Qış aylarında qrip və digər infeksion xəstəliklərin daha çox yayılması danılmaz faktdır. Xüsusilə də uşaqlar qış fəslində tez-tez soyuqdəymə və ya qripə yaxalanırlar. Məktəbəqədər təhsil müəsissələri və məktəblərdə uşaqlar digər həmyaşıdları ilə ünsiyyətdə olduqları üçün xəstəliyə yoluxma halları da artır. Bəs uşaqlarınızı xəstəlikdən qorumaq üçün nə etməlisiniz?
Uşaqlarınızın qripə yaxalanmaması üçün aşağıdakılara diqqət etməlisiniz:
- Qripdən qorunmağın ən təsirli yolu qripə qarşı peyvənddir. Uşaqlar və onların valideynləri hər il qripə qarşı peyvənd etdirməlidirlər.
- Əllərinizi tez-tez yuyun. Uşaqlarınızın su və sabunla əllərini yaxşıca yuması üçün onlara tələsmədən və barmaqların arası da daxil olmaqla əlləri necə yumağı öyrətməlisiniz. Əgər yanınızda su və ya sabun yoxdursa, nəm salfetərdən də istifadə edə bilərsiniz.
- Əllərinizi üzünüzdən uzaq tutun. Uşaqlarınıza da gözlərinə, burununa, ağzına toxunmamağı öyrədin.
- Öskürüb və ya asqırdığınız zaman ağzınızı və burnunuzu bağlayın.
- Xəstə insanlarla ünsiyyətdə olmayın. Evinizə gələn xəstə insanların uşaqlarınızla təmasda olmasına şərait yaratmayın.
- Əgər uşaqlarınız qrip və ya soyuqdəymə keçirirsə, sağalana qədər məktəbdən və ictimai yerlərdən uzaq tutun.
- Qapı dəstəklərini, stolların üstü, oyuncaqlar və.s kimi uşaqlarınızın tez-tez təmasda olduğu yerləri və ya əşyaları dezinfeksiya edin.
Unutmayın ki, bütün bu qeyd edilənlərə əməl etməklə uşaqlarınızı qripdən qoruya bilərsiniz.
Tarix: 08.01.2015 / 14:11 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Saglamliq