Aləmlərin Rəbbi Allaha həmd-sənalar olsun. Onun qulu və elçisi Məhəmmədə, ailəsinə, əshabına və onların yolu ilə gedənlərə Allahın salat və salamı olsun.
Bu, ramazan ayında oruc tutmağın, ibadət etməyin və saleh əməllərlə yarışmağın fəziləti, sonra orucluqla əlaqədar bəzi əhəmiyyətli hökmlər haqda qısaca da olsa kiçik bir tövsiyədir.
Səhih hədislərdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan ayının gəlişi münasibəti ilə öz əshabəsini müjdələyər, bu ayda rəhmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladardı. Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: Ey xeyr istəyən kimsə! Buyur!. Ey şər istəyən kimsə! Geri çəkil!. Və hər gecə Allah təalə cəhənnəmdən kimlərisə xilas edər".
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazan ayı gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təalə sizi əhatə edər, rəhmətini nazil edər, günahları bağışlar və duaları qəbul edər. Allah təalə sizin bu ayda (xeyir işlər görmək üçün bir-birinizlə) yarışmanıza baxar və sizinlə Mələkləri önündə öyünər. Siz də öz nəfsinizdən Allaha xeyir nümayiş etdirin. Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır".
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar."
Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah təalə buyurur: Adəm övladının etdiyi hər bir əməl onun özü üçündür. Hər bir yaxşı əmələ onun on qatından yeddi yüzə qədər savab yazılır. Yalnız orucdan başqa. Oruc Mənim üçün tutulur və onun cavabını da Mən Özüm verəcəyəm. Bəndə (oruc tutmaqla) şəhvətini, yeməyini və içməyini Mənə görə tərk edir. Oruc tutan iki halda: orucunu açdıqda və Rəbbi ilə qarşılaşdıqda, - sevinir. Oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk ətrinin iyindən daha yaxşıdır".
Ümumiyyətlə Ramazan ayında oruc tutmaq və ibadət etməyin fəziləti haqda hədislər çoxdur.
Mömin bəndə bu fürsətdən səmərəli istifadə etməlidir. Ramazan ayına yetişməyin özü bir nemətdir. Ona görə bu ayda ibadətlərə qapanmaq və pis işlərdən çəkinmək lazımdır. Allah təalənin ona vacib etdiyi əməlləri layiqincə etməlidir. Xüsusən gündəlik beş vaxt namazı hər bir müsəlman kişi və qadın vaxtında, xüşu və rahatlıqla yerinə yetirməlidir. Çünki namaz islamın dirəyi və şəhadətdən sonra ikinci əsasıdır. Namazın kişilərə daha vacib olan haqqı onu, Allahın adını yüksəltməsini əmr etdiyi evlərdə, məscidlərdə camaat ilə qılmaqdır. Allah təalə buyurur: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!" (əl-Bəqərə: 43). "(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)." (əl-Bəqərə: 238). "Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" (əl-Muminun: 1-2). "Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin) varis olanlar. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!" (əl-Muminun: 9-11).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Bizimlə onlar (kafirlər) arasında olan fərq namazdadır. Kim onu tərk edərsə küfr etmiş olar".
Namazdan sonra ən əsas fərz zəkat verməkdir. Bu haqda Allah təalə buyurur: "Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!" (əl-Bəyyinə: 5). Allah təalənin kitabı və Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) sünnəsi (hədisləri), malının zəkatını verməyən adamın qiyamət günü əzaba düçar olacağı haqda xəbər verir.
Namaz və zəkatdan sonra ən əhəmiyyətli məsələ Ramazan orucunu tutmaqdır. Oruc tutmaq, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisində buyurulan islamın beş əsasından biridir. Hədisdə deyilir: "Islam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Allahın elçisidir kəlməsinə şəhadət vermək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc etmək".
Müsəlman şəxs orucunu və digər ibadətlərini haram buyurulmuş söz və əməllərdən qorumalıdır. Çünki, oruc tutmaqda məqsəd Allah təaləyə ibadət etməkdir. Həmçinin müsəlman orucla öz nəfsini Rəbinin itaətinə alışdırmalı və ona səbri öyrətməlidir. Bu ibadəti etməkdə məqsəd sadəcə yeməy-içməyi tərk etmək deyil, bütün haramlardan və qadağalardan əl çəkməkdir. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhih hədislərin birində belə buyurur: "Oruc mühafizədir. Kim oruc tutsa həmin gün qadınla cinsi əlaqəyə girməsin və söyüş söyməsin. Əgər kimsə onu söyər və ya onunla vuruşarsa "Mən orucam!" desin". Digər hədisdə isə buyurur: "Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təalənin onun tərk etdiyi yemək-içməyə baxmaz".
Bu və digər dəlillərdən görsəndiyi kimi oruc tutan adam Allah təalənin haram buyurduqlarını tərk etməli, ona vacib edilənlərə isə sıx bağlanmalıdır. Yalnız belə halda onun Ramazan ayında bağışlanmasını, cəhənnəm atəşindən qurtulmasını, oruc və ibadətinin qəbul olunmasını demək mümkündür.
Bəzi məsələlər vardır ki, ola bilsin çoxları onu bilməsin.
Belə məsələlərdən: Müsəlman orucunu iman və ihtisabla (savabını Allahdan diləməklə) tutmalıdır. Bu ibadətdə riya və təkəbbürlük olmamalıdır. Həmçinin orucu digər insanlara: ailəsinə, qonşularına, yerli əhaliyə və s. - baxaraq deyil, Allahın onu vacib etdiyinə iman gətirərək tutmalı və orcunun savabını Allahdan diləməlidir. Ramazan ayında digər ibadətlər də bu əsasla edilməlidir. Yəni, başqa səbəblərlə deyil yalnız iman və ihtisabla edilməlidir. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar."
Oruc tutanların bilməmək ehtimalı edilən bəzi məsələlər:
Oruc tutan, yaralanarsa, bədənindən qan axarsa, qusarsa, yaxud ixtiyarı olmadan boğazına su və ya digər maddələr gedərsə bunların onun orucuna heç bir təsiri yoxdur. Lakin kim qəsdən özünü qusdurarsa onun həmin gün tutduğu oruc pozular. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim ixtiyarı olmadan qusarsa orucunu qəza etmir. Kim ki, özünü qusdurarsa o orucunu qəza etməlidir (əvəzinə bir gün oruc tutmalıdır)".
Ola bilsin oruc tutan adamın cənabət qüslü (cinsi yaxınlıqdan sonra çimmək), yaxud heyzli (aybaşı) və ya nifaslı (doğuşdan sonrakı vəziyyət) qadının qüsl alması sübh namazından sonraya qalsın. Belə hallar oruc tutmağa mane olmur. Cənabətli kişi və qadın, heyzli və nifaslı qadın sübh namazından sonra günəşin doğmasına qədər çimməli və namazını qılmalıdır.
Analiz üçün qan vermək və ya bədəni qidalandırmaq məqsədi ilə deyil adi məqsədlə vurulan iynələr oruca təsir etmir. Lakin iynənin vaxtını axşama saxlamaq mümkün olsa bu daha yaxşı olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisdə buyurur: "Səni şübhələndirən işi şübhə olmayanla əvəz et" "Kim şübhələrdən qorunarsa öz dinini və namusunu qorumuş olar".
Həmçinin namaz qılarkən tələsmək olmaz. Bəzi insanlar Ramazan ayında təravih namazlarını qılarkən çox tələsirlər. Hətta onların bu hərəkətləri dən yeyən toyuğun hərəkətlərinə bənzəyir. Belə namaz qılmaq namazı batil edir. Çünki namazı rahat qılmaq onun ərkanlarındandır (əsas şərtlərindəndir). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namaz qılarkən tələsməzdi. Hər fəqərəsi və əzası yerini alana qədər gözləyərdi.
Təravih və gecə namazlarının rükətlərinin sayına məhdudiyyət qoyulmadığı üçün səhabələr Ömər İbn Xəttabın (Allah onlardan razı olsun) xilafəti dövründə təravih namazını bəzən iyirmi üç rükət, bəzən on bir rükət qılırdılar. Ömərdən və digər səhabələrdən edilən bu rəvayətlər səhihdir.
Bəzi sələflər Ramazan ayında otuz altı rükət qılar və əlavə üç rükət vitr qılardılar. Bəziləri qırx bir rükət qılardılar. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) onların bu əməllərini qeyd edərək buyurur: Məsələ rahatdır...yaxşı olar ki, namazı quran, rüku və səcdə ilə uzun qılanlar rükətin sayını az etsinlər, namazın rükətlərini qısa qılanlar isə sayı çox etsinlər (məna ilə).
Lakin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə diqqət yetirən adam Ramazanda və başqa vaxtlarda deyilənlərin içərisində on bir və ya on üç rükət qılmağın ən yaxşı variant olduğunu görər. Çünki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) çox vaxt gecə namazlarını bu sayda qılardı. Həmçinin bu sayda qılmaq namaz qılan camaat üçün daha asan, rahat və xüşuya zəmin yaradan haldır. Kim bundan artıq qılarsa heç bir qəbahət yoxdur. Amma dediyimiz daha yaxşıdır. Təravih namazını camaat ilə qılan adam namazı imamla birlikdə bitirsin. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim imamla namaza başlayar və imam namazı bitirənə qədər onunla qalarsa Allah təalə onun üçün bütün gecəni namaz qılmaq savabını yazar".
Ona görə bütün müsəlmanlara bu ayda ibadətlərdə fəal olmağı tövsiyə edirik. Hər bir müsəlman bu ayda mənasını dərk edərək Quran oxumalı, dua etməli, yaxşı işləri əmr etməli və pis işlərdən çəkindirməlidir. Allah yolunda dəvət etməlidir. Kasıblar, fağırlar və möhtaclarla xoş davranmalıdır. Valideynlərinə bacardıqca çox yaxşılıq etməli, qohumluq əlaqələrini sıx tutmalı, qonşularla xoş davranmalıdır. Həmçinin xəstələri ziyarət etməli və bu kimi başqa yaxşılıqlar etməyə çalışmalıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah təalə bu ayda sizin yarışmanıza baxır və sizinlə mələklərin önündə öyünür. Siz də öz nəfsinizdən Allaha xeyir görsədin. Bədbəxt insan bu ayda Allahın mərhəmətindən məhrum olan kimsədir". Başqa bir hədisdə isə deyilir: "Bu ayda hansısa bir xeyir iş görərək Allaha yaxın olmaq, başqa vaxtlar fərz ibadət etməyə bərabər olar. Bu ayda fərz ibadət edərək Allaha yaxın olmaq, başqa vaxtlarda yetmiş fərz ibadət etməyə bərabərdir" həmçinin buyurmuşdur: "Ramazan ayında ümrə ziyarəti etmək, (digər rəvayətə görə: mənimlə edilən) həccə bərabərdir". Ümumiyyətlə bu ayda fəal olmaq haqda hədislər çoxdur. Allah təalədən arzu edirəm ki, bizim hamımızı bu ayda xeyirxah işlər görməyə müvəffəq etsin. Bizim oruc və namazlarımızı qəbul etsin. Hal-əhvalımızı və güzəranımızı xoş etsin. Bizi zəlalətə düşməkdən və fitnələrdən qorusun. Həmçinin Uca Allahdan istəyirəm ki, müsəlmanların rəhbərlərini islah etsin və onların sözlərini haqq üzərində bir etsin. Həqiqətən Allah hər şeyə qadirdir.
Tarix: 05.05.2013 / 14:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1135 Bölmə: Ramazan