Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbülfəz Hüseyni

Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, əddəbiyyatşünas, filologiya elmləri namizədi (1968).

Həyatı

Əbülfəz Hüseyni 1925-ci ilin baharında Cənubi Azərbaycanin Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stamotologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957). "Göyərçin" uşaq jurnalı redaksiyasında işləmişdir (1958-1959). Burada ilk uşaq hekayələrini və şeirlərini dərc etdirmişdir. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləmiş, eyni zamanda, "Mirzə Ağa Təbrizinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində çalışmışdır. İnstitutun mətnşünaslıq şöbəsinin böyük elmi işçisi olmuşdur (1968-ci ildən ömrünün sonunadək). Ədəbi yaradıcılıqla tələbəlik dövründən məşğul olmuş, şeirlərini və bədii tərcümələrini mətbuatda müntəzəm çap etdirmişdir. Şeirləri "Məhəbbət alovlan" kitabında toplu halda nəşr olunmuşdur. Nəsimi haqqında "Mən bu cahana sığmazam" adlı əsəriylə "Dədəm mənə kor deyib" dramı Azərbaycan Dövlət İncəsənət İnstitutunun tədris teatrında tamaşaya qoyulmuşdur. Qulamrza Cəmşidi ilə birlikdə yazdığı "Hacı Kərimin aya səyahəti" komediyası uzun müddət teatr səhnəsində oynanılmışdır. Hafiz Şirazinin "Seçilmiş şeirləri" (1967) onun tərcüməsi ilə kütləvi tirajla buraxılmışdır. Nəbatinin, Xətainin seçilmiş əsərlərini tərtib edib müqəddimə ilə nəşr etdirmişdir. Xəqaninin, Şəbüstərinin, İrec Mirzənin şeirlərini dilimizə çevirmişdir.

1987-ci ilin dekabr ayında Bakıda vəfat etmişdir.


Tarix: 14.01.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Şairlər və Yazıçılar
loading...