Bir gün Həzrət Musa Peyğəmbər (ə) Allaha dua edib buyurdu: “Ay Allah! Sən məni öz kəlamına layiq bilmisən (yəni mənimlə danışmısan), məni cənnətə aparacağını vəd etmisən. Bilmək istəyirəm ki, cənnətdə mənim qonşum kim olacaq?”.
Allahdan vəhy gəldi: “Filan məhəllədəki filan qəssab səninlə cənnətdə qonşu olacaq”. Həzrət Musa (ə) çox təəccüb etdi ki, necə ola bilər, bir qəssab axirət aləmində peyğəmbərlə eyni məqamın sahibi olsun? Bu fikirlə həmin qəssabın dükanı yerləşən məhəlləyə gəldi. Baxıb gördü ki, dükanda işləyən qəssab xoşsimalı cavan bir oğlandır. Oğlan axşama kimi dükandakı ətləri satmaqla məşğul oldu. Axşam ətdən qalmış bir tikəni də götürdü, dükanı bağlayıb evinə yola düşdü. Musa Peyğəmbər (ə) də onu izləməyə başladı. Qəssab evinin qapısına çatanda Həzrət Musa (ə) ona yaxınlaşdı, özünü tanıtdırmadan soruşdu: “Allah qonağı istəmirsən?”. Qəssab mehribanlıqla onu içəri dəvət etdi.
Birlikdə evə keçdilər. Həzrət Musa (ə) diqqətlə cavanın hərəkətlərini izləyirdi ki, Allah yanında bu məqama necə nail olduğunun səbəbini öyrənsin. Cavan qəssab özü ilə gətirdiyi əti bişirib xörək hazırladı. Sonra o biri otaqdan bir zənbil gətirdi. Zənbilin içində qocalıb əldən düşmüş, büzüşüb yumağa dönmüş bir qarı oturmuşdu. Qəssab qarını zənbilin içindən ehtiyatla çıxardı, onu yuduzdurub quruladı. Sonra öz əli ilə bişirdiyi xörəyi körpə uşağı yedizdirirmiş kimi qarıya yedizdirdi. Daha sonra qarı üçün yumşaq yataq hazırladı, onu ehtiyatla yatağa uzatdı. Bu zaman qarı dodağının altında nə isə dedi. Amma səsi zəif, dişləri tökülmüş olduğundan, Həzrət Musa (ə) onun nə söylədiyini ayırd edə bilmədi.
Qarı yuxuya gedəndən sonra Musa Peyğəmbərlə (ə) cavan qəssab söhbət etməyə oturdular. Peyğəmbər qəssabdan soruşdu ki, bu qarı kimdir? Oğlan cavab verdi: “Bu qarı mənim anamdır. Maddi vəziyyətim imkan vermir ki, onun üçün kəniz (xidmətçi) tutum. Buna görə özüm ona xidmət edirəm”. Həzrət Musa (ə) soruşdu: “Bayaq anan sənə nə deyirdi?”. Oğlan cavab verdi: “Hər dəfə onu yuduzdurub yeməyini yedirəndən sonra yatmazdan əvvəl məndən ötrü dua edib deyir ki, oğlum, Allah sənin günahlarını bağışlasın, axirətdə yerin Musa Peyğəmbərin (ə) məqamı kimi olsun”. Musa Peyğəmbər (ə) oğlana müjdə verərək buyurdu: “Ey cavan, gözün aydın olsun! Allah sənin ananın duasını müstəcab edib və sənə cənnətdə mənim məqamıma bərabər bir məqam verib”.
Tarix: 21.11.2012 / 23:46 Müəllif: [Ram] Baxılıb: 556 Bölmə: Maraqlı melumatlar