Zamanov Abbas Fəttah oğlu — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988).
Həyatı
Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921-1927). Bakı pedaqoji texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929-1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933-1934). Sonra "Ədəbiyyat" qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937-1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir.
Opera teatrının və filarmoniyanın direktoru (1940-1941) olmuşdur. M.F.Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci dünya müharibəsi illərində Ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948-1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960-1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968-1971), ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979) vəzifələrində çalışmışdır. Universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olmuşdur (1979-cu ildən). Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlamışdır. Həmin vaxtdan ölkəmizdə və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunmuşdur. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri çıxmışdır. "Sabir və müasirləri" monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, "Cəlil Məmmədquluzadə" oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunmuşdur. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Konya və Səlcuq Universitetlərinin (Türkiyə) fəxri doktoru seçilmişdir. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmiş, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. O, M.Ə.Sabir, Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə "Sabir xatirələrdə" (1982) və "Cavidi xatırlarkən" (1982) adı ilə kütləvi tirajla çap etdirmişdir. 1 dərəcəli "Vətən müharibəsi" ordeni, döyüş xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif edilmişdir.
1993-cü il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri
İrəli (cəbhə qeydləri). Bakı: Azərnəşr, 1943, 24 səh.
A.Şaiqin həyatı və yaradıcılığı. Bakı: Bilik, 1956, 22 səh.
Müasirləri Sabir haqqında. Bakı: Azərnəşr, 1962, 324 səh
Sabir və müasirləri. Bakı: Azərnəşr, 1973, 282 səh.
Əməl dostları. Bakı: Yazıçı, 1979, 372 səh.
Sabir gülür. Bakı: Gənclik, 1981, 260 səh.
Sabir bu gün. Bakı: Gənclik, 1985, 350 səh.
Cəbhə dəftərindən. Bakı: Azərnəşr, 1986, 95 səh.
Tərcümələri
(ruscadan)
N.Jurba. Aleksey Matrosov. B.: Uşaqgəncnəşr 1951, 240 səh.
H.Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim. B.: Gənclik, 1981, 155 səh.
Tarix: 13.01.2013 / 13:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 650 Bölmə: Şairlər və Yazıçılar