Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadir şah Əfşar

Nadir şah Əfşar (fars. نادر شاه‎ Nâdir Şâh; 22 oktyabr 1688 – 19 iyun 1747) – İran şahı (1736-1747) və türk-soylu əfşarlar sülaləsinin banisi. Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər vermişlər.Mündəricat
1 Nadirin II Şah Təhmasib dövründə fəaliyyəti
2 III Şah Abbasın dövründə Nadirin fəaliyyəti
3 Nadirin şah elan olunması ilə Əfşarların hakimiyyətə gəlməsi
4 Oğulları
5 Həmçinin bax


Nadirin II Şah Təhmasib dövründə fəaliyyəti

XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlayırdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri zəbt etmişdi.

Faktiki olaraq, Mazandaran vilayətindən başqa heç yer müstəqil deyildi. Burada isə hələ Səfəvilərin hakimiyyətinin sonlarından bəri möhkəmlənmiş Fətəli xan Qacar hökmranlıq edirdi. O Səfəvi şahı Sultan Hüseynin əfqanların əlindən qurtulmuş oğlu Təhmasibi öz sarayında saxlamışdı. Az sonra Təhmasib özünü şah elan edir.

Ölkədə qərarlaşmış vəziyyət həm kəndlilər, həm şəhər əhalisi, həm də zadəganlar arasında haqlı narazılıq doğururdu. Bu narazılıq get-gedə artırdı. Bircə işğalçılara qarşı mübarizədə rəhbərliyi öz üzərinə götürə biləcək lider çatışmırdı. Nəhayət, belə bir lider də tapıldı. Bu, o zaman çox da tanınmayan Nadirqulu xan Əfşar idi. İranın gələcək şahı Nadirqulu xan türk tayfalarından əfşarların Qırxlı boyundan idi. Onun əcdadları hələ I Şah İsmayıl zamanında Azərbaycandan Xorasana köçürülmüşdülər. Nadirqulu da 1688-ci ildə burada kasıb bir ailədə doğulmuşdu. Hələ on səkkiz yaşı tamam olmamış bu gənc anası ilə birlikdə Xarəzm özbəklərinin yürüşlərindən birində əsir götürülür və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadirqulu Əbivərd hökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayıb, Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadirqulu bəy adlandırmağa başlayır. Nadirqulu bəyin hünərvər Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadirqulu kömək üçün şah I Təhmasibə müraciət edir. 1726-cı ildə şah Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirib, burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir.

I Təhmasib Nadirqulu bəyi Xorasanda öz canişini təyin edir. Bundan sonra Nadir özünə Təhmasibqulu xan adını götürür. O, Təhmasibə ilk növbədə təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir.

Nadir şahın Məşhəddəki məzarı

Məlik Mahmud idarəçiliyinin mərkəzi Məşhəd alınan zaman şah Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Çünki Nadir onu Fətəli xanla Məlik Mahmud arasında gizli sövdələşmə olduğuna inandırmışdı. Bundan sonra Nadirqulu xan şahın silahlı qüvvələrinin baş komandanı təyin olunur. Bir qədər keçmiş Nadir Məlik Mahmudun qoşunlarını əzərək, onun özünü qətlə yetirir. Bundan sonra Nadirin saraydakı mövqeyi güclü şəkildə möhkəmlənir.

Hadisələrin sonrakı inkişafı göstərir ki, artıq 1727-ci ildən Nadir şah Təhmasiblə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir nəzarətdən çıxmış kürd və türkmən qəbilələri və şah qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır. Bu arada Nadir bir sıra qətiyyətli yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridir. 1729-cu ilin 30 sentyabrında Mimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək, oradan da İsfahana yönəlirlər. Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı, Əşrəfin köməyinə böyük bir ordu göndərir.

Nadirlə Əşrəf arasında Həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında (İsfahan döyüşü) baş verir. Bu dəfə Nadir birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan çəkilirlər. Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Qaçaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir.

Ölkənin şərqi tamamilə təmizlənir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları osmanlı türklərindən azad etmək qalırdı. 1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadirqulu xan osmanlıları əzərək, Azərbaycanı, Həmədanı və Kirmanşahı azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalırlar.

Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq məğlub olaraq, 1731-ci ildə ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır. Həmin müqaviləyə əsasən, Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşahın bir sıra əyalətləri osmanlılara verilirdi.


Tarix: 01.03.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 513 Bölmə: Dunya ve tarixi
loading...