İsmayılov Faiq İslam oğlu — Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri
Həyatı
Faiq İsmayılov 1957-ci ildə Laçın şəhərində anadan olmuş, 1959-cu ildə onun valideyinləri Mirik kəndinə köçərək 18.05.1992-ci ilədək orada yaşamışdır. 1972-ci ildə Mirik kənd VIII illik, 1974-cü ildə isə Qarıqışlaq kənd orta məktəbini bitirmişdir. F.İsmaayılov 1970-1975-ci illərdə "Laçın" rayon qəzetinin nəzdindəki "İşıqlı üfüqləri" ədəbi dərnəyin üzvü olmuş həmin qəzetdə bir çox bədii yazılar və məqalələrlə çıxış etmişdir. İlk yaradıcılığa bu dərnəkdən başlayan F.İsmayılov, 1971-ci ildən "Laçın" qəzetində ədəbi və publisistik yazılarla çıxış edirdi. O, çox keçmədi ki, respublika mətbuatında da çap olunmağa başladı.
F.İsmayılov 1975-1977-ci illərdə Özbəkistanın Nəvai şəhərində hərbi xidmətdə olmuş, nümunəvi əsgər kimi bir neçə dəfə komandanlığın təşəkkürlərinə və fəxri fərmanlarına layiq görülmüşdür. Hərbi xidməti başa vurduqdan sonra, 1977-ci ilin may ayından Bakı Baş Qaz Aparatları zavodunda çilingər kimi əmək fəaliyyətinə başlamış, 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun mədəni-maarif fakültəsinə qiyabi daxil olaraq, 1983-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
F.İ.İsmayılov ömrünün ən gənc çağlarını doğulduğu Laçın rayonunun inkişafına və çiçəklənməsinə sərf etmişdir. Belə ki, o müxtəlif illərdə Laçın rayon komsomol, rayon icraiyyə komitəsi, rayon mədəniyyət şöbəsi və rayon İcra Hakimiyyəti başçısı aparatında müxtəlif vəzifələrdə çalışmış, rayon İcra başçısının müavini vəzifəsinədək şərəfli bir həyat yolu keçmiş, 1985-ci ildə Laçın Şəhər Sovetinin deputatı seçilmişdir.
18 may 1992-ci ildə Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra o, Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin yerləşdirilməsində iştirak etmişdir. O, xatirələrində yazırdı:-"Mən... Taxtakörpüdə işə çıxdım. Gördüklərim məni dəhşətə gətirirdi. Burada məskunlaşan insanlar, sözün əsl mənasında cəhənnəm əzabı yaşayırdılar. Bu ərazidəki qış yataqlarında insanların bəziləri yeraltı qazmalarda, bəziləri tövlələrdə, bəziləri isə qoyunlar üçün tikilmiş kəriskələrdə məskunlaşmışdılar. Hər tövlədə böyüklüyündən asılı olaraq 3-5 ailə birlikdə yaşayırdılar. Havalar qızdıqca ağcaqanad və birələr insanlara əziyyət verirdi. İçməli su çatışmırdı, demək olar ki, hər gün, hər yataqda cəbhə bölgələrində həlak olan insanların yas mərasimləri keçirilirdi. Evlərdən insan hıçkırıqları kəsilmirdi. Adını bilmədiyimiz müxtəlif xəstəliklər baş qaldırırdı, uşaq ölümləri az qala kütləvi hal alırdı. Dərman, sarğı və qida ehtiyatımız yox idi. Yataqları gəzmək və ya əlaqə saxlamaq üçün nəqliyyat və rabitə vasitələrimiz çatışmırdı."
1992-ci ilin iyun ayından 1993-cü ilin aprel ayına qədər Laçın rayonunun şimal hissəsində erməni işğalçılarından azad edilən 80–ə yaxın kənddə mülki vətəndaşların yaşayışı üçün həyat şəraitinin bərpası, hərbçilər üçün istehkam va qurğuların tikintisi məqsədi ilə yaradılmış qərargahın üzvü olmuşdur. O, məcburi köçkünlərin həyat şəraitinin yaaxşılaşdırılması üçün bütün qüüvvəsi ilə çalışırdı. 1995-ci ildə tutduğu vəzifədən naməlum səbəblərə görə uzaqlaşdırılan F.İsmayılov 1996-cı ilin fevral ayından ölkəni tərk etmək məcburiyyətində qaldı.
1996-cı ildən 2001-ci ilə qədər Rusiya Federasiyasının Saxa Yakutiya Respublikasının Vilyuysk şəhərində az sonra isə həmin rayonun Kızılsır qəsəbəsində yaşayıb işləmişdir. Yaşadığı ərazidə əhalinin ictimai həyatına qaynayıb qarışan və orada özünə böyük hörmət qazanan F.İsmayılov, yerli əhali arasında "Azer" ləqəbi ilə tanınırdı.
F.İsmayılov 2003-cü ildə "Tarixin faciəsi, Laçın" kitablarını və 2004-cü ildə "Qarabağ" albomunu, 2007-ci ildə "Alban mədəniyyətinə erməni təcavüzü", 2009-cu ildə isə "Məcburən erməniləşdirilmə", "LAÇIN: HƏQİQƏTLƏR, MÜLAHİZƏLƏR, TARİXİ DƏYƏRLƏR ..." kitablarını nəşr etdirmişdir.
2004-cü ildə Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyini yaratmışdır və həmin təşkilatın sədridir.
Ailəlidir, üç övladı var.
Əsərləri
"Tarixin faciəsi: Laçın" – 2003-cü il
"Qarabağ" albomu – 2004-cü il
"Alban mədəniyyətinə erməni təcavü" – 2007-ci il
"Məcburən erməniləşdirilmə" – 2009-cü il[2]
"LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər"-2012-ci il [Mənbə göstərin]
Həyata keçirdiyi layihələr
"Qarabağ abidələri tariximizin əbədi yaddaşıdır". 2009-cu il.
"Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa insan hüquqları məhkəmələrinə işlərin hazırlanması". 2010-cu il.
"Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı Məhkəmə iddiasının qaldırılması". 2011-ci il.[Mənbə göstərin]
İstinadlar
http://gun.az/karabakh/38396
↑ QHT araşdırmasına sözardı
↑ "Bu gün düşüncəmdə ermənilərin düşmən obrazı yoxdur"
Tarix: 15.01.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 510 Bölmə: Şairlər və Yazıçılar