Taxtda möhkəmlənməmiş təzə şah 12.000 nəfər müsəlmanlığı qəbul etmiş gürcünü sarayda işə götürür və hərbi və mülki inzibati idarəçiliyin islahatına başlayır.
Hadisələrin iştirakçılarından biri Oruc bəy Bayatın yazdığına görə, "elə birinci gün, yeni hökmdara sədaqət andiçməsi mərasimi bitən kimi I Şah Abbas əmr etdi ki, ertəsi gün bütün xanlar və qoşun başçıları silahsız, mülki geyimdə saraya gəlsinlər. Şah onlarla Divan, yaxud Dövlət şurası təşkil etmək barədə məsləhətləşmələr aparmaq istəyir. Səhəri gün hamı əmrə müntəzir olarkən şah Abbas özünün gürcülərdən ibarət qvardiyasına tapşırır ki, sarayın və onun qarşısındakı meydanın bütün giriş və çıxış qapılarını bağlasınlar. Sonra şah yığışanlara belə bir sualla müraciət edir: "Öz şahzadəsini qətlə yetirən adam hansı cəzaya layiqdir?" hamı bir ağızdan belə rəy söyləyir ki, şahzadəsini qətlə yetirmiş təbəə öldürülməlidir. Bu hökm çıxarılan kimi, şah Abbasın işarəsi ilə gürcülər bir göz qırpımında içəridə olan qəsdçilərin boğazına çökür və nizələrə keçirilmiş 22 baş sarayın pəncərələrindən çölə çıxarılır ki, xalqa görk olsun. Bu dəhşətli səhnə ən özündən deyən adamlarda da qorxu və vahimə doğurur." Bundan sonra on beş yaşı təzəcə tamam olmuş hökmdar hökumət naibi vəzifəsinə iddia eləyən Mürşidqulu xan Ustaclını da qətlə yetirərək, ölkədəki bütün hakimiyyəti qətiyyətlə öz əlinə alır.
Ancaq hələ əsas mübarizə qabaqda idi. Azərbaycan osmanlıların işğalı altındaidi. Xorasan, Mərv, Herat, Məşhəd və Nişapur şəhərləri özbəklər tərəfindən tutulmuşdu. Ölkənin daxili vilayətləri mərkəzi hakimiyyətin tabeçiliyindən çıxıb. Bütün bunların qarşısını almaqdan ötrü şah Abbas ilk növbədə əmr verir ki, qızılbaş əmirlərinin imtiyazları azaldılsın və fars mənşəli mülki bürokratların mövqeləri isə möhkəmləndirilsin. Sonra o, bir sıra hərbi və mülki islahatlar keçirir. Lakin bir çox tarixçilərin fikirlərinin əksinə olaraq, bizim zənnimizcə, şah Abbasın dövründə ölkədə aparılan farslaşdırma siyasətinin əhəmiyyətini şişirtməyə dəyməz. Ən əvvəl ona görə ki, bir çox Avropa səyyahlarının da yazdıqları kimi, Azərbaycanda türk (Azərbaycan) dili dövlət dili statusunda qalırdı. Oruc bəy Bayat yazırdı: "İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və sayılan və bizdə də böyük nüfuza malik olan 32 nəcabətli sülalə var". Lakin adlarını sadalayanda məlum olur ki, bu sülalələrin hamısı türk-Azərbaycan mənşəlidir. Bunların arasında Ustaclı, Şamlı, Əfşarlar, Türkmanlar, Bayatlar, Təkəli, Xarmandalı, Zülqədərli, Qacarlar, Qaramanlı, Bayburtlu, İspirli, Oryat, Çauşlu və başqalarını göstərmək olar. Hərbçilərin və saraya yaxın əyanların da rütbələrini bildirən sözlər təmiz türk mənşəlidir: Misal üçün, xan, bəylərbəyi, qızılbaş, qullar, eşik ağasıbaşı, qorçu, qorçubaşı, yasavul, kanuqibaşı, çalçıbaşı və başqaları. Azərbaycan hələ də ölkənin aparıcı inzibati vahidi sayılır və Azərbaycan hakimi taxt-tacın varisi, eyni zamanda ordunun baş komandanı hesab olunurdu. Demək mümkündür ki, Səfəvilər dövləti Azərbaycan dövləti olmaqdan çıxmaq üzrədir, lakin şah Abbasın yaratdığı Səfəvi İranı daha artıq bir dərəcədə türk-qızılbaş dövləti (Məmləkəti-qızılbaş) olaraq qalmaqdadır.
Qəzvində möhkəmləndikdən sonra şah Abbas özünün çoxsaylı yürüşlərindən birincisinə çıxır. Qısa bir müddətdə Xorasanı özbəklərdən təmizlədikdən sonra o, doğma Azərbaycanı azad etməyə can atır. Ancaq bunun üçün vaxt lazım idi. 1590-cı ildə həmin məqsədlə şah Abbas Osmanlılarla sülh müqaviləsi imzalayır. Bu vaxta qədər onun səyləri ilə işğal altında olan torpaqlarda üsyankar hərəkətlərin qarşısı müvəqqəti olaraq alınır. Misal üçün, osmanlılarla müqavilə bağlanan ərəfədə Məhəmməd xan Ziyadoğlu Qacarın başçılığı altında qızılbaş qacarlar Qarabağı tutur və Gəncəni mühasirəyə alırlar. Osmanlıların xahişi ilə şah Abbas onları dilə tutaraq, Gəncəni mühasirədən çıxarır.
Sülh müqaviləsinə əsasən, ölkənin böyük bir hissəsi, o cümlədən, Şirvan, Qarabağ, Təbriz və ona yaxın ərazilər osmanlılarda qalırdı. Şah Abbas öz tabeçiliyində qalmış torpaqları vahid bir inzibati ərazi kimi ümumilikdə "Azərbaycan" adlandırırdı. XVI əsrin tanınmış tarixçisi İskəndər bəy Münşinin yazdığı kimi, şah Abbas Səfəvilərin irsi malikanələri olan torpaqların vüqarlı adı Azərbaycanı qoruyub saxlamışdır. Azərbaycanın paytaxtı Ərdəbil elan olunur. Azərbaycanın birinci bəylərbəyisi isə 1592-ci ildə Zülfüqar xan Qaramanlı təyin olunur. Nəhayət, bundan sonra şah Abbas özü təntənəli şəkildə Ərdəbilə girir. 1598-ci ildə şah Abbas ölkənin paytaxtını nisbətən mərkəzdə yerləşən İsfahana köçürür.
Tarix: 01.03.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 423 Bölmə: Dunya ve tarixi