Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağalar Mirzə

Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996).

Həyatı

Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Şabran şəhərində (keçmiş Dəvəçi şəhərində) fəhlə ailəsində anadan olmuşdur. Burada orta təhsil almışdır. Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1971-1972). Sonra Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri olmuşdur (1972-1974). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1974-1979). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980-1986), televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986-1994), ədəbi dram verilişləri Baş redaksiyasının baş redaktorunun müavini (1994-1999), xalq yaradıcılığı redaksiyasının baş redaktoru (1999-?) vəzifələrində çalışmışdır. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olmuşdur.

Ağalar Mirzə bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlamışdır. Gənc şairlərin respublika ədəbi birliyinin fəal üzvü olmuşdur. Birliyin "Çinar pöhrələri", "Gənc istedadlar", "Qudyalçay nəğmələri" və s. almanaxlarında şeirləri çap olunmuşdur. Dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.

Elmi tədqiqatla da ardıcıl məşğul olmuşdur. "Xaltanlı Tağının yaradıcılıq yolu" mövzusunda dissertasiya müdafiə etmişdir (2002). Filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Ağalar Mirzə 5 mart 2008-ci ildə vəfat edib.

Əsərləri
Bayramlar, adətlər, ənənələr (etnoqrafik oçerklər). Bakı: Gənclik, 1983, 125 səh.
Bulaq. Bakı: Gənclik, 1984, 225 səh. (şərikli)
Ömrün bənövşə fəsli. Bakı: Yazıçı, 1985, 54 səh.
Ovcunu tut yağışa. Bakı: Gənclik, 1987, 60 səh.
Novruz töhfələri. Bakı: Gənclik, 1989, 110 səh.
Novruz töhfələri. Bakı: Gənclik, 1990, 110 səh. (təkrar nəşr)
Mən baxdığım pəncərə. Bakı: Yazıçı, 1990, 64 səh.
Dünənə məktub (şeirlər). Bakı: Gənclik, 1994, 160 səh.


Tarix: 13.01.2013 / 13:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 580 Bölmə: Şairlər və Yazıçılar
loading...