Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haşım bəy Vəzirov

Vəzirov Mir Haşım bəy Mir İman bəy oğlu (Haşım bəy Vəzirov) - müəllim, publisist, tərcüməçi.

Həyatı

Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi. İrəvan Müəllimlər Seminariyasında oxumuşdu. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi.

İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır. Mir Haşım bəyi bu məktəbə nazir (direktor) vəzifəsinə dəvət edirlər. Məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə qlasnı seçilmişdi. İctimai işlə qızğın məşğul olmuşdu. Şuşa real məktəbin hazırlıq sinifində ana dilindən dərs demişdi.

Mir Haşım bəy təəssübkeş bir millətçi idi. 1905-1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparmışdı. 1906-cı ildə hökumət tərəfindən tutulub, sürgün edilməsinə qərar verilmişdi. Onun sürgün olunması barədə artıq hökm verilir. Lakin xəstə olduğundan Mir Haşım bəyin sürgünə göndərilməsi təxirə salınsa da, qubernatorun razılığı ilə sağalan kimi Şuşadan Stavropola sürülmüşdü. Onun sürgün həyatı uzun çəkmir, artıq 1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırınadək Bakını özünə daimi məskən edir. Bakıya qayıtdıqdan sonra Əhməd Ağaoğlunun "İrşad" qəzetilə əməkdaşlıq edən Mir Haşım bəy sonra bir müddət qəzetin müvəqqəti redaktoru olmuşdu. "İrşad"ın on beş nömrəsi onun redaktorluğu ilə çıxmışdı. "İrşad"dakı fəaliyyəti ilə Mir Haşım bəyin professional jurnalistlik dövrü başlamışdır. Bundan sonra o özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür və 1907-ci il aprelin 1-də "Tazə həyat" qəzetini nəşr etdirir. Bu qəzet tərəqqipərəst mövqe tutduğundan uzun müddət yaşaya bilmir, 1908-ci ildə oktyabrın 7-də qapanır. Sonra Haşım bəy "İttifaq" qəzetini nəşr etdirir. "İttifaq" da 1909-cu ildə bağlanmışdır. Həmin ildə o, "Səda" qəzetini nəşrə başlamışdır. Bu qəzet Haşım bəyin nəşr etdiyi mətbuat içərisində ən çox yayılanlardandır.

1911-ci ildə Bakıdakı bir çox mühərrirlərlə bərabər Haşım bəy Vəzirov da həbs olunur. Sonra həbsdən çıxmağa müvəffəq olur. "Səda" qəzeti qapandıqdan sonra "Qafqazist" adlı bir rus qəzetini, "Sədayi-vətən", "Sədayi-həqq", nəhayət, "Sədayi-Qafqaz" qəzetlərini nəşr edir. Bu axırıncı qəzet 180 nömrə çıxdıqdan sonra hökümət tərəfindən rəsmən qapanmışdır. Haşım bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də mühərriri idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur.

"Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnəpərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər. Haşım bəy Vəzirov həm də yaxşı bir yazıçı idi. O, "Döymə qapımı, döyərlər qapını", "Evlənmək su içmək deyil", "Xan-xan" adlı komediyalar yazmışdır. Bu komediyalarında köhnə adətlərə, ailə-məişət məsələlərində xəstə əhvali-ruhiyyələrə gülmüşdür. Haşım bəyin rus dilindən bir neçə tərcüməsi də vardır. Bunların içərisində Şekspirin məşhur əsəri "Otello"nun tərcüməsini göstərınək olar.

Haşım bəy Vəzirov 1916-cı ildə vəfat edib.

Ailəsi

Haşım bəy Vəzirov Sayalı xanım Mirzə Həsən bəy qızı Ağayeva ilə ailə qurmuşdu. Bir neçə övladları olsa da, onlar yetkinlik yaşına çatmadan tələf olmuşlar.


Tarix: 15.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 555 Bölmə: Şairlər və Yazıçılar
loading...