Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əziz müsəlmanlar, bir anlıq düşünək.

Bəzən bir an da, dərindən düşünüb nəticə çıxarmaq üçün yetərli olur.
Gəlin baxaq! Allah bizi hansı nemət ilə izzətləndirdi?! İslam neməti ilə...
Bundan gözəl bir nemət ola bilərmi? Biz Allaha və Rəsulullaha (salAllahu aleyhi və səlləm) təslim olduq. O Rəsulullah ki, bizə görə əziyyətli bir yol keçdi. Gəlin bu yola bir daha nəzər salaq.

Rəsulullahdan (salAllahu aleyhi və səlləm) gözəl nümunə indiyədək gördünüzmü? Və ya ondan (salAllahu aleyhi və səlləm) daha müdrik və səbrli insan gördünüzmü?
Xeyr! Vallahi ki, görə də bilməzsiniz. Onun kimi sizə də məcnun, kahin deyildimi?
Sizi də təhqir edib, yaxanızdan çəkən oldumu? Yoxsa yüzlərlə insanın və hətta bütün bəşəriyyətin məsuliyyətini boynunuza aldınız?! Yoxsa Taifdən mi qovuldunuz?!
Görün onun (salAllahu aleyhi və səlləm) çəkdiyi acı necə idi ki, Allah ona dağların mələyini göndərdi ki, Peyğəmbər (salAllahu aleyhi və səlləm) həmin insanlardan intiqam alsın, amma o (salAllahu aleyhi və səlləm) nə dedi?
-“Xeyr! Bəlkə onların belindən yalnız Allaha ibadət edən insanlar çıxdı.”

SubhənAllah! Biz isə bu gün bir-iki məktub oxumaqla emosiyalara qapılıb, dünyanı dağıtmağa hazırıq. Açın Peyğəmbərin (salAllahu aleyhi və səlləm) həyatını oxuyun!
Onun üçün darıxacaqsınız. Bəs biz onun yanında olmaq üçün nə edirik? Dünyada və Axirətdə onun ətrafında olan səhabələrin (radıyAllahu anhum) həyatına nəzər salın. Yoxsa Əmmar b. Yasir (Allah ondan razı olsun) kimi işgəncələr çəkdik?!
Yoxsa Bilal (Allah ondan razı olsun) kimi sinəmizə daş qoyuldu?!
Belə nümunələri sətir-sətir gətirmək olar.

Peyğəmbər (salAllahu aleyhi və səlləm) onların işgəncələri barədə eşitdikdə söylədiyi söz nə oldu, bilirsinizmi? “Səbr!”
Onlar Cənnəti nə ilə qazandılar? Səbr ilə...
Amma biz eşitdikdə nə deyirik? Burada böyük bir sükut.....
Bu günkü gündə qardaşlarımızdan hansısa çəkdiyi əziyyətdən dildə Allahı inkar etsə biz dərhal onu kafir adlandırırıq. Amma Peyğəmbər (salAllahu aleyhi və səlləm) hətta: “Bir də etsələr. Yenə hələ de!”- buyurdu.

Biz səhabələri nümunə olaraq götürərkən, bəzilər onların adından yalan danışmaqdan, hətta onlara dil uzatmaqdan belə çəkinmirlər. Və ya Peyğəmbərimizin (salAllahu aleyhi və səlləm) varisləri olan alimlər. Onlar haqda heç danışılmalı belə deyil. Onların bəzi müsəlmanların əlindən çəkdikləri necə də pisdir. Onların ətləri diri-diri yeyilir, ünvanlarına haqsızcasına nələr deyilir.
Peyğəmbərə (salAllahu aleyhi və səlləm) “O bunu Allah rizası üçün etmir!” (yəni, qəniməti müsəlmanlar arasında ədalətlə bölmür) deyildikdə, o (salAllahu aleyhi və səlləm): “Allah Musaya rəhm etsin! Ona bundan da ağır sözlər deyilirdi, amma o dözürdü.”-dedi.

Başqa Peyğəmbərlərin həyatına da nəzər salaq.
Yoxsa 950 il dəvət edib, yenə də qövmü tərəfindən istehza ilə qarşılanan və böhtan atılan Nuh qədər mi səbr etdik?
Yoxsa bir dəfə kafirləri su ilə yer üzündən silən Allahın hər şeyə qadir olduğuna inanmadığımız üçün səbrsizlik edirik?
Yoxsa Allahın səbr edənlərlə olduğuna mı şübhə edirik?
Yoxsa qələbənin Allahdan yox, silahdan olduğunu mu düşünürük?
Yoxsa Səid b. Cubeyr (Allah ondan razı olsun) “Hara dönsəniz Allah oradadır” dedikdə üzün yerəmi basdırıldı?

Yoxsa Həccac kimi zalım hökmdarın əlindən əziyyət çəkdin?
Yoxsa Həsənul Basrıdan (Allah ona rəhmət etsin) ağıllı olub “Həccaca dözmək yox, ona qarşı çıxmaq lazım idi!” deyirsən?
Yoxsa onun qulluqçusu kimi sənin də gözünün qabağında körpələrin bir-bir oda atıldı?

Bəli, onlar Cənnəti qazandılar. Bilirsənmi nə ilə? Səbr ilə.
Mövzunu çox uzatmaq olar, Amma ulul əlbəb üçün yazdıqlarımı yetərli bilirəm.
Allah bizlərə rəhm etsin! Allah bizə haqqı haqq olaraq göstərsin! Peyğəmbərin ( salAllahu aleyhi və səlləm) buyurduğu kimi: “ Allah bizləri günahlarımızın səbəbi ilə zalım hökmdarlarla cəzalandırmasın!”

Çünki əslində gözlər deyil, kökslərdəki qəlb kor olur. (Həcc,46)

Vallahu Aləm. Əstəğfirullahə və ətubu ileyh.


Tarix: 10.04.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: Maraqlı melumatlar
loading...