Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakıda xəstənin bağırsağından 6 mismar çıxarıldı

Respublika Kliniki Xəstəxananın cərrahları əməliyyat vaxtı şoka düşüblər. Onları bu vəziyyətə düşürən əməliyyat stoluna uzanan 31 yaşlı gəncin 3 ildir bədənində gəzdirdiyi mismarlar olub. O mismarlar ki, onlarla ustalar döşəmə vurub, dam örtüyünü bərkidirlər.

Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 31 yaşlı Murad Fətəliyevi əməliyyat edən həkim onun düz bağırsağından 6 ədəd mismar çıxarıb. Cərrah-həkim deyir ki, Murad Fətəliyev mismarları özünəqəsd məqsədilə 3 il bundan öncə udub. Mismarları udandan sonra oturmaq nədir bilməyən Murad Fətəliyev iki dəfə əməliyyat olunsa da, həkimlər mismarları onun daxilindən çıxarmağa müvəffəq olmayıblar. Vəziyyəti günü-gündən ağırlaşan M. Fətəliyev bu dəfə Respublika Klinik Xəstəxanasına müraciət edib.

Bu gün günorta saatlarında onu cərrah Fariz Camalov əməliyyat edib və 3 ildir Murada əzab verən mismarlar bədəndən azad edilib. Cərrahın sözlərinə görə, 3 il ərzində mismarlar mədədən yoğun bağırsağa hərəkət edib: "Siqma hissəsində nazik bağırsağa keçib və sarğı hissədə deşik açıb. Oradan isə nəcis ifraz olunub. Biz qarın boşluğunda əməliyyat etmək istədik, amma o icazə vermədi. Fista əmələ gəlib".

F. Camalov deyir ki, illərdir cərrahiyə zamanı insanın daxilindən müxtəlif yad cisimləri çıxarıb. Hətta bu cismlərdən ibarət kolleksiya da düzəldib. Amma mismara birinci dəfədir rast gəlir: "Bizim təcrübədə tük olub, çəngəl-qaşıq olub. Amma mismar ilk dəfədir çıxır".

Hazırda 31 yaşlı Murad Fətəliyevin vəziyyəti stabildir. Fariz Camalov deyir ki, xəstə 10 gündən sonra evə buraxılacaq.


Tarix: 09.01.2015 / 11:56 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar
loading...