Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı), yazıçı, dramaturq, jurnalist, ictimai xadim.
Həyatı
Cəlil Məmmədquluzadə 22 fevral 1866-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.Cəlil Məmmədquluzadə ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.
1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləmişdir. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi-Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", L.N.Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.
Cəlil Məmmədquluzadənin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1966).
İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı.
1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etmişdır.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.
Son illərdə akademik İ.Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.
Filmoqrafiya
Poçt qutusu (film, 1967)
Qəm pəncərəsi (film, 1986)
Pirverdinin xoruzu (film, 1987)
O dünyadan salam (film, 1992)
Nigarançılıq (film, 1998)
Sirkə (film, 2003)
Tarix: 12.01.2013 / 16:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 770 Bölmə: Şairlər və Yazıçılar