İnsan həyatının ümumi silsiləsini göz önünə alsaq, ölümün də, sanki bir doğuş mərhələsi kimi görə biləcəyik. Digər tərəfdən də, ölüm nöqteyi-nəzərindən insanın doğumu da, öz növbəsində ana bətninə nisbətən sanki ölüb getməyə bənzəyir, yəni ana bətnində bir müddət yaşayıb qidalanaraq, artıq, vaxtı çatdıqda da oranı tərk edib özü üçün naməlum bir aləmə köçməsidir.
Digər tərəfdən də, bir ana bətnində iki uşaq (əkiz) olduğu halda və onlar aylarla (ruhları verildikdən sonra 4-5 ay) bir yerdə yaşadıqları bir halda, aylarla bir-birinə öyrəşdikləri bir halda, biri-digərindən əvvəl doğulduğu təqdirdə, ikincisi üçün (yəni, hələ orada qalan üçün) sanki «ölüb» bunu tərk etmiş kimi, sonra isə, özünün də «ölərək» ardınca onun yeni aləminə köçməsi kimi qiymətləndirilir. Beləcə də, bütün insanlar ayrılıb-görüşərək mərhələdən mərhələyə keçərək, nəhayət Qiyamət Günü yenidən görüşəcək və axirətin mərhələləri çərçivəsində ya əbədiyyən bir-birlərinə qovuşacaq, ya da əbədiyyən bir-birindən uzaqlaşacaqlar.
Beləliklə də, istər doğum, istərsə də ölüm - sadəcə bir mərhələdən digər bir mərhələyə keçməkdir, sadəcə təzə həyata başlanğıcdır, sadəcə ümumi həyatın dalğalarında üzərək əbədi olan sonuncu mərhələyə doğru irəliləməkdir.
Ölən kəs, yalnız diri qalanların nəzərində ölərək bizim aramızdan, həyatımızdan fiziki olaraq çıxır və ondan yalnız yaddaşımızda xatirələr qalır. Lakin, onun ümumi həyatı davam edir. Bizim də borcumuz onun üçün Allahdan rəhmət (əvf olunma və günahlarının bağışlanmasını) diləmək olur.
Tarix: 12.04.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 69 Bölmə: Maraqlı melumatlar