Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güllü Yoloğlu

Həyat və Yaradıcılığı

Filologiya elmləri namizədi, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi əslən Qazağın Canallı kəndindən olan Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub. [1]

Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı burada təyinatla işləmişlər.

Güllü üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, atasının doğma yurduna qayıdıblar. Burada 8 illik məktəbi bitirən Güllü Yoloğlu 9-10-cu sinifləri Qazax şəhər S.Vurğun adına 2 saylı məktəbdə oxumuşdur.

1980-ci ildə orta məktəbi bitirən Güllü Yoloğlu elə həmin il o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İntitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olunmuş, oxuduğu ilk ildən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, çoxlu sayda diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür.

1983-1984-cü tədris ilini Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdir. Bu illərdə o, dəfələrlə Moldovanın, Həştərxanın bir sıra tələbə elmi konfranslarında iştirak etmiş, "Komsomolets Kaspiya" qəzeti (Həştərxan), "Sovetskaya Moldaviya" qəzeti və "Kodrı" dərgisi (Kişinyov), "Müxbir", "Russkiy yazık", "Literaturnıy Azerbaydjan", "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri" qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir.

1985-ci ildə İnstitutu bitirdikdən sonra laborant kimi qalaraq tanınmış lüğətşünas M.Tağıyevin rəhbərliyi altında Lüğət bölümündə, daha sonra istedadlı alim M.Qocayevin rəhbəri olduğu XIX əsr rus ədəbiyyatı kafedrasında baş laborant kimi çalışmışdır.

1992-ci ildə müdafiə etdiyi "Azərbaycan-Moldova ədəbi əlaqələri (1940-1980-ci illər)" adlı namizədlik dissertasiyasının 2-ci fəsli qaqauzlara həsr olunmuşdur. 1990-cı illərin əvvəllərində Moldovada "Ana sözü" günlərində və qaqauzların etnogenezinə həsr olunmuş elmi simpoziumda iştirak etmişdir.

1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Yazarlar Birliyinin üzvüdür. 1998-ci ildə Ankaradakı Atatürk Kültür Mərkəzinin müxbir üzvü seçilmişdir. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərdi təqaüdçüsü olmuşdur.

2001-ci ildə "Simurq" Beynəlxalq mükafat fondu tərəfindən "İlin ən çalışkan alimi" elan edilmişdir. 2003-cü ildə KIBATEK (Kıbrıs, Balkanlar, Avrasiya Araşdırmaları Qurumu) vakfı tərəfindən "2002 yılı hizmet ödülü"nə layiq görülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi işçi olan Güllü Yoloğlu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinın "Xalq yaradıcılığı" redaksiyasının yükünü çiyinlərində daşıyır. "Soyumuz, soykökümüz", "Böyük çöl" kimi radio, "Keçmişdən gələcəyə", "Əsrlərdən gələn səslər" televiziya verilişlərinin aparıcısı və ssenari müəllifidir.

7 kitabı, 400-dən çox elmi və elmi-publisistik məqalələri var. Türk Dünyasını Sibirdən Balkanlaradək gəzərək araşdırmalar aparmışdır. Xakasiya, Tıva, Altay, Qarakalpakstan, Qazaxstan, Türkmənistan, Özbəkistan, İran, İraq, Makedoniya, Türkiyə, KKTC, Rumıniya, Moldova və digər ölkələrdə əllidən çox elmi simpoziumlarda, qurultay və konfranslarda olmuşdur.

Dünya türkləri, onların folkloru və etnoqrafik materialları, dinləri ilə bağlı Türk Dünyasının çeşidli yerlərindəki universitetlərdə konfranslar verib. Onun məqalə və kitablarının böyük əksəriyyəti Türk Dünyası coğrafiyasında "Ana sözü" (Kişinyov), "Kardeş edebiyatlar" (İzmir), "Sovet Başkortostanı" (Ufa), "Xakas çiri", "Xakasiya" (Abakan), "Tıvanın anıyaktarı" (Kızıl), "Bilge", "Milli folklor" (Ankara), "Türkoloqiya" (Türkistan) və digər qəzet və dərgilərdə məqalələri, Bişkekdə, Nukusda, Qazi Mağosada və digər yerlərdə iştirak etdiyi simpoziumların toplularında məruzələrinin mətnləri çapdan çıxmışdır.

G.Yoloğlu mərkəzi Ankarada yerləşən Türk Dünyası Qadınlar Birliyinin keçirdiyi qurultayların nümayəndəsi, İraqın Erbil şəhərində keçirilən II Türkman Qurultayının iştirakçısı olmuşdur. Bütün bu səfərlərin nəticəsində 2001-ci ildə G.Yoloğlu "Abşeron" rəsm qalereyasında "Türk Dünyası: Sibirdən Balkanlaradək" adlı tarixi və etnoqrafik materiallardan ibarət fotosərgi də keçirmişdir.

O, Ankarada çıxan "Türk Dünyası Ədəbiyyatı" 30 cildliyində Sibir türkləri ilə bağlı materialları ilə müəlliflər sırasında yer alır. Onun Ankarada Atatürk Kültür Mərkəzi yayınları tərəfindən "Türklərin ailə mərasimləri" (1999) monoqrafiyası 3 min nüsxə ilə işıq üzü görmüş, "Bilgə" dərgisinin səhifələrində müsbət rəy doğurmuşdur. Güllü Yoloğlu həm də "Kitab-i Dədə Qorqud" ensiklopediyası ikicildliyinin müəlliflərindən biridir.

2006-cı ilin mayında "Türk xalqlarının mərasimləri (tıva, xakas və qaqauz türklərinin materialları əsasında tarixi-etnoqrafik tədqiqat)" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Ahi Evran Universitetinin Elmi Şurasının üzvüdür (Türkiyə, Kırşehir).

Ailəlidir. İki qızı var.

Məqalələri

Çərşənbələri niyə səhv salırıq? [2]

«ÜZÜ ASTARINDAN BETƏR…» («Novruz bayramı ensiklopediyası») [3]

Şirin erməni qızıdırmı?! (Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair)[4]

Böyük insanın böyük məhəbbəti [5]

Kitabları

1. Qaqauzlar. - Bakı, Azərnəşr, 1996, 48 s.

2. Qaqauz folkloru. - Bakı, Yazıçı, 1996, 200 s.

3. Dədə Qorqud yaşı. - Bakı, Yeni nəşrlər evi, 1999, 136 s.

4. Türklerin aile merasimleri (tıva, xakas, qaqauz türklərinin etnoqrafik materialları əsasında). - Ankara, 1999, 180 s.

5. İlk məktub (Rumıniya ədəbiyyatından tərcümələr). - Bakı, Adiloğlu nəşriyyatı, 2002, 258 s.

6. Mövsüm mərasimləri (türk xalqlarının materialları əsasında). - Bakı, "Xəzər Universitəsi" nəşriyyatı, 2009, 218 s.

Video

Keçmişdən gələcəyə (Numizimatika) [6]

Uluslararası Somuncu Baba ve Kültür Çevresi Sempozyumu Birinci Oturum


Tarix: 15.01.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 669 Bölmə: Şairlər və Yazıçılar
loading...