. Bu barədə o qədər Allah təalanın kəlamları vardır ki, ən yaxşı hal özünüz Quranı açıb düşünə-düşünə oxuyun. İnananaraq və səmimi olaraq oxuyun. Allah təala insanları Özünə inanmasına dəvət edir: “Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi. Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız” (ən-Nəhl 78-81). Bəzən və çox hallarda insanları xoşbəxtçiliyə, Allahın yoluna dəvət edəndə deyirlər: “Dində məcburiyyət yoxdur”, “Sən məni müsəlman olmağa məcbur etmə”, “Hər kəsi (hər qoçu) öz ayağından asacaqlar”, “Dəvət etmə, özün inandın bəsdir”, “Sən inanıb nə əldə etmisən?”, “Bir möcüzə göstər inanım”, “Əşşi bunlar (inananlar) başdanxarabdırlar (“Onlara: "Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!"– deyildiyi zaman: "Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?"– deyirlər Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər” (Bəqərə surəsi 13)” və s... kimi saysız hesabsız sözlər işlədirlər və Allah təala bu cür deyənlərə görün necə gözəl cavab verir: “Onlar Allahın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir” (ən-Nəhl 83). İnsanların bir çoxu şübhə etdiyi üçün, az inandıqları üçün, ümumiyyətlə inanmadıqları və inanmaq istəmədikləri üçün onlar Allahın onlara Kitab göndərdiyinə, bu Kitabı qoruyub saxladığına və heç bir dəyişikliyə yol vermədiyinə ya şübhə edirlər, yaxud əhəmiyyət vermirlər, yaxud da olmayan bir qorxuya qapılırlar. Allah təala buyurur: “Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun” (əl-Bəqərə 41). “O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi” (Ali İmran 3). “Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir” (Ali-İmran 23). “Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu Quranı Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahiddirlər. Şahid olaraq Allah kifayətdir” (ən-Nisa 166). “Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar” (əl-Ənam 92). “Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna” (əl-Ənam 155). “Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın” (əl-Əraf 2). “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız” (əl-Bəqərə 28). “Onlara: "Allahın nazil etdiyinə inanın!"– deyildikdə, onlar: "Biz özümüzə nazil edilənə inanırıq"– deyib onun ardınca gələni inkar edirlər Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir De: "Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?" (əl-Bəqərə 91). “Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar” (əl-Bəqərə 78). “İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər” (əl-Bəqərə 213). Bizim hələ burada qeyd etmədiyimiz saysız-hesabsız Allah kəlamları bizi Qurana inanmağa dəvət edir. Daha doğrusu Allah təala bu qədər ayələri bizə nazil etməklə bizi Qurana səmimi qəlblə və şübhə etmədən inanmağa dəvət edir.

İnsan isə bilmədiyi, eşitmədiyi, görmədiyi, dərk etmədiyi bir şeyə qarşı səhlənkar və soyuq yanaşır. Sizə adi təcrübəmizdən çox vaxt qarşılaşacağımız bir hadisəni deyim, özünüz də bunu təsdiq edəcəksiniz. Məsələn evdə oturub ya istirahət etdiyiniz vaxt, yaxud da nə isə bir işlə məşğul olduğunuz vaxt birdən sizə zəng gəlir. Həmin anda siz çox məşğul olmağınıza baxmayaraq telefona cavab verməyə can atırsınız. Çünki sizə elə gəlir ki, nə isə sizin xeyirinizə olan çox gözəl bir xəbər eşidəcəksiniz. Yaxud sizə elə gəlir ki, nə isə bəd bir xəbər eşidəcəksiniz. Təbii ki, bu o an baş verir ki, siz kimdənsə zəng gözləmirdiniz. Sizə heç kim zəng edəcəyini qabaqcadan deməmişdi. Amma bu məşğul olan andakı sizə gələn zəng sizin telefona cavab verməyinizə ruhlandırır. Təbii ki, bu həmişə və hamıda belə olmur. Bəzi istisnaları çıxaq. Bunlardan biri, sizin tanıdığınız və həmişə sizə zəng edən yaxınınızdır, siz bu anda artıq onun sizə nə deyəcəyini bilirsiniz, yaxud da bilmirsiniz, yaxud da siz həmişə telefona cavab verəndə sevindirici bir xəbəri eşidəcəyinizi düşünürsünüz. Sizin məşğul olan anda gələn telefon zənginə xoş bir xəbər eşitmək məqsədilə telefona cavab verirsiniz. Sizə bir təklif, bir dəvət, xoş bir söz deyiləndə əlinizdə olan işi yarım qoyub o xəbərin ardınca gedirsiniz. Sizə bəd xəbər gələndə, ürəyinizin istəmədiyi bir dəvət gələndə, həmişə tanıdığınız və çox vaxt cavab vermək istəmədiyiniz bir şəxs zəng edəndə ya ona cavab vermirsiniz, yaxud da ona cavab verib yenə də əlinizdəki işinizə davam edirsiniz. Ümid edirəm ki, sizi bezdirmədim. Əgər bezdinizsə oxumağı yarıda kəsə bilərsiniz. Əgər sizin üçün maraqlıdırsa onda oxumağa davam edin. Yenə də nə iləsə məşğul olduğunuz vaxt sizə zəng gəlir. Siz tərəddüd edirsiniz telefonu qaldırım ya yox. Bu tanıdığınız da tanımadığınız da ola bilər. Nəhayət telefonu qaldırırsınız. Sizi ya bildiyiniz, ya da bilmədiyiniz yerə dəvət edirlər. Bu vaxt sizdən asılı olacaq. Ya tərəddüd edəcəksiniz, yaxud dərhal gedəcəksiniz, yaxud da əlinizdəki işi daha yaxşı bir iş və daha faydalı bir iş kimi qəbul edib dəvətə getməyəcəksiniz. Bu hər kəsin öz seçimi olduğu üçün daha geniş yazmaq mənə çətindir. Mən sadəcə öz təcrübəmi yazacağam. Bəzən mənim istəmədiyim, sevmədyim bir dəvət gələndə tərəddüd edirəm, inanın ki, getməyəndə heç nə udmuram, əksinə uduzuram. Amma gedəndə uduram. Səbəbi bilirsinizmi nədir? Bəziləriniz bilə bilərsiniz, amma bəziləriniz bilmirsiniz. Allah tərəfindən bizə xəbər gətirən Allahın Rəsulu (ona və ailəsinə salam olsun) demişdir ki, “dəvətə cavab verin”. Yalnış anlaşılmasın. Ola bilər ki, siz daima bir insanla günah yerlərinə, içki içməyə, haram məclislərə gedəsiniz və həmin dostunuz sizi yenə də belə bir günaha dəvət edə. Onunla günaha və harama getməyin. Yaxud da ola bilər ki, siz elə insansınız ki, daima yeyib-içməyi, deyib-gülməyi sevirsiniz. Sizə zəng gəlir ki, gəl gedək məscidə. Onda getmək istəmirsiniz. Yaxud sizə zəng gəlir ki, filankəs xəstələnib gedək onun yanına, yenə getmək istəmirsiniz, cənazə var, dəfn olunmalıdır, yenə getmək istəmirsiniz. Belə şeylərlə aranız yoxdur. Əgər doğrudan da belə şeylərlə aranız yoxdursa sizdə Allaha və axirət gününə iman ya yoxdur, yaxud da çox azdır. Bunu bilin ki, əsl Allah bəndəsi belə yerlər axtarır ki, böyük savablar qazansın. Bu cür yerlərə getmək istər itaətkar qul olun, istərsə də asilik edən qul olun, sizin üçün böyük xeyirlər və faydalar var. Amma siz bunu bilmirsiniz. Dərk etmirsiniz. İnanın ki, cəhd edib dəvətə getsəniz görəcəksiniz ki, necə qəlbiniz rahatlaşacaq və sanki anadan yenicə doğulmusunuz. Bu ona görə belədir ki, heç kim sabahını, gələcəyini, ona yazılan qəza və qədəri bilmir. Allah təala buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır” (Loğman 31).


Tarix: 11.04.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 673 Bölmə: Maraqlı melumatlar
loading...