Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71) (1)
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - sallallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır (2)
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - sallallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir» (Əbu Davud.)
Doğru yol sahibləri axirət gününə etiqad edir və inanırlar. Bunun mənası da Qiyamət günü Allahın kitabında, Rəsulullah – sallallahu aleyhi və səlləm – in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə, Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün dirildəcəyi Qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər. «Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (Qiyamət) həqiqətdir. Haqq-hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6). «O, kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4).
İnsan oğlu gözlərini dünya malına dikib axirəti unutmasın deyə, Allah, Qiyamət qopmadan öncə bəzi əlamətlər göndərmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – doğru sözlü və doğru sözü təsdiq olunan bir Peyğəmbərdir. Şübhəsiz ki, Qiyamət əlamətlərindən bir çoxu artıq görsənmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – nə xəbər vermişdirsə həqiqət olmuşdur. Hər əlamətin görsənməsiylə müsəlmanların təsdiqi və imanı daha da artmaqdadır. Həqiqət olan bu əlamətlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in möcüzəsidir.
İmanın altı şərtindən biri də Axirət gününə imandır və bu İslamın təməllərindən biridir. Çünki Allahın birliyinə iman, Axirətdə təkrar dirilməyə imanı vacib edir. Axirət gününə və onun başlanğıcı olan əlamətlərə inanmaq insan ağlının düşünməyəcəyi şeylərdir. Bunlar yalnız vəhy yolu ilə gələn dəlillərlə bilinir. Buna görə də biz dəhşət dolu bu günə imanı Quranda çoxluqla Allaha imanla birlikdə zikr edilmiş olaraq görürük. “...Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər”. (ət-Taləq 2). «Yaxşı əməl sahibi heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, qiyamət gününə…inanandır». (əl-Bəqərə 177).
Yenə Quranın hər bir səhifəsinə baxdıqda ya Axirət günündən bəhs edən ya da o, gündə baş verəcək yaxşılıq və əzabı xatırladan bir ayəyə rast gəlirik.
İslam düşüncəsindəki həyat sadəcə bu qısa dünyadakı həyat və ya insanın oradakı qısa ömrü deyildir. Əksinə İslam düşüncəsindəki həyat zaman olaraq əbədiyyata qədər uzanan bir həyatdır. Məkan olaraq da genişliyi göylər və yer qədər olan bir Cənnət, ya da yer üzündə min illərdən bəri yaşayan nəsilləri qucağına alan bir atəşdir. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın...». (əl-Hədid 21). “O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir”. (Qaf 30).
Buna görə də insanın Allaha və Axirət gününə və o, gündə olacaq olan yaxşılıq və əzaba iman etməsi vacibdir. Yoxsa heç bir bəşər qanunu Allaha və Axirət gününə olan iman kimi insanı doğru yola yönəltməz. Allaha və Axirət gününə inanan insanın yaşayışı ilə bunlara inanmayan insanın yaşayışı arasında böyük fərq vardır. Bu üzdən Allaha və Axirət gününə inanan, bu dünyanın axirətin tarlası olduğunu bilir. Yenə də saleh əməllərin və azuqənin olduğunu bilir. Axirətə inanan göydəki tərəziyə görə əməl edər, yerdəki tərəziyə görə deyil. “(Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!”. (əl-Bəqərə 197).
Bu şüur Allaha və Axirət gününə imanın əsəridir, işin sonunu düşünmək, göylərin, yerin və dağların yüklənməkdən çəkindiyi, lakin insanın üzərinə aldığı o, böyük əmanətdir. Əmanət isə istər kiçik, istər böyük olsun hesabı sorulacaqdır. Əgər xeyirsə xeyir, pisdirsə pis olur. “O gün (Qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”. (Ali İmran 30). “(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)”. (əl-Kəhf 49).
İnsanın xeyiri sadəcə özünə qarşı deyildir. Əksinə etdiyi yaxşılıq heyvanlara qədər uzanır. Ömər - radıyallahu anhu – dan rəvayət edilən məşhur sözündə o, deyir: “Əgər İraqda bir qatırın ayağı axsayaraq qırılarsa düşünürəm ki, Allah: “Ey Ömər! Nə üçün onun yolunu düzəltmədin ki? (Bu hadisə də baş verməzdi)” deyə onun hesabını məndən soruşar.(Hilyətul-Əvliya və Tabakatul-Asfiyə” 1/53. )
Allaha və Axirət gününə inanmayan bir kişi isə bu dünyadakı məqsədinə çatmaq üçün bütün gücüylə çalışır, işinin ardıyca o, qədər düşür ki, yorğunluqdan dili çölə çıxır. Mal toplamağa qarşı hədsiz hərisdir. Özü kimi qazanmaq istəyən insanlara mane olur. Onun məqsədi dünyadır, dünyanı ən böyük qayə və məşğuliyyət etmişdir. Hər şeyi öz şəxsi mənfəətinə görü ölçər, başqaları onu heç maraqlandırmaz, dönüb baxmaz da belə. Əgər ona bir faydası olarsa yalnız o, zaman onunla maraqlanar. Elə bir dünya ki, bir az güldürsə çox zaman ağladır. Bir gün sevindirsə aylarla üzər. Ağrıları sevincdən çoxdur. Qorxularla başlayar, sonda tələf olmaqla bitər. Bu həyatda yaşayar və ömrünü sona sürdürər. Çünki o, öldükdən sonra dirilmənin imkansız olduğunu düşünürdü. “Lakin insan (bundan sonra da) önündəkini (Qiyaməti) danmaq (pis işlər görmək) istəyər. Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar”. (əl-Qiyamət 5-6). “(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”. (əl-Ənam 29). Belə bir kimsə bu dünyada çox uzun yaşamağı sevdiyindən öldükdən sonra dirilməyi istəməz. Yenə də onlar Axirətdəki əzaba dözəbilməyəcəklərini bildikləri üçün bu dünyadan ayrılmağa cəsarət etməzlər. “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”. (ət-Təğabun 7).
Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə inanmaq və buna uyğun olaraq gərəyincə əməl etmək deməkdir. Qiyamətin qopmasından əvvəl ortaya çıxacaq Qiyamətin böyük və kiçik əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna, əzab və nemətinə, Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaqlarına, qiyamətin hesab yerindəki dəhşətli və qorxulu hallarına, məhşərə, səhifələrin (əməl dəftərlərinin) açılacağına, tərəzinin və sırat körpüsünün ortaya qoyulmasına, hovuza, şəfaətə və digər xüsuslara, Cənnətə və ən yüksək mərtəbəsi Allahın üzünə baxmaq olan nemətinə, Cəhənnəmə və orada olan dəhşətli əzablara iman etmək axirətə iman etməyin içərsinə daxildir. Elm adamları Qiyamətin əlamətlərini kiçik və böyük əlamətlər olmaqla iki qismə ayırmışlar. «(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamətin əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz». De ki: «Gözləyin, doğrusu biz də gözləyirik». (əl-Ənam 158). «Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün zəlzələsi dəhşətli şeydir». (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Muhəmməd 18). «….Nə bilirsən, bəlkə də qiyamət saatı yaxındır! Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, qiyamət saatı haqqında mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).
Qiyamət əlamətlərinin çoxu Əhəd hədislərlə bizə çatmışdır. Buna görə də Əhəd hədislərin etiqadi məsələlərdə dəlil olduğunu qəbul etməyənlərə bir cavab olaraq, əhəd hədislərin hüccət olduğunu bəyan edən bir bölüm də açdıq. Hədislərn səhih, həsən və ya zəif olmasına diqqət etdim. Bacardığım qədər hədislərin əksəriyyətini alimlərin təhqiqinə əsaslandır-dım. Bu kitab ölümdən əvvəl və sonra olanlara (baş verənlərə) hazırlıq görməyə bir dəvətdir. Bu araşdırmanın hər tərəfdən kamil olduğunu iddia edə bilmərəm. Çünki kamil olan Allahdır. Əskiklik isə insanın özündəndir. Əgər müvəffəqiyyət qazansam bu Allahdandır, xəta etsəm Allah məni əff etsin. O. Mənim hamim və yardımçımdır. Yeddi qat göy və Yeddi qat yerin Rəbbi olan Allahdan bizləri o, günün dəhşətində qorumasını və Onun kölgəsindən başqa heç bir kölgənin olmadığı o, gündə bizləri kölgələndirməyi diləyirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
(1)Xutbətul-Hacə adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyətmişdir. Hədisin ilk hissəini bizə: – Əhməd 1/392-393,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104-105, 6/69 və «Əməlul Yəum vəl Leyl» 488, İbn Məcə 1892, Darimi 2202, Tayalisi «Musnəd» 1557, AbdurRazzaq «Musənnəf» 10449, Bəzzar «Musnəd» - Kəşful Əstar 1/314, Əbu Yəla «Musnəd» 5233-5234,5257, Tahavi «Şərhul Müşkilil Asar» 1-3, Təbərani «Məcmuul Kəbir» 10/10079-10080, Həkim «Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra» 3/214-215, Bəğavi «Şərhus Sunnə» 2268 İbn Məsud - radıyallahu anhu – yolu ilə, Müslim «Şərhu Nəvəvi» 6/156-158, Əhməd 1/302,350, Nəsəi 6/89-90, İbn Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4 İbn Abbas - radıyallahu anhu – yolu ilə, Tahavi «Şərhul Müşkilil Asar» 5, Beyhəqi «Sünnənul Kubra» 3/215 Nubeyt b. Şərit - radıyallahu anhu – yolu ilə, Əbu Yəla «Musnəd» 7221, Nəsəi «Sünnənul Kubra» bax: «Tuhfetul Əşraf» 6/472 ? 9148 Əbu Musa əl-Əşari - radıyallahu anhu – yolu ilə.
(2)Hədisin Ikinci Hissəsini – Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, Beyhəqi «Sünnənul Kubra» 3/214 Cabir b. Abdullah - radıyallahu anhu – yolu ilə. Bu ləfz Nəsainin ləfzidir. Hədisi Əhməd 3/371 və Müslim: «Sözlərin ən doğrusu» ləfzi yerinə: «Sözlərin ən xeyirlisi» ləfziylə rəvayət edilmişdir. İmam Əhmədin digər rəvayətlərində isə 3/319: «Sözlərin ən gözəli» şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər bir bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin sonunda olan: «Hər bir zəlalət isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə –, Səhl b. Sad - radıyallahu anhu – mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani – rahmətullahi aleyhi – hədisin bütün rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409, «Mişkətul Məsabih» 3149,5860.
Tarix: 11.04.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 656 Bölmə: Maraqlı melumatlar