Sual: Hörmətli şeyx, sizə bir sual ilə müraciət etmək istəyirəm və ümidvaram ki, könlünüzü mənə açacaqsınız. Mən sıravi bir müsəlmanam. İmanım nə o qədər güclü, nə də zəifdir. Bəzi nöqsanlarla da olsa vacibatları yerinə yetirirəm və ümid edirəm ki, Allah Təala buna görə məni əfv edəcək və sünnətlərdən gücüm çatan qədər edirəm. Allahın qədərinə, qədərin xeyrinə və şərrinə inanıram. Təxminən yeddi il bundan öncə baş verən müsibət üzündən böyük bir sıxıntıdan əziyyət çəkdim. Bu barədə yazıb sizin vaxtınızı almaq istəmirəm. Lakin sözün doğrusunu söyləyəcəm, müsibət baş verdikdə öncə özümdən çıxdım, özümə nəzarət edə bilmədim və ümidsizliyə qapandım, lakin təxminən bir il sonra Allah məni doğru yola hidayət etdi və xeyirxah insanlar, xeyir əhli mənə başa saldılar ki, bunda Allahın izni ilə bir xeyir vardır.
Onlar mənə bildirdilər ki, bəla ya işlədiyim bir günah ucbatından baş vermiş, ya da bu Allah tərəfindən sənə gələn bir sınaqdır. Mənə nəsihət etdilər ki, Allaha dua edim və Ondan bağışlanma diləyim və Allahın nemətindən, fəzlindən, səxavətindən istəyim, Allahın gözəl adları və uca sifətləri ilə Ona yaxınlaşmaq üçün Ondan istəyim, çoxlu xeyir işlər görüm və Allahın izni ilə mənim istəyim heç vaxt geri qaytarılmaz və Allah mənim dualarıma cavab verəcək.
Budur, mən bütün bu söylənilənləri etdim, düzdür demirəm ki, hamısını mükəmməl yerinə yetirdim, lakin bacardığım qədər etdim. Çoxlu dualar etdim və əməlisaleh işlər gördüm və bütün günahlarımdan Allaha səmimi qəlbdən tövbə etdim və Allaha dua etdim ki, məni bu sıxıntıdan xilas etsin və sıxıntılarımı götürsün. İşlərimin qaydasında getməsi üçün həyatımda hər hansı bir iş görməyə təşəbbüs edərkən bundan öncə Allaha dua edərək istixarə (Allahdan mənə yol göstərməsini diləyirdim) edirdim. Lakin bütün bunları etdikdən sonra mənim sıxıntım və hüznüm daha da artdı və müsibətlər, qəm-qüssə daha da ağırlaşdı. Barəsində istixarə etdiyim bütün işlər alınmadı və mənə sıxıntı qaldı. Bütün qapılar üzümə bağlandı. Əstəğfirullah, Allah barədə sizə gileylənmək niyyətim yoxdur, əksinə öz sıxıntım və hüznümü Allaha bildirirəm. Lakin bilmək istəyirəm ki, Allah nə üçün mənim dualarımı qəbul etmir? Və nə üçün dünyəvi işlərimin heç birində müvəffəq olmadım, halbuki lazımi səbələrdən tutdum və Allaha bel bağladım və istixarəsiz heç bir addım atmadım. Əgər kafir bir kəs lazımi səbəblərdən tutursa Allah ona kömək edir. Mən haram ilə bəslənmirəm və kiminsə toyuğuna daş atmaq niyyətim yoxdur və hər kəsin doğru yola hidayət olunması üçün dua edirəm.
Şeyxlərdən birinin Fironun hekayətini danışdığını duydum və o deyir ki, Allah Musaya deyir: “İzzətimə və Cəlalıma and olsun ki, əgər o Məndən onu xilas etməyimi istəsəydi, onu xilas edərdim.” Beynimdə bəzi suallar yaranmağa başladı: Məgər mən Allahın dərgahında Firondan da əhəmiyyətsizəm? Halbuki, mən onun etdiyi günahları etməmişəm. Əgər bu belədirsə, elə isə nə üçün Allah məni bu cür sınağa çəkir, hərçənd mənim imanım güclü deyil? Əgər buna səbəb günahlarım isə mən bütün günahlarımdan tövbə etmişəm və çoxlu dualar etmişəm. Əgər Allah cənnətdə mənim dərəcəmi yüksəltmək istəyirsə, bu necə ola bilər ki, axı Allah bilir ki, mən bu sınağa tab gətirə bilmirəm? Ağlımda bir çox suallar dolaşır və onlar mənə əziyyət verir və bunlara cavab tapa bilmirəm. Əslində, mənim qətiyyətim çökməyə doğru gedir və imanım zəifləməyə başlayıb və bu dünyada hər şeydən sıxılıram. Bu yükə artıq dözə bilmirəm. Uzun müddətdir ki, bu cür davam edir və mən dərin ümidsizlik ilə dolmuşam və qəlbimə şübhələr daxil olur. Əgər Allah intiharı qadağan etməsəydi, mən buna cürət edərdim və rahat olardım. Bu qədər uzun-uzadı yazdığıma görə üzr istəyirəm.
Cavab: Həmd Allaha məxsusdur.
Əvvəla:
Allah Təaladan diləyimiz budur ki, sizin tövbənizi qəbul etsin və günahlarınızı bağışlasın, sevdiyi və razı qaldığı işləri görməkdə sizə yardımçı olsun, sizi müvəffəq etsin.
İkinci: Sözsüz ki, ey əziz qardaşım, dua etmək və duaya cavab verilməsi, qəbul olunması və müsibət arasında əlaqələri başa düşmənizdə bəzi xətalarınız var. Bu və buna bənzər məsələləri başa düşməkdə lazımi anlayışa, bəsirətə sahib deyilsinizsə sizin çəkdiyiniz bu sıxıntılar təbiidir. Biz sizin hisslərinizi bölüşürük və sizin çəkdiyiniz çətinlikləri hiss edirik və ümid edirik ki, sizə bildirdiyimiz məsələlərə diqqət yetirib bunlara əməl edəcəksiniz. Sizin məktubunuzdan görürük ki, bizim sizə söyləyəcəyimiz məsələləri qəbul etməyə hazırsınız və bu da bizdə ruh yüksəkliyi yaratdı ki, təkrar sizə cavab yazaq, bu dünya və axirətdə sizin üçün xeyirli olanı sizə bildirək.
Üçüncüsü:
İnsanların bir çoxü təsəvvür edir ki, sadəcə mücərrəd olaraq Allaha tövbə etdiklərini bildirməklə və Ona tərəf dönməklə bundan sonra dərhal işləri asanlaşacaq, nemətlər axacaq və sıxıntılar aradan qalxacaq və var-dövlət gələcək və lüks həyat yaşayacaqlar! Lakin bunlardan heç biri heç də olduğu kimi başa düşülməli deyil! Əksinə həmin insanın tövbəsi onun üçün sınaq, imtahandır: yəni, həqiqətənmi bu insanın tövbəsi səmimi qəlbdən gəlmişdir? Bu tövbə Allaha ixlasla edilmişdir, yoxsa əksinə? Bütün bunlar o deməkdir ki, o yeni bir imtahan və sınaq ilə üzləşəcək.
Allah təala buyurur:
“Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.” [əl-İnsan, 76:2]
Əgər insan bu həqiqəti dərk edib başa düşərsə elə isə qəlbində Rəbbinə təslim olub bunu qəbul edəcəkdir, yox əgər bunu dərk etmirsə bu halda qəlbində Rəbbinə təslim ola bilməyəcəkdir, baxmayaraq ki, zahirən Rəbbinə təslim olmuş kimi görünə bilər. Elə buna görədir ki, sələfdən bəzilərinin belə söylədiyi rəvayət olunur: “Əgər sultanlar və sultanların övladları bizim ləzzət aldığımız sevinc hisslərini, nemətləri bilsəydilər, onlar qılıncları ilə bunu əldə etmək üçün bizimlə vuruşardılar.” Yaxşı, burada görəsən hansı nemətdən söhbət gedir? Dünyanın bu çətinliklərinə, sıxıntılarına məruz qalmalarına rəğmən Uca Rəbbinə möhkəm, sarsılmaz, yəqin bir iman ilə bağlanan qəlbin sevincidirmi və ya Ona itaət etmək sevinci və Ona daha da yaxın olmaq səadəti, neməti? Allah təala Müqəddəs Kitabında buyurduğu kimi bu xoş həyatın ölçüsüdür:
“Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” [ən-Nəhl, 16:97]
Şeyx Əbdürrəhman əs-Sadi, Allah ona rəhmət etsin, demişdir:
Kim iman ilə saleh əməli bir araya cəm edərsə “(dünyada və axirətdə) xoş həyat nəsib edərik”, yəni ona qəlbində sükunət və qəlb rahatlığı verərik, elə edərik ki, qəlbinə təsir edə biləcək, təşvişə salacaq şeylərə fikir verməz. Allah ona təsəvvürünə gətirə bilməyəcəyi yerlərdən halal, təmiz, gözəl ruzi bəxş edər və axirətdə isə “etdikləri yaxşı əməllərə görə” mükafatlarını verərik (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!), heç bir gözün görmədiyi, heç bir qulağın duymadığı və heç bir insanın ağlından belə keçirmədiyi bütün sevinc, ləzzət növlərini verərik. Allah təala ona bu dünya və axirətdə həsənət bəxş edər. Sadinin Təfsiri, səh.448
Lakin, kafirlər, fasiqlərə gəldikdə isə, Allah təalanın onlar barəsində söylədiyi həqiqətə qulaq verin:
“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” [Ta-Ha 20:124]
İbn Kəsir, Allah ona rəhmət etsin, demişdir:
“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə”yəni, Mənim əmrimə və Rəsuluma nazil etdiklərimə qarşı çıxarsa və bundan üz döndərib əhəmiyyət verməzsə və bu yoldan başqa bir yola tabe olarsa “güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar)”, yəni bu dünyada. Artıq rahatlıq tapmaz, köksü açılmaz, genişlənməz, əksinə köksü sıxılar, buna səbəb isə zəlaləti, azmasıdır. Hətta, zahirən lüks həyat tərzi keçirdiyi görünsə, istədiyini geysə, istədiyini yesə, istədiyi yerdə yaşasa belə nə qədər ki, onun qəlbində yəqin bir iman yoxdur və hidayət yolunda deyil, elə isə o sıxıntı, çaşqınlıq, şəkk-şübhə içində olacaq və şübhə və çaşqınlıq, tərəddüd içində qalmağa davam edəcəkdir. Bu əzab-əziyyətli, sıxıntılı həyatın bir hissəsidir.
İbn Kəsirin Təfsiri, 5/322-323
Allah təala sizə müxtəlif ibadət növləri vermiş və buna iman gətirməklə sizi izzətləndirmişdir. Bu dünyada kafirlərin rahatlıq içində olduqları və bol-bol ruzidən əyləndiklərini görüb buna aldanmaqla məgər Allahın sizə verdiyi bu nemətlərdən əl çəkməkdə bir hikmət və məntiq varmı?
“Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarının üstünü alacağımızı düşünmürlər!)” [əl-Muminun, 23:55-56]
Bundan əlavə Allahın Kitabı və Rəsulunun Sünnəsində varid olan dua və duanın əhəmiyyəti, duanın qəbul olunma səbəbləri barədə açıq-aşkar dəlilləri gözardı edirsiniz və halınızı “İzzət və Cəlalıma and olsun ki, əgər o Məndən onu xilas etməyimi istəsəydi onu xilas edərdim” kimi bir xəbər ilə əlaqələndirirsiniz, hansı ki, bu isə daha çox hekayə danışanlar və İsrail övladlarının xəbərlərinə oxşayır.
Hətta bu rəvayətin səhih olduğunu güman etsək belə, bu dünyada istədiyi gözəl həyat, güzəran və bol-bol ruziyə nail olmaq məgər həmin insanın Rəbbi tərəfindən qəbul olunmasının əlamətidirmi?
Allah təala buyurur:
“15 İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.
16 Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.
17 Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).” [əl-Fəcr 89:15-17]
Hətta güman etsək ki, bol-bol dualardan sonra həmin insana ruzi gəldi, ey Allahın qulu! Məgər bu dəlalət edir ki, həmin insan Mövlası yanında məqbul və razı qalınan biridir!!
“22 Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”
23 Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.” [Yunus 10:22-23]
Şeyx Əbdürrəhman əs-Sadi, Allah ona rəhmət etsin, demişdir:
Onlar həlak olduqlarını başa düşdükdə, məxluqlara bel bağlamağa son qoydular və dərk etdilər ki, onları bu sıxıntıdan Allahdan başqası xilas edə bilməz, odur ki, Allaha sidqi-ürəkdən dua etdilər, imanlarını sırf Allah üçün etdilər və özlərinə söz verdilər ki, buna sadiq qalacaqlar və dedilər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” lakin “Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar”, yəni onlar həmin sıxıntını, çətinliyi və etdikləri duanı, etməyə söz verdiklərini unutdular və Allaha ibadətdə başqalarını ona şərik qoşdular, özləri də təsdiq edirlər ki, onların şərik qoşduqları onları bu sıxıntılardan xilas edə bilməz və ya onlar bu çətinlik, sıxıntını dəf edə bilməzlər. Çətinlik vaxtlarında olduğu kimi nə üçün yaxşı vaxtlarında da onlar Allaha qarşı ibadətdə səmimi, müxlis deyillər!!?
Lakin, onlar asiliklərinin nəticəsi ilə üzləşəcəklər, ona görə də Allah təala buyurur: “Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir” yəni, Allaha qarşı çıxıb Ondan üz döndərərkən, dünyəvi qazanc əldə etmək üçün əldə etməyi ümid etdiyiniz hər bir şeş tezliklə sona çatacaq, sonra siz onları arxada buraxacaqsınız: “Sonra hüzurumuza qayıdacaqsınız”, yəni Qiyamət Günü, “ Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. Bununla Allah təala etdikləri işlərində inad etdikləri üçün onlara son xəbərdarlıq edir. Təfsir əs-Sadi, 361
Allah təalanın bu ayələri üzərində düşünün:
“18 Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!
19 Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.
20 Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir.
21 (Ya Peyğəmbərim!) Bir gör (var-dövlət, cah-cəlal baxımından dünyada) onların birini digərindən necə üstün tutduq? Axirətdə isə (dünyadakından) daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır!” [əl-İsra 17:18-21]
Ey Allahın qulu, başa düşməlisiniz ki, məsələ sizin düşündüyünüz kimi deyil, yəni o kəs ki, istədiyinə nail olur və yaxud duası qəbul olunur, bu o demək deyildir ki, o daha yaxşı, əfzəl heç istədiyinə nail olmayan isə ondan məqamca aşağıdır. Xeyr, məsələ heç də bu cür deyil.
Dördüncü:
İnsanların bir çoxu dua məsələsində bir çox baxımdan xəta edirlər. Ey əziz qardaşım, sizin sualınız ilə bağlı iki xətanı diqqətinizə çatdırırıq:
Siz düşünürsünüz ki, sadəcə dua söyləməklə duanız qəbul olunacaq. Bu xətadır, çünki duanın qəbul olması üçün şərtlər var və rədd olunması üçün isə maneələr var. Dua barədə həmin müzakirədə özünüz də görəcəksiniz ki, duanın qəbul olmasına maneçilik törədən amillərdən biri sizin halınızda səbirsiz olmağınız, tələsməyiniz və ümidsizliyə düşmənizdir.
Əbu Hüreyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: “Qul (Allaha) duasında günaha, qohumluq əlaqələrinin kəsilməsnə çağırmadıqca və tələsmədikcə duasına cavab verilər.” Soruşdular: “Ey Allahın Rəsulu, tələsməyi necə başa düşək? O dedi: “Deyər ki, mən dua etdim, dua etdim, duama cavab verilmədi, bundan sonra o ümidsizliyə düşər və dua etməyi dayandırar.” Müslim, 2735
İkincisi, siz fikirləşirsiniz ki, duanın cavabı yalnız bir növdən ola bilər. Yəni, duada dilədiyiniz şeyin məsələn, var-dövlət, övlad, iş və s. gerçəkləşməsi kimi. Bu xətadır. Çünki duaya cavab üç şəkildə ola bilər: ola bilsin ki, duada istənilən şey əldə olunsun və yaxud ediləcək dua nisbətində sizə isabət edəcək şərr, pisliyin qarşısı alınsın və yaxud da Qiyamət Günü həmin insana veriləcək əcr və savab şəklində saxlansın.
Əbu Səid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Hər hansı bir müsəlman dua edərsə və onun duasında günaha, qohumluq əlaqələrini kəsməyə çağırış olmazsa, Allah mütləq ona bu üç şeydən birini verər: ya onun duasını tezliklə qəbul edər və yaxud bunu Axirətə saxlayar və yaxud etdiyi dua nisbətində şərri (pisliyi) ondan uzaqlaşdırar. Onlar dedilər: “Elə isə bol-bol dua edəcəyik.” O dedi: “Allah daha səxavətlidir.” Əhməd, 10749; Şeyx Əlbani “Səhih ət-Tərğib vəl Tərhib” (1633) əsərində hədisi səhih olaraq təsnif edib.
Beşinci: Əgər bir müsəlman ibadət və itaətində geri qalırsa, naqisliklər edirsə, o elə bir şüur, qənaət və düşüncə ilə yaşamalıdır ki, onun duaları qəbul olunmağa layiq deyil və bəlkə bu cür fikirləşmək onu təşviq edəcəkdir ki, daha çox ibadət və itaət etsin və bununla da Allah Azzə və Cəlləyə daha da yaxınlaşsın. Əgər dua edən insan Allahın sevdiyi və razı qaldığı işləri etdiyini və onun duasının qəbula layiq olduğuna inanarsa, bu cür düşünmək Uca Rəbbi barəsində sui zənn etməyə səbəb olacaq və o məyus olacaq və ümidsizliyə düşməyə başlayacaq, sonda isə arzulayacaq ki, özünü intihar etməklə kaş ki, bu dünyadan xilas olardı. Bütün bunlara, əziz qardaşım, təəssüfləlr olsun ki, sizin sözlərinizdə şahid oluruq.
Rəbbinin qarşısında naqislikləri olduğunu dərk edən kəsin halı isə fərqlidir. Bu cür düşüncə həmin insanın Uca Rəbbi haqqında deyil, məhz özü haqqında sui zənn etməsindən meydana gəlir və bu cür yanaşma həmin insanın qadağalardan uzaq durmasına və buyuruqları yerinə yetirməyə və təqva sahiblərinin yolunu tutmağa və Rəbbinə itaətdən çəkindirəcək mübah şeylərə çox dalmaqdan çəkinməyə təşviq edəcəkdir.
İbn Rəcəb əl-Hənbəli, Allah ona rəhmət etsin, demişdir: Rəvayət olunur ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir: Allahın qadağalarından çəkinməklə Allah duaları və təsbehləri qəbul edər. Həmçinin Əbu Zərin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur: “Duanın qəbul olunması üçün tələb olunacaq yaxşılıq, təqvanın nisbəti, xörək üçün duzun kifayət etməsi kimidir.” Muhəmməd ibn Vasi demişdir: “Təqva ilə azcana dua bəs edir.”
Sələfdən bəziləri demişdir: Günahların ilə yolunu bağladığın halda duana cavab gözləmə. Həmçinin şairlərdən biri bu sözü şərh edərkən demişdir:
Hər çətinlikdə, sıxıntıda Allaha üz tuturuq, sonra çətinlik aradan qalxdıqda Onu unuduruq.
Dualarımızın önünü günahlar ilə bağladığımız halda dualarımızın qəbul olunmasına necə ümid edə bilərik?
Cami əl-Ulum vəl-Hukam, 1/107-108
Əlqurtubi, Allah ona rəhmət etsin, demişdir:
İbrahim ibn Azama belə dedilər: Nə üçün dua edirik ama duamız qəbul olunmur?
O belə cavab verdi:
Çünki Allahı tanıyırsınız lakin Ona itatət etmirsiniz
Çünki Peyğəmbəri tanıyırsınız lakin Sünnəsinə tabe olmursunuz
Çünki Quranı tanıyırsınız lakin Qurana müvafiq əməl etmirsiniz
Çünki Allahın nemətlərindən yeyirsiniz, lakin buna görə şükrünü vermirsiniz
Çünki Cənnəti tanıyırsınız lakin buna can atmırsınız
Çünki Cəhənnəmi tanıyırsınız, lakin ondan qaçmırsınız
Çünki şeytanı tanıyırsınız, lakin onunla mübarizə aparmırsınız, əksinə onunla razılaşırsınız
Çünki ölümü tanıyırsınız lakin bunun üçün hazırlıq görmürsünüz
Ölüləri dəfn edirsiniz, lakin bundan ibrət götürmürsünüz
Öz nöqsanlarınıza göz yumur və insanların nöqsanları ilə başınızı qarışdırırsınız.
Təfsir Əlqurtubi (2/312)
Bu məsələ barədə bu gözəl beytləri İbn Əlcəuzinin əsərlərindən öyrənə bilərsiniz.
O, Allah ona rəhmət etsin demişdir: Sınaqlar gördüm ki, mömin dua edir lakin duasına cavab gəlmir, duanı təkrar edir və müddət uzanır və qəbul olunmasına dair heç bir əsər-əlamət görmür. Bu halda o dərk etməlidir ki, bu sınaqdır və səbr etməyə ehtiyac var.
Dua gecikdikdə insana gələn vəsvəsələr isə xəstəlikdir və dərmana (müalicəyə) ehtiyac var. Mən bunu özüm də hiss etmişəm. Başıma bəla gəldi və dua etdim, heç bir cavab görmədim və iblis öz tələlərini quraşdırmağa başladı. Bəzən belə dedi: Allahın səxavəti genişdir və O xəsis deyil, elə isə gecikməyin nə faydası var?
Mən ona dedim: Rədd ol, ey lənətə gəlmiş, çünki mənim halımı müzakirə etmək üçün heç kəsə ehtiyacım yoxdur və vəkil kimi səni istəmirəm!
Sonra öz-özümə dedim: Onun vəsvəsələrinin ardına düşməkdən ehtiyatlı ol, çünki əgər duanın qəbul olunmasının gecikməsində səbəb Allah təalanın səni düşmən ilə mübarizə aparmaq ilə bağlı imtahanı isə, elə bunun özü hikmət olaraq kifayət edir.
Nəfsim dedi: Yaxşı, müsibətdən, sıxıntıdan qurtulmaq üçün namazlarında etdiyin duaları Allah təalanın gecikdirməsini nə ilə izah edirsən?
Dedim: Sübut-dəlillərlə sübuta yetirilib ki, Allah Azzə və Cəllə Məlikdir (Mülk Sahibidir) və Məlik isə odur ki, kimə istəyir mal-mülk verir, kimə istəyir vermir, Ona etiraz etməyin isə yeri yoxdur.
- Bunun arxasında duran hikmət əsaslı, qəti dəlillər ilə sübuta yetirilib. Ola bilsin ki, mən düşünə bilərəm ki,bir şeydə xeyir, məsləhət var, lakin hikmət bunu vacib etmir, lakin bunun hikməti gizli qala bilər, necə ki, həkim elə şeylər edir ki, zahirən zərərli, əziyyətli olduğu görünə bilər, əslində bununla yaxşı məqsəd güdür. Bəlkə, bu o qəbildən olan bir şeydir.
- Duanın gecikməsində məsləhət ola bilər və tələsmək isə onun üçün zərərli ola bilər. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Mən dua etdim ama duam qəbul olmadı” deməyən və (duanın qəbul olunmasına) tələsməyən kimsənin duası qəbul olar.” Buxari, 6340
- Sizdə mövcud olan bəzi nöqsanlar üzündən duanızın cavabı rədd oluna bilər. Bəlkə, yediyinizdə bəzi şübhəli şeylər olsun və yaxud qəlbiniz dua etdiyiniz zaman duadan qafil olsun və yaxud sizin ehtiyacınız olduğu şey rədd olunmaqla səmimi qəlbdən tövbə etmədiyiniz günahlar üzündən cəzanız artırılır. Odur ki, bu səbəblərdən bəzilərini özünüzdə axtarıb araşdırın ki, hədəfinizə nail olasınız.
- İstədiyiniz şeyin arxasında duran niyyətinizi yoxlayın. Çünki buna nail olmaq daha çox günah işləməyinizə gətirib çıxara və yaxud bəzi xeyir işlər görməklə nail olacağınız mərtəbəyə çatmanıza mane ola bilər, deməli duanın qəbul olunmaması daha yaxşıdır.
Rəvayət olunur ki, sələfdən biri Allaha dua edirdi ki, ona kömək etsin və o döyüşə çıxsın, lakin ona bir səs gəldi: Sən döyüşə getsən əsir düşəcəksən və əsir düşsən xaçpərəst olacaqsan!
Bəlkə də , əldən buraxdığınızı itirməyiniz səbəb olacaq ki, Allaha tərəf dönəsiniz və bunu əldə etmək isə sizi Allahdan uzaqlaşdıra bilər.
Bu aydındır, ona əsaslanırıq ki, bu müsibət olmasaydı Allaha tərəf dönməzdiniz, çünki həqiqi müsibət odur ki, siz Allahdan uzaqlaşasınız. Lakin Allahın qarşısında durmağınıza səbəb olan sizin üçün xeyirli və sizin məsləhətinizə xidmət edir.
Bu məsələlər üzərində təfəkkür etdikdə səhvlərinizi düzəltmək və yaxud Allahdan bağışlanma diləmək və ya Allahın qarşısında duraraq Ona yalvarmaq və əldən buraxdıqlarınızı isə unutmaq kimi sizin üçün ən məsləhətli məsələlər üzərində fikrinizi cəm edəcəksiniz.
Sayd əl-Xatir, 59-60
Müvəffəq edən Allahdır.
Tarix: 12.04.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 816 Bölmə: Maraqlı melumatlar