HƏYATI
Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 May-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.
Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.
Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şer dəftərini də cırıbmış.
Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.
Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.
1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəri tar-mar etmişdi.Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi.
Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi.
XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərqi-Rus” qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,”Həyat” qəzetində şer çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.
Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət “
İrşad” qəzetinin redaksiyasında korrektor işleyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.
Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu.Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir.
Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şer yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərindən birində şair deyir:
İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!
“Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: “...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.
1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Sovet hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artdı, “Hophopnamə” böyük tirajla bir neçə dəfə çap olundu.
YARADICILIĞI
Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şerlərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassiklərinin təsiri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür.
Sabirin lirik qəhrəmanı Aşiqdir. O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşiglərin dili ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan, sevgilinin rəqibə uymasından şikayətlənir.
Bu qəzəllərin məzmunu kimi, bədii təsvir və ifadə vasitələri də orta əsr şerində çox işlənən, hətta bir qismi sabitləşmiş söz və ifadələrdən ibarət idi. Aşiq çox vaxt özünü Məcnunla, sevgilisini isə Ləyli ilə müqayisə ədirdi. Pərvanə, şəm kimi obrazlardan, Adəm, Zökhak, Kəbə, Babil kimi dini, əfsanəvi, coğrafi adlardan tez-tez istifadə olunurdu.
Şairin yetkin vaxtında, 21-ci əsrin axırı, 20-ci əsrin əvvəlində yazdığı lirik şerlərin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözellik dünyasında yaşayan Aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mübarizə meydanında çarpışan müdrik və atəşin vətəndaşıdır. Onun arzusu “dilbəri-hürriyətə” çatmaqdır. Mövcud cəmiyyətin ziddiyətlərini dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır:
Mən bələ əsrarı qana bilmirəm,
Qanmaz olub dayana bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzəvü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm!
Şairə görə dünyada insan ya avam olmalı, şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu, mübariz bir həyat keçirməyi üstün tutur. Şüur, düşüncə, duyğu isə onun nəzərində həyat, azadlıq, xoşbəxtlik uğrunda mübarizə onun üçün əsas amillərdəndir.
Bədii yaradıcılığa lirik şerlərlə başlayan və sonralar da bir çox lirik şerlər yazan M. Ə. Sabit ədəbiyyat tarixində dahi satirik kimi məşhurlaşmışdır. Zəmanə onu 1905-ci il inqilabının sənətkarları sırasına daxil edərək, uzun zaman təbiətində gizli qalan böyük bədii iqtidarı üzə çıxarmışdır.
Sabirin satirik üslubu birdən-birə formalaşmamışdır. Bu nöqtəyə çatana qədər o, uzun bir hazırlıq mərhələsi keçmişdir. Hələ çox-çox əvvəllər gənc şair mürtəce adamlara, gərilik və mövhümata tənqidi yanaşmağa başlamışdı. 1905-ci il inqilabı isə Sabirin dünyabaxışında və bədii yaradıcılığında əsaslı dönüş əmələ gətirmişdir. Şair inqilabi hərəkata rəğbət bəsləmək, özünəməxsus üslubda ideyalar təbliğ etmək dərəcəsinə yüksəlimişdir. Əsərlərində ictimai məzmun, siyasi pafos güclənmiş, onda vətənpərvərlik, inqilabi-demokratik ideyalar, yüksək mənada xəlqilik xüsüsiyətləri qüvvətlənmişdir.
Sabirin bədii forma sahəsində də böyük bir novator səviyyəsinə qaldıran, onun əsərlərini demokratik bədii formanın parlaq timsalına çevirən yenə həmin tarixi dövr - 1905-ci il inqilabı olmuşdur.
1905-ci ilin şüurlarında əmələ gətirdiyi yeniliyə, sosial və milli oyanışa sevinən Sabir irticaçıların bu tarixi inkişafdan narazılığı görüb onları istehzalı gülüşlə qarşılayırdı. Bu, şairin inqilabi özünəməxsus bir yol ilə alqışlaması, onun tarixi əhəmiyyətini qiymətləndirməsi demək idi.
Dövrün ən ciddi sosial-siyasi münasibətlərini, müxtəlif ictimai baxışları çox canlı, həyati şəkildə, hətta bir çox hallarda məişət səhnələri ilə əks etdirən Sabirin fikir və xəyalının mərkəzində xalq dururdu. Əsərdən-əsərə keçərək qüvvətlənən, daim yeni məna və ifadə formaları alan xalq mövzüsü idi. Özü də bu mövzü müxtəlif bədii üsüllarla işlənmişdir.
Əsərlərinin bir qismində Sabir zəhmətkeşlərin qüdrətli müdafiəçilərindən biri olaraq bilavasitə xalqı öz haqqını başa düşməyə, birləşməyə çağırır. O, əməkçi insana məhəbbətini açıq bildirərək, “böyüklərin”, “zorbaların” zülmündən nifrətlə danışır. Belə əsərlərində o, fikirləri öz dilindən söyləyir. Əsərlərinin çoxunda isə şair istismarçı siniflərin nümayəndələrini danışdırmaq üsülundan istifadə edir. Belə əsərlərdə mənfi sürətin özü eyiblərini etiraf edib, daxili aləmini açır. O öz sözləri ilə oxucunu özünə güldürür. Başdan-ayağa kinayə və istəhza ifadə edən belə şerlərə “satirik monoloq” adı vermək olar.
Bu əsərlərdə mənfi tipləri düşündürən əsas məsələ əməkçi xalqda əmələ gələn dəyişiklik, onun fəallaşıb siyasi getdikcə daha çox qarışması, daha çox qüvvə, bacarıq əldə etməsidir.
Tarix: 23.08.2012 / 23:51 Müəllif: [Ram] Baxılıb: 3218 Bölmə: Şairlər və Yazıçılar