Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kardiomiopatiyalar

Ürək əzələsinin xəstəliyi olmaqla 3 əsas növü var: dilatasion, hipertrofik, restriktiv. Bunların hər biri sizin ürək əzələnizi zədələyir və qanın bədənə qovulmasını çətinləşdirir. Kardiomiopatiyaların ürək qapaqlarının xəstəliklərindən tutmuş koronar arteriya xəstəliklərinədək bir çox səbəbləri var. Kardiomiopatiyalar müalicə oluna bilən patologiyadır. Müalicənin növü kardiomiopatiyanın növündən asılıdır. Müalicə cərrahi və dərman müalicəsi ola bilər.

Əlamətləri

Xəstəliyin ilkin mərhələlərində əlamətlər üzə çıxmaya bilər. Əlamətlər aşağıdakılardır:

- Tənginəfəslik, hətta sakit halda da
- Ayaqların şişkinliyi
- Qarınboşluğunun maye ilə dolması
- Üzülmə
- Qeyri-requlyar ürək döyünməsi
- Başgicəllənmə, huşun itməsi

Xəstəlik bəzilərində sürətli, digərlərində isə ləng inkişaf edir.

Səbəblər

Bir çox hallarda səbəb aydın deyil. Mümkün səbəblərə daxildir:

- Uzun müddətli yüksək təzyiq
- Ürək-qapaq problemləri
- Ürək əzələsinin əvvəlki infarktdan zədələnməsi.
- Xronik sürətli ürək vurğuları
- Diabet və qalxanabənzər vəz xəstəlikləri
- Vitamin və mineral çatışmazlıqları
- Hamiləlik
- Alkoqolizm
- Kokain və antidepressant asılılığı
- Xərçəngin müalicəsi
- Viral infeksiyalar
- Hemoxromatozlar

Kardiomiopatiyaların 3 növü var:

- Dilatasion kardiomiopatiya. Bu halda ürəyin əsas motor funksiyası rolunu oynayan sol mədəcik genişlənir. Onun yığılma funksiyası zəifləyir və qan asanlıqla dövr edə bilmir. Bu hər yaşda olan insanları zədələyə bilər.

- Hipertrofik kardiomiopatiya. Bu tip kardiomiopatiyalarda ürək əzələsi qeyri normal böyüyür. Nəticədə ürəyin nasos funksiyası zədələnir. Hipertrofik kardiomiopatiya hər yaşda inkişaf edə bilər. Lakin uşaq vaxtı inkişaf edərsə daha kəskin keçir.

- Restriktiv kardiomiopatiyalar. Restriktiv miopatiyalı insanların ürək əzələsi rigidləşir və elastikliyini itirir və diastola zamanı lazım olan qədər boşala bilmir, nəticədə qanla kifayət qədər dola bilmir.

Test və diaqnoz

- Döş qəfəsinin rentgenoqrafiyası. Ürəyin böyüməsi rentgenoqrafiya zamanı təyin edilə bilir.
- Exokardioqrafiya. Bu metod səs dalğalarından istifadə etməklə ürəyin şəklini çəkməyə imkan verir.
- Elektrokardioqrafiya(EKQ). Ürəyinizin elektrik aktivliyində olan dəyişiklikləri qeyd edir.
- Ürək kateterizasiyası və biopsiya. Bu metod zamanı nazik boru ürəyə yeridilir və biopsiya aparılır. Bu metodla eyni zamanda ürək daxili təzyiq ölçülür. Prosedura zamanı angioqrafiya da aparmaq mümkündür.
- Qan testləri. Natriuretik peptid, ürəkdə sintez olunan peptid olmaqla qanda səviyyəsinin yüksəlməsi ürək çatmazlığını göstərə bilər.

Ağırlaşmalar

- Ürək çatmazlığı. Ürək çatmazlığı o deməkdir ki, sizin ürəyiniz orqanizminizin tələbatını ödəmək üçün bədəninizə kifayət qədər qan qova bilmir. Bu ürək əzələsinin zəifləməsi nəticəsində baş verir.

- Qan laxtaları. Kardiomiopatiyaların hər hansı növü ürəyinizdə qan laxtalarının əmələ gəlmə ehtimalını artırır. Əgər laxtalar ürəkdən damarlara düşərsə vital orqanların aparıcı damarlarını tuta bilər ki, nəticədə həmin orqanların qan dövranı pozular. Bunun qarşısını almaq üçün həkim sizə antikoaqulyant yaza bilər.

- Ürək küyləri. Kardiomiopatiyası olan insanlarda ürək böyüdüyü üçün mədəcik və qulaqcıqlar arasında olan qapaqlar tam bağlanmaya və küylər törədə bilər.

Müalicə və dərmanlar

Müalicə kardiomiopatiyanın növünə uyğun aparılır.

Dilatasion kardiomiopatiya

Dilatasion kardiomiopatiyaların müalicəsində dərman müalicəsi və cərrahi müalicə tətbiq olunur:

- Angiotenzin çevirici fermentin inhibitorları: enalapril (Vasotec), lisinopril (Zestril, Prinivil), ramipril (Altace) və ya captopril (Capoten)

- Angiotenzin reseptorları blokatorları: losartan (Cozaar) və valsartan (Diovan)

- Beta blokatorlar: carvedilol (Coreg) və metoprolol (Lopressor, Toprol XL)

Digər bir yol xüsusi pacemakerin cərrahi yolla daxil edilməsidir. Bu pacemaker sağ və sol mədəciklərin yığılmasını təmin edir. Ciddi aritmiyası olan xəstələrə isə kardioverter defibrilyator daxil edilir ki (İCD), mədəciklərin səyirməsi zamanı yardımçı olsun.

Hipertrofik kardiomiopatiyalar

Həkiminiz beta blokatorlar təyin edə bilər ki, bu da ürəyin yığılmasını ləngidər.

Bəzi hallarda pacemaker və ya İCD cərrahi yolla daxil edilə bilər.

Hipertrofiyaya uğramış əzələnin bir hissəsinin cərrahi yolla xaric edilməsi də məsləhət görülə bilər. Bu miotomiya-mioektomiya adlanır.

Restriktiv kardiomiopatiya

Həkiminiz sizə gündəlik qəbul etdiyiniz duz və suyun miqdarına nəzarət etməyi məsləhət görəcək. Gündəlik çəkinizə nəzarət də bura aiddir. Eyni zamanda sidikqovucular təyin edilə bilər.

Ürək transplantasiyası

Yuxarıdakı müalicələr kömək olmayanda ürək transplantasiyası aparılır.

Tövsiyyələr

Aşağıdakı rejimin gözlənilməsi məsləhətdir:

- Siqaret çəkməyin.
- Artıq çəkidən azad olun.
- Az duzlu pəhriz (gün ərzində 2,300 milliqramdan az).
- Həkiminizlə birgə sizə uyğun fiziki aktivliyi seçin.
- Spirtli içki qəbul etməyin


Tarix: 16.01.2015 / 12:14 Müəllif: Aziza Baxılıb: 198 Bölmə: Kardiologiya
loading...