Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözlər xəstəliklərdən xəbər verir

"Zaman Azərbaycan" bildirir ki, gözün altının qaralması, şişməsi, el dili ilə desək, tuluqlanması da insanın orqanizmindəki xəstəliklərdən xəbər verir. Məsələn, biz həkim olmasaq da, gözünün altı şişmiş adam görən kimi onun barəsində ilkin təəssüratımız belə olur: böyrəkləri xəstədir...

Lakin alimlərin araşdırması nəticəsində məlum olub ki, gözün altının göyərməsi orqanizmdə dəmir çatışmazlığının, qaraciyər xəstəliklərinin də əlaməti imiş. Bundan əlavə, insan yorğun olanda, yuxusuz qalanda da eyni hal müşahidə edilir.

Tibb elminə görə göz çevrəsindəki dəri vücudumuzun ən incə dərisi hesab olunur. Bu baxımdan qan dəri səthinə yaxın genişlənmiş damarlardan keçən zaman mavi bir rəng əmələ gəlir.

Göz çevrəsində sürtünmə və qaşıntıya səbəb olan amillər də gözün altındakı dərinin tündləşməsinə gətirib çıxarır. Üz və burunun allergiyası, astma, hansısa qida məhsuluna qarşı olan allergiya da göz altında ləkə və tündləşmə yaradır.

Yuxusuzluq və gərgin işin başqa fəsadları da var...

Gözün altının qaralması və onun verə biləcəyi fəsadlar barədə araşdırmalar Türkiyədə də aparılmaqdadır. Qardaş ölkənin Acıbadem Kocaeli Xəstəxanasının dermatoloqu dr. Arda Eminza deyir ki, sistemli qidalanmamaq, qanazlığı, toxumaların yetərli qədər oksigen ala bilməməsi də gözaltı dərinin bulanıqlığına səbəb olur. Onun sözlərinə görə, hamiləlik dövründə dəmir çatışmazlığı ilə əlaqədar gözaltı damarlar şişir və daha da nəzərə çarpır: "İnsan yuxusuz olanda, dalbadal gərgin işləyəndə də üz dərisi solur və gözaltı damarlar şişir".

Məşhurlar gözün altının qaralmasını eynəklə gizlədirlər...

Qeyd edək ki, elmi işlərdə çalışan insanların çoxunda da gözaltının qaralması baş verir. Mütəxəssisin dediyinə görə, onlarda bunun səbəbi damarların genişlənməsidir.

Gözün altının qaralmasından təkcə sadə insanlar yox, məşhurlar da əziyyət çəkirlər. Onlar bu qaralmanı eynəklər vasitəsilə ört-basdır etməyə çalışırlar. Bəs əslində bu qaralmadan birdəfəlik qurtulmaq mümkündürmü? Bununla bağlı sualı cavablandıran həkim deyib: "Keyfiyyətli və düzgün qidalanmaq, rejim əsasında yatmaq, siqaret çəkməmək və ya tərgitmək, günəş şüalarından qorunmaq gözün altının göyərməsini və qaralmasını götürür. Əgər qanazlığı və dəmir çatışmazlığı varsa, mütləq təcili müalicəyə başlamaq lazımdır. Onu da deyim ki, dəri, burun və ağciyərdə allergiya varsa, müalicə olunmalıdır".


Tarix: 09.01.2015 / 11:56 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Maraqlı Məlumatlar
loading...