Dünya əhalisinin təqribən 25% -nin (təxminən 1.350.000.000 nəfər) dini olan İslam V?? əsrin əvvəllərində Ərəbistanda yarandı. Bu dinin intişarı zamanı Yer üzərində çoxsaylı dinlər var idi. “İslama ehtiyac var idimi?” sualı Qərb tarixçisi P. K. Hittinin aşağıdakı cümləsində cavab tapmışdır: “Öz əsli ilə islam dini Sami qövmlərə aid dinlərin məntiqi cəhətdən mükəmməl formasıdır”.
O dövrlərdə dünyada böyük bir narahatlıq və həyəcan var idi. Müharibələr, haqsızlıqlar, haqsız hökmlər, maddəyə bağlılıq baş alıb getmişdir. Mənəvi həyatdan zövq alanlar, bu axına qarşı dünyadan əl-ətək çəkərək öz xilas yollarını düşünürdülər. Mövcud dinlər insana istiqamət verməkdə kifayət etmirdi. Çünki zaman, tarixi hadisələrin gedişi bu dinlərin ilkin əsl xüsusiyyətlərini yoxa çıxarmış, geridə dinlər arası mübahisələr, qanesizliklər, fikir ayrılıqları qalmışdır. Bir xəbərdar ediciyə, xatırlayıcıya, insanları səadətə çatdıracaq yeni bir yola, metoda ehtiyac var idi. Bu ehtiyaca qarşı xəbərdarlıq səsi Ərəbistandan gəldi.
O dövrdə Ərəbistan, qitələr arası ticarət yollarının keçdiyi, əhəmiyyətli limanları olan bir ölkə idi. Həzrəti İbrahimin qurduğu Kəbə (təxminən e.ə 2000-ci il) bir dini mərkəz olaraq Qüdsdə yerləşən Sitayişgahdan daha qədim idi. Buna görə də Kəbəni içərisində saxlayan Məkkə, əsrlər boyu həm dini, həm də ticari baxımdan Ərəb yarımadasında əhəmiyyətli bir rol oynayırdı. Ərəblər ölkələrinin iqlimi səbəbi ilə köçəri həyat yaşayırdılar. Buna baxmayaraq şəhər həyatı yaşayan yerlər və bölgələr də var idi (Məkkə, Mədinə, Yəmən kimi şəhərlər). Ərəblər qəbilələr halında yaşayırıdlar. Bu qəbilələr arasında isə daimi narazılıqlar, döyüşlər olurdu. Ancaq ildə 4 ay (haram aylar) döyüş aparmamaq adət olmuşdur. Məkkə yaxınlığındakı yarmarkalar, bu müddətlərdə qurulurdu. Bu yarmarkalarda şerlər oxunur, söhbətlər aparılırdı. Ərəblərdə yazı yazmaq adəti güclü deyildi. Oxuyub yaza bilənlər azlıq təşkil edirdi. Onları barmaqla göstərirdilər. Amma şerə və şairliyə qarşı güclü maraq var idi. Ukaz yarmarkasında yarışlar keçirilir, qazanan şerlər qızılla yazılıb Kəbə divarına asılırdı. Beləliklə yeddi qəsidə məşhur olmuşdu.
Elə Məhəmməd peyğəmbər (s.ə.s) belə bir cəmiyyətdən çıxdı. Məkkənin ən nüfuzlu hesab olunan on ailəsindən Haşim oğulları qəbiləsinə mənsub idi. Atası Abdullah, anası Əminə idi.
Həzrəti Məhəmməd peyğəmbərin (s.ə.s) həyatı ilə bağlı kifayət qədər məlumatlar vardır. Peyğəmbərlər arasında həyatı haqqında ən çox məlumat olan yeganə Allah elçisi Məhəmmədir (s.ə.s). Uşaqlıq çağındakı ağırlığı, gənclik çağındakı əminliyi, yetişkin çağındakı fərasəti də hamıya məlumdur. Bu olğun yaş qırxa çatdıqda Nur dağının Hira mağarasında, 610-cu il Ramazan ayının 27-ci günü, uca Allahın mələyi Cəbrayıl, ona səsləndi. Özünün Cəbrayıl olduğunu, uca Allahın özünü Məhəmmədi peyğəmbər seçdiyini xəbər vermək üçün vəzifələndirildiyini bildirdi. Ona dəstəmazı, təmizlənməyi öyrətdi. Məhəmmədə (s.ə.s) üç dəfə “Oxu!” dedi. O, hər dəfə oxuya bilmədiyini etiraf edib bildirdi. Mələk, onu qolları arasına alıb daha qüvvə ilə sıxaraq buraxdı və belə dedi:
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi” (əl-Ələq (Laxtalanmış qan) surəsi, 1-5).
İslam dini belə başlandı. Bu dövrdə Ərəb cəmiyyəti əxlaqa görə çöküntü içərisində idi. Camaat bütlərə ibadət edir, müxtəlif xürafələr, batil, boş inanclar üstündə ömrlərini hədər edirdilər. Həzrəti İsmayıl peyğəmbərdən (ə.s) sonra bu cəmiyyətə bir xəbərdar edici gəlməmişdi. Bununla yanaşı Həzrəti İbrahimdən (ə.s) qalma uca, tək, hər şeyə qadir bir tanrı fikri qalmışdı. Sayları az olsa da “Hənif” deyilən kimsələr var idi. Bunlar bütlərə ibadət etməkdən tamamilə özlərini uzaq tuturdular.
Ərəblərdə bütə sitayiş geniş yayılmışdı. Bütlər daşdan, taxtadan və mədəndən düzəldilirdi. Mədəndən insan şəklində düzəldilən bütə “sənəm” (cəm formada “əsnam”), insan şəklində olub, amma daşdan və ağacdan düzəldilən bütə “vəsən” (cəmi “əvsən”), digər bir büt növü isə müəyyən bir şəkili olmayıb sitayiş üçün istifadə olunan daşlara da “nüsub” (cəm formada “ənsab”) deyilirdi. Kəbədə ərəb qəbilələrinin sayı qədər, 360 büt var idi. Bu bütlərin içərisində ən böyüyü “Hubel” idi. Bunlardan başqa ərəblərin “tağut” adlanan sitayişgahları var idi. Onların sayı yüzə çatırdı. Kəbə kimi bu sitayişgahlara da hörmət göstərən ərəblər, onların qarşısında qurban kəsir, fal oxları çəkər, təvaf edərdilər. Onların ən böyükləri və məşhurları; Uzza, Lat, Mənatdır.
Ərəblər Allahı tanıyırdılar, ancaq bütləri Allahla öz aralarında vasitəçi götürürdülər. Bütləri Allahla öz aralarında şərik tutan ərəblərin bu vəziyyətinə “müşriklik” adı verilirdi. Bir nəfər öz qəbiləsindən çıxmadığı müddətcə bütünü dəyişdirə bilməzdi. Əgər dəyişdirsə ona çox pis baxardılar. Evlərində büt saxlayar və ona təzim edərdilər. İnsan qəbiləsindən çıxmadıqca bütünü dəyişdirə bilməzdi. Əgər dəyişdirərdisə çox pis qarşılanardı.
Ərəblərin arasında öz qızlarını diri-diri basdırıb mərhəmət etməyən, əlləri ilə düzəltdikləri bütlərə təzim edən, hərdən unla, xəmirlə və bunlara bənzər yeyiləcək maddələrdən büt düzəldən, ona ibadət edən, nəhayət qıtlıq gələndə onu yeyən, maddiyyata, sərvətə, dünya malına, əyləncəyə yönəlmiş insanların olduğu Ərəb cəmiyyətindən bir peyğəmbər çıxmışdır. Həzrəti Məhəmməd (s.ə.s) şəxsiyyəti, gözəl əxlaqı, doğruluğu, zəkası, qısa olaraq bütün xüsusiyyətləri ilə uşaqlığından, gəncliyindən etibarən diqqətləri öz üzərinə çəkmişdir. Ona “Mühəmməd əl-Əmin” demişdilər.
Hz. Məhəmməd, Ərəbistan Yarımadasının Məkkə şəhərində Qüreyş Qəbiləsinə mənsub olduqca kasıb bir ailənin uşağı olaraq, təxminən 571-ci ildə dünyaya gəldi. Hələ, doğumundan az əvvəl atası Abdullahı, altı yaşlarında da anası Əminəni itirdi. Yetim və öksüz qalan Məhəmmədin baxımını əmisi Əbu Talib öz üzərinə götürdü. Peyğəmbər olduqdan sonra da Onu Məkkəli müxaliflərinə qarşı fədakarcasına və qorxusuzca müdafiə etməyə davam etdi.
Hz. Məhəmmədin peyğəmbərlik vəzifəsinə başladığı 40 yaşından əvvəlki həyatı haqqında kifayət qədər məlumatların az olması ilə yanaşı, onun "Məhəmməd ul-Emin" ləqəbini götürəcək qədər dürüst və üstün əxlaqlı olduğu, 25 yaşında özündən daha yaşlı və zəngin, dul bir xanım olan Hz. Xədicə ilə evləndiyi bilinməkdədir. Hz. Xədicə ölənə qədər peyğəmbərimiz (s.ə.s) başqa heç bir qadınla evlənməmişdir. Hz. Xədicə öldüyü zaman onun təqribən 50 yaşı olması bildirilir.
Hz. Məhəmməd (s.ə.s), özünə peyğəmbərlik vəzifəsi gəlməzdən əvvəl, Məkkə cəmiyyətinin içində olduğu ictimai çöküntüdən sıxılaraq, tez-tez Məkkə yaxınlığındakı Hira Mağarasına çəkilər, burada dərin düşüncələrə dalaraq günlərini keçirərdi. Bu təfəkkür və əxlaqi təcrübələr, özünə peyğəmbərlik vəzifəsi verilməsiylə zirvəyə çatdı. Yeni dini təbliğə əvvəl öz ailəsi və yaxın ətrafından başladı. Xüsusilə şəhərin həyatını idarə edən bir qrupun şiddətli müxalifətiylə qarşılaşdı. Müxalifət böyüdü, ittihamlar ağırlaşdı. Peyğəmbərin təbliğinə hər keçən gün bir az daha çox maneə törədilməyə başlandı.
Vəhy, yalnız peyğəmbərlərin çata biləcəkləri fövqalədə bir bilik və ya məlumat əldə etmək yoludur. Ancaq bu bir təcrübə və müşahidə ilə əldə edilmir. Peyğəmbərlərə xas xüsusiyyətdir. Yalnız peyğəmbərin ətrafında olanların bu məsələ barədə müşahidə şansları vardır. Beləliklə peyğəmbərlər, ancaq insanlardır, vəhyi verən isə uca Allahdır. Bir ayədə bu həqiqət belə ifadə edilmişdir: - De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (əl-Kəhf (Mağara) surəsi, 110). Məhəmməd peyğəmbərə ilk gələn vəhyin şahidi olmasa da, sonra gələn vəhyə şahid olanlar olmuşdur. Onların verdiyi məlumatlara görə Həzrəti Məhəmməd (s.ə.s), belə vəziyyətdə əvvəlcə heybətli bir səslə vəhyə hazır hala gətirilirdi. Sonra özündən getmə halı onu əhatə edib elə həyəcanlandırırdı ki, o sakit və ağır şəxsiyyət, soyuq havada tər içərisində olurdu. Bu vaxt ona böyük və əzəmətli bir ağırlıq gəlirdi, əgər bir dəvə üzərində olsaydı vəhy vaxtı dəvə onu ağırlığından daşıya bilmir, yerə çökmək məcburiyyətində qalırdı, əgər yerə çökməsəydi ayaqları yay kimi əyilər və sanki qırılacaqmış kimi bir vəziyyət alardı. Yanında oturub dizi qarşısındakına dəyən ayağının qırılacağını zənn edərdi. Bundan başqa arı vızıltısı kimi bir səs eşidildiyi də verilən məlumatlar arasındadır.
Bu başlanğıcların nəticəsində, göy gurultusundan sonra yağışın gəlməsi kimi, ayələr nazil olmuş, gələn bəzi ayələrdə insanlardan və cinlərdən bu sözlər kimi başqa sözlər gətirilmələri istənmişdir. Quran ayələrinin nəzm və nəsrin üzərində dəyişik bir üslubu vardır. Ayələrin həm dil qurluşu və oxunuş şəkili, həm də məna genişliyi çox diqqət çəkicidir. Həmin dövrdə ərəb ədəbiyyatı və şerinin ən zirvədə olduğu bir vaxtda oxuyub yaza bilməyən kimsəyə qarşı məşhur şairlər aciz qalmışdır. Artıq dil ilə ona qarşı çıxmağın mümkünsüz olduğunu görüb qılınclarla ona qarşı çıxılmışdır.
Məhəmməd peyğəmbərə (s.ə.s) vəhy gəlməyə başlamış və bir müddət öz qövmünün yanına qayıda bilməmişdir. Həzrəti İsaya (ə.s) 30 yaşında ilk vəhy gəlmişdi. Müqəddəs Ruh (müsəlmanlara görə Cəbrayıl) bir göyərçin kimi gəlib başına qonmuş, sonra 40 gün çöldə bir sınama dövrü keçirmişdir. Həzrəti İsa (ə.s) ilə bağlı çarmıx hadisəsi, o 33 yaşında olarkən baş vermişdir (Müsəlmanların inancına görə çarmıxda ölən Həzrəti İsanın xain şagirdi Yəhudadır; İncillərdəki “Ey Allahım! Məni niyə tərk etdin?” cümləsi ona aiddir). Yəni Həzrəti İsanın xidməti 3 il davam etdi. Məhəmməd peyğəmbərə (s.ə.s) vəhyin 40 yaşında gəlməyə başlaması, onun 43 yaşında “rəsul” olması bildirilir. Bu üç ilə çatan dövrdə vəhyin kəsildiyini görən müşriklərin “Allahın səni tərk etdi” demələrindən sonra Cəbrayılın Duha surəsini gətirdiyi nəql olunur. Bu surənin bir ayəsində “Rəbbin səni tərk etmədi, sənə üzülmədi!” deyilərək Peyğəmbərin qəlbi rahatlıq tapırdı. Ancaq əhəmiyyətli olan xüsusiyyət “Rəbbinin nemətinə gəlincə dayanmayıb başqalarına təbliğ et!” şəklində təbliğin başladılması əmri idi.
İlk dədə Məhəmməd peyğəmbərə (s.ə.s) iman edən Həzrəti Xədicə (r.a) olmuşdur. O, Məhəmmədin vəziyyətini əqrəbalarından biri olan Nofəlin oğlu Vərəqəyə çatdırdı. Vərəqə, xristian dinində idi. Hadisəni eşidincə Hz. Musaya (ə.s) gələn böyük mələyin həzrəti Məhəmmədə (s.ə.s) də gəlmiş olduğu müjdəsini verdi. Daha sonra Həzrəti Məhəmmədlə (s.ə.s) qarşılaşdıqda, ona “Sən bu ümmətin peyğəmbəri olacaqsan, Sənə gələn Musaya gələn böyük mələkdir. Sənə yalançı deyəcəklər, əziyyət edəcəklər, yurdundan çıxaracaqlar, səninlə müharibə aparacaqlar. Əgər mən o günlərə çatıb yaşasam, sənə Allah üçün kömək edərəm” demişdir. Vərəqənin müsəlman olub, olmaması məsələsində açıqlıq və dəqiqlik yoxdur.
Hz. Məhəmməd (s.ə.s) babası Əbdülmüttəlibin ölümündən sonra özünü yanında saxlayan və himayəsinə alan əmisi Əbu Talibin oğlu Əlini, qıtlıq səbəbi ilə güruh ailəsi içərisində sıxıntı çəkməməsi üçün evində saxlayırdı. Beş yaşından etibarən Məhəmməd peyğəmbərin (s.ə.s) yanında olan Hz. Əli (ə.s) Hz. Məhəmməd (s.ə.s) ilə xanımı Hz. Xədicənin Quran oxuyub Allaha dua etdiklərini gördükdə nə etdiklərini soruşdu. Həzrəti Məhəmməd (s.ə.s) ona “Biz kainatı yaradan Allaha səcdə edirik. O mənə peyğəmbərlik verdi. Bütlərə sitayiş etməyi qadağan etdi. Allah birdir, şəriki və bənzəri yoxdur...” dedi və Quran oxudu. Həzrəti Əli (ə.s) eşitdiyi ayələr qarşısında heyran qalmışdı. Müsəlman olmaq istədi. Ancaq əvvəl fikirləşdi ki, gedib atasından icazə alsın. Sonra bu fikrindən vaz keçdi. Məhəmməd peyğəmbərin yanına gəldi: “Allah məni yaradarkən Əbu Talibdən soruşmadı. Mən Allaha ibadət etmək üçün niyə ondan soruşmalıyam” dei və müsəlman oldu. Uşaqlar içərisində ilk müsəlman Əli (r.a) hesab olunur. Ondan sonra Xarisənin oğlu Zeyd də müsəlman oldu. O, Məhəmməd peyğəmbərin (s.ə.s) azad etdiyi köləsi idi. Üçüncü müsəlman olmaq şərəfinə nail olmuşdur.
Əbu Bəkr (r.a) şərəfli və zəngin bir tacir idi. Məhəmməd peyğəmbərin (s.ə.s) yaxın dostu idi. Məkkəlilər arasında etibarı çox yüksək idi. Məhəmməd peyğəmbər (s.ə.s) evindən kənarda ilk dəfə onu islama dəvət etdi. O da tərəddüd etmədən müsəlman oldu. Çünki, o, peyğəmbərin şəxsiyyətinə güvənirdi. Əbu Bəkrin vasitəsi ilə bir çox kimsələr islama daxil olmuşdular.
İlk müsəlmanlar ibadətlərini gizlincə edirdilər. Çünki zülm və təzyiq altında idilər. Üç ildən sonra Həzrəti Ömər (r.a) ilə bərabər müsəlmanların sayı qırx nəfərə çatmışdı. Bundan sonra artıq müsəlmanlar inanclarını gizlətmədilər. Açıq şəkildə ibadət etməyə və dinlərini yaymağa başladılar. İslamın doğuşu belə başlandı.
Adını öz müqəddəs kitabından alan, Müqəddəs Kitabı (Qurani Kərimi) ilk şəklini müasir dövrümüzə qədər dəyişdirməyən yeganə din islamdır. Hal-hazırda 1 milyardı keçən insanın dini olan İslam, beynəlmiləl dindir. Bir millətin, bir tayfanın, bir ölkənin dini deyil, bütün dünyanın ümümbəşəri dinidir. Əslində bütün peyğəmbərlərin də təbliğ etdiyi din İslamdır. İslam, ilahi dinlərin ümumi adı olmaqla bərabər, Məhəmməd peyğəmbərə (s.ə.s) 23 illik bir müddətdə gələn vəhylərlə ən son formasını almış və Qiyamətə qədər bəşəriyyətin ehtiyaclarına cavab verə biləcək mahiyyətə qovuşmuş, tamamlanmış, kamil dinin xüsusi adıdır. Bu vəziyyət Maidə surəsinin üçüncü ayəsində aşağıdakı şəkildə açıqlanmışdır: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Əl-Maidə, 3).
Qurani Kərim, bütün peyğəmbərlərin, başda tövhid olmaqla, inanc baxımından eyni əsasları təbliğ etdiklərini açıqlayır. Bu inanc əsasları İslamın özünü meydana gətirir. Əslində İslam Adəm peyğəmbərə qəər gedib çıxır. İlk insan, ilk peyğəmbər Adəmin də dini islam olmuşdur. İslamın müraciəti bütün insanlaradır. Qurani Kərimdə dəfələrlə “Ey insanlar!” ifadəsi vardır. İslam, iman, ibadət və əxlaq şəklində üç yerə ayrılaraqişlənmişdir. Biz də bu qaydaya riayət edərək əvvəlcə imandan bəhs edəcəyik.
-----------------
Tarix: 13.04.2013 / 16:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 803 Bölmə: Maraqlı melumatlar