Budur artıq mübarək, xeyirli, əzəmətli, bərəkətli, gözəl və çoxlu xeyirləri özündə cəm edən şərəfli bir aya qədəm qoyduq. Elə bir aya ki, bu aydan çoxumuz qəflətdəyik. Allah təala bu qəflət pərdəsini bizim üzərmizdən götürsün, bizə bu ayın həqiqətini, nemətini, dadını, ləzzətini və hikmətini göstərsin. Amin! Allah təala bizə kömək olsun ki, bu ayda bütün xeyirləri əldə edə bilək. Amin! Hər bir insan Allahı ad və sifətləri ilə tək qəbul edib, tövhid kəliməsini qəbul etdikdən, inanıb dərk etdikdən sonra bilməlidir ki, islamın üçüncü şərti oruc tutmaqdır. Ey insan, əgər sən artıq özbaşına olmadığını dərk etmisənsə, sənə həyat verən və sənə nemət verən Allaha təslim olmusansa, onda bilməlsən ki, Allah təala bu mübarək Ramazan ayında sənə oruc tutmağı əmr edir.
Allah təala buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Bəqərə 183). Oruc tutmaq hicrətin ikinci ilində fərz qılınmışdır. Ramazan orucu İslamın beş şərtindən biridir. Allahın Rəsulu belə deyib: "İslam beş dirək üzərində bina olunub. 1) Allahdan başqa ilah olmadığına və Məhəmmədin onun Rəsulu olduğuna şahidlik etmək, 2) Namaz qılmaq, 3) Zəkat vermək, 4) Ramazan orucunu tutmaq 5) Kəbəni ziyarət etmək. (Buxari və Muslim). Əbu Hüreyrə (Allah ondan razı olsun) belə demişdir: Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “Oruc bir qalxandır. Oruclu adam pis söz danışmasın, cahillik etməsin. Əgər kimsə onunla döyüşmək istəsə, yaxud ona qarşı həddini aşsa iki dəfə “mən orucluyam” desin. Nəfsim əlində olan Allaha and olsun ki, oruclunun ağzının iyi misk iyindən daha təmizdir. Uca Allah: Oruclu adam yeməsini, içməsini, şəhvətini Mənə görə tərk edir. Onun mükafatını da mən verirəm, halbuki digər yaxşı əməllərin hamısı on qatla mükaftlandırılır” (Buxari, Oruc bəhsi). Oruc, oruc tutana mələki bir xüsusiyyət bəxş etdiyi üçün, ona ehtiras qapılarını bağlayıb, şər və günah üzünü göstərmədiyi bildirilmişdir. Yemək, içmək kimi bəşəri hallardan uzaqlaşıb, bir müddət mələki sifət qazanan oruclu birbaşa Allahın mükafatlandırmasına nail olur. Başqa hədislərdə belə deyilir: “Cənnətin 8 qapısı var. Bu qapılardan birinin adı Reyyandır. Oradan ancaq oruc olanlar girəcəklər” (Buxari və Müslim). “Hər şeyin bir qapısı olduğu halda, ibadətin qapısı da orucdur. Hər ŞEYIN bir zəkatı var, bədənin də zəkatı orucdur”. “Ramazan ayı girdiyi zaman Cənnət qapıları açılır, Cəhənnəm qapıları bağlanır. Şeytanlara zəncir vurulur” (Tirmizi).
Allah təala bu böyük ibadəti bir çox böyük hikmətlərə bağlı olaraq fərz qılmışdır. Bu hikmətlərin ən böyüyü isə nəfsi əmmarənin hiddət və şiddətini qırıb onu sakitliyə qovuşdurmaqdır. Fiqh üsulu elminin bəyanına görə oruc tutmaq özlüyündə insanı ac və susuz qoyur, Allahın bəxş etdiyi nemətlərdən məhrum edir və buna görə də bu kimi şeylər insan nəfsi üçün gözəl sayılmasa da nəfsi əmmarəni tərbiyə etdiyi üçün gözəl sayılmışdır. Bəli, bu bir həqiqətdir ki, insanda nəfs deyilən bir qüvvə vardır. Bu qüvvə xeyirə və şərə yarasa da, əsas etibarı ilə şərə daha çox meyillidir. İnsanın nəfsi adətən atəşə bənzəyir. Atəş necə ki, xeyirə də, şərə də yarayırsa, şəri xeyirindən daha şiddətl olursa insan nəfsi də elədir. İnsan nəfsi də daha çox şərə meyl edir. Belə ki, insan nəfsinin hər istədiyini ona verir və nəticədə o bir çox şər əməllərə yönəlmiş olur. Allah qorusun, artıq insan elə bir hala gəlir ki, bütün heyvana məxsus xüsusiyyətləri əldə edir. Əlbəttə insan bunu özlüyündə hiss etmir. Ona görə də Həzrəti Yusif (əleyhissəlam): “Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir” (Yusuf 53) deyərək Allaha sığınmışdır. Atəşi zərərsiz hala gətirmək üçün ona qarşı bəzi tədbirlər görüldüyü kimi, nəfsi əmmarəni də zərərsiz hala gətirmək üçün onun üstündə durub, onu tərbiyə etmək çox vacibdir. Məhz bu bir həqiqətdir ki, nəfsin də ən böyük tərbiyəçisi oruc tutmaqdır. Ona görə də: “Oruc tutmaq əzaları acdırır, amma nəfsi doyurur. Əzalar doyduqda isə nəfs acır” deyiblər. Oruc, insana: fağırlara və yoxsullara qarşı mərhəmət hissi aşılayır. Çünki aclıq və susuzluq hissini bir neçə vaxt dadmış insan, ilin on iki ayında eyni acı və iztirab içində çırpınan biçarələrin halını mütləq xatırladır və onlara acıyır, onların köməyinə qaçır. Orucun biz burada qeyd etmədiyimiz daha neçə hikmətləri vardır. Biz orucu çoxlu hikmətləri olduğu üçün yox, Allahın bizə əmr etdiyi üçün tuturuq. Biz soruşmuruq ki, orucun nə kimi faydaları var. Biz inanırırq və təsdiq edirik ki, Allah təalanın bizə verdyi bütün əmrlərin hamısında bizim üçün saysız-hesabsız xeyirlər və faydalar vardır.
Oruc tutmaq insanda böyük bir səbr tələb edir. Çünki səbri olmayan insanlar heç vaxt oruc tuta bilməzlər. Allah təala buyurur ki: “Qullarıma Mənim bu Sözümü de: "Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir” (əz-Zumər 10). İmam Qazali buyurur ki; Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) Tirmizi və İbn Macənin rəvayət etdiyi bir hədisdə orucun səbrin yarısı olduğunu bildirmişdir. Oruc tutanlar Cənnətə girdikdə onlara belə deyiləcək: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” (əl-Həqqa 24).
İmam Qazali daha sonra buyurur: “Orucun digər ibadətlərə görə iki xüsusiyyəti və üstünlüyü vardır. Bunlardan birincisi, onun gizli olması və bu səbəblə də son dərəcədə ixlaslı olması, ikincisi isə, onunla nəfsin qırılması və şeytanın qovulmasıdır. Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) belə buyuyrmuşdur: “Şeytan insanın damarlarında gəzib dolaşır. Oruc tutaraq onun yollarını daraldın” (Buxari və Müslim). Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) həzrəti Aişəyə (Allah ondan razı olsun) belə demişdir: “Oruc tutmaqla davamlı olaraq Cənnətin qapısını döy” (Buxari və Müslim). Həzrəti Aişə (Allah ondan razı olsun) ömrünün axırına qədər bu əmr və tövsiyyəni yerinə yetirmiş və ölüm xəstəliyinə tutulanda da oruc tutmuşdur). Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurmuşdur: “Şeytanlar insanların qəlbləri özərində gəzib dolaşmasaydılar, insanların qəlbləri qeyb aləmini görə bilərdi” (İmam Əhməd rəvayət edib). Oruc tutmaq isə şeytanları qəlbin səmtindən uzaqlaşdırar, beləliklə qəlbin gözü açılar və insan qəlbinə əks edən ilahi nurla qeybi görər və ya hiss edər. Oruc şeytanların və pis hisslərin hücumuna qarşı qoruyucu qalxandır. Oruc digər ibadətlərin də qapısıdır”. Çünki hər bir yaxşı əməl insanı özündən daha yaxşı bir əmələ götürür. Məsələn sübh namazını vaxtında durub məscidə gedərək qılan insan digər namazlarını da vaxtında və məsciddə qılır. Amma bir çox hallarda müşahidə olunduğu kimi insan tənbəl halda qalxıb sübh namazını evdə qılıb tez yatsa, digər namazlara da tənbəl yanaşır. Ona görə də bir gün oruc tutan insan əgər səbr edib orucun bütün şərtlərini yerinə yetirərək tuta bilsə, digər gün də çox həvəslə orucunu tutmağa davam edcəcək. Yuxarıda işarə etdiyimiz kimi bir yaxşılıq insanı başqa bir yaxşılığa aparır. Ona görə də bacardığımız qədər saleh (yaxşı) əməllərə yönəlməliyik ki, Allah təala bizi gördüyümüz saleh (yaxşı) əməldən daha üstün və daha əzəmətli bir əmələ yönəltsin. Amin!
Tarix: 04.05.2013 / 18:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 410 Bölmə: Ramazan