Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman Sani Axundov

Süleyman Sani Axundov (3.X.1875, Şuşa -29.III.1939, Bakı) - Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi. Azərbaycanın görkəmli müəllimi, metodisti Səfərəli bəy Vəlibəyovun bacısı oğlu. Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan Sani sözünü özünə ləqəb götürmüşdür.Mündəricat
1 Həyatı
2 Bədii yaradıcılığı
3 Əsərləri
4 İstinadlar
5 Mənbə


Həyatı

Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 21 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdür. Süleyman Sani Axundov 1885-1894 illərdə Qori müəllimlər seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim təyin edilmişdir. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır. [1]

Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. [2]

Süleyman Sani Axundov "İkinci il" adlı dərs kitabının müəllifidir.[3]

Süleyman Sani Axundov 1920-1921 illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930 illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdır. [4] O, 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilmişdir.

Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək qəhrəmanı" adı verilmişdir.[5]

Süleyman Sani Axundov 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.[6]

Süleyman Sani Axundov 29 mart 1939-cu ildə Bakıda vəfat etmişdir.[7]

Bədii yaradıcılığı

Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O, bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazmışdır.

Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışmışdır. [8]

Süleyman Sani Axundov 1906-cı ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə səhnəmizə siyasi-ictimai mövzu gətirmişdir. [9] O, "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və başqa pyeslərin müəllifidir.

Süleyman Sani Axundov həm də orijinal nasirdir. "Qonaqlıq" (1905), "Kövkəbi-hürrriyyət" (1905), "Yuxu" (1905) Süleyman Sani Axundovun ilk hekayələridir. O, bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazmışdır. Süleyman Sani Axundov "Tutu quşu" (1909) hekayəsində də aktual məsələyə toxunmuşdur. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları Tutu quşunun simasında ifşa etmişdir.[10]

Süleyman Sani Axundov yazmış olduğu "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı (1923), "Nə üçün" (1925), "Təbrik" (1925), "Sona xala" (1926), "Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. [11]

XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman Saninin böyük xidməti vardır. Ədib, "Qorxulu nağıllar" (1912-1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynab", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirmişdir. [12]

Əsərləri
Əsərləri. Bakı, 1936
Seçilmiş əsərləri. (Tərtib edəni Abbas Zamanov) Bakı, 1951.
Seçilmiş əsərləri. (Tərtib edəni Nadiir Vəlixanov) I cild, Bakı, 1968.
Seçilmiş əsərləri. (Tərtib edəni Nadiir Vəlixanov) II cild, Bakı, 1968.
Hekayələr və pyeslər. (Tərtib edəni Nadiir Vəlixanov) Bakı, 1975.
Seçilmiş əsərləri. (Tərtib edəni və ön sözün müəllifi: Nadiir Vəlixanov) Bakı, 2005

İstinadlar
↑ Süleyman Sani Axundov. Hekayələr və pyeslər. (Tərtib edəni Nadiir Vəlixanov) Bakı, 1975.
↑ Süleyman Sani Axundov. Hekayələr və pyeslər. (Tərtib edəni Nadiir Vəlixanov) Bakı, 1975.
↑ Süleyman Sani Axundov. Hekayələr və pyeslər. (Tərtib edəni Nadiir Vəlixanov) Bakı, 1975.
↑ Süleyman Sani Axundov. Hekayələr və pyeslər. (Tərtib edəni Nadiir Vəlixanov) Bakı, 1975.
↑ Süleyman Sani Axundov. Hekayələr və pyeslər. (Tərtib edəni Nadiir Vəlixanov) Bakı, 1975.
↑ Süleyman Sani Axundov. Hekayələr və pyeslər. (Tərtib edəni Nadiir Vəlixanov) Bakı, 1975.
↑ Nadir Vəlixanov. Humanist yazıçı.(Hekayələr və pyeslər. (Tərtib edəni Nadiir Vəlixanov) Bakı, 1975)
↑ Nadir Vəlixanov. Müqəddimə. (Seçilmiş əsərləri. (Tərtib edəni Nadiir Vəlixanov) I cild, Bakı, 1968.)
↑ Nadir Vəlixanov. Humanist yazıçı.(Hekayələr və pyeslər. (Tərtib edəni Nadiir Vəlixanov) Bakı, 1975)
↑ Nadir Vəlixanov. Müqəddimə. (Seçilmiş əsərləri. (Tərtib edəni Nadiir Vəlixanov) I cild, Bakı, 1968.)
↑ Nadir Vəlixanov. Müqəddimə. (Seçilmiş əsərləri. (Tərtib edəni Nadiir Vəlixanov) I cild, Bakı, 1968.)
↑ Nadir Vəlixanov. Müqəddimə. (Seçilmiş əsərləri. (Tərtib edəni Nadiir Vəlixanov) I cild, Bakı, 1968.)



Mənbə
Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, III cild, Bakı, 1957.
Azərbaycan sovet ədəbiyyatı tarixi. 2 cilddə, I cild, Bakı, 1967
Azərbaycan sovet ədəbiyyatı. Bakı, 1966.
Mir Cəlal, Firidun Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1982.
C.Hacıyev. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1955.
Məsud Vəliyev. S.S.Axundov. Bakı, 1956.
C.Nağıyeva. S.S.Axundov arxivinin təsviri. Bakı, 1962.
Nadir Vəlixanov. Süleyman Sani Axundov. Bakl, 1968.
Nadir Vəlixanov. Süleyman Sani Axundov. Bakl, 1976.
R.Şəmsiyeva. Süleyman Sani Axundov (metodiki-biblioqrafik ədəbiyyat göstəricisi). Bakı, 1975.
Очерк истории Азербайджанской советской литературы. Москва, 1963
Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, 2001.


Tarix: 19.01.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1204 Bölmə: Şairlər və Yazıçılar
loading...