Amerikalı alimlərin apardıqları tədqiqatın nəticəsinə görə, siqaret tüstüsü ürəyin formasını dəyişir və onun yığılma ritmində dəyişiklik yaradır.
Amerika bioloqlarının sözlərinə görə, indiyədək siqaret tüstüsünün əsas komponenti olan nikotinin ürək-damar xəstəliyinin yaranmasında rolu qeyri-müəyyən olaraq qalır. Siqaret tüstüsü yalnız nikotindən yox, həm də 4000-dən artıq digər kimyəvi komponentlərdən ibarətdir. Onların rolu hələ də öyrənilməyib.
Çikaqo Universitetinin alimləri siqaret tüstüsünü gəmiricilərin ürəyində tədqiq edib. Beş həftə ərzində heyvanların bir qismi siqaret tüstüsü ilə qarışdırılmış hava, digər hissəsi adi hava ilə nəfəs alıb. Beş həftədən sonra isə gəmiricilərin ürəyi exokardioqrafiya mikroskopiya vasitəsilə tədqiq edilib, eləcə də ürək toxumalarının fermentlərinin tərkibi müəyyənləşdirilib. Məlum olub ki, siqaret tüstüsü ilə nəfəs alan gəmiricilərdə ürəyin sol mədəciyinin forması dəyişib.
Bundan başqa, alimlər fəal formalı ferment səviyyəsinin, eləcə də stresslə mübarizə üçün vacib olan norepinefrin hormonunun artdığını müəyyənləşdiriblər.
Alimlərin sözlərinə görə, nikotin və siqaret tüstüsünün digər komponentləri ürəkdə biokimyəvi dəyişikliklər yaradır və nəticədə onun forması dəyişir.
Tarix: 16.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Kardiologiya