Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucun Əhkamları

Oruc hər bir həddi-buluğa çatmış müsəlmana vacibdir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz” (Qurani-Kərim, əl-Bəqərə surəsi,183).

Orucun ərkanları:
1) Fəcrin (sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək;
2) Oruc tutmaq üçün niyyət, fəcrin azanından əvvəl olmalıdır.

Orucun fəziləti:
Peyğəmbər (s.a.s) demişdir: “Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər...” (əl-Buxari, 1896). “Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır” (əl-Buxarı, 1901).

Oruc tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir.
Peyğəmbər (s.a.s) demişdir: “Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: “Mən oruc tutmuşam”” desin (əl-Buxari, 1894). Peyğəmbər (s.a.s) deyib: “Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur” (əl-Buxari, 1903).

Orucu pozan şeylər:
qəsdən qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.

Orucu pozmayan şeylər: ətir vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, sürmə vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın tibbi yoxlama üçün verilməsi caizdir .

Təravih namazları: məsciddə və ya istəyən evində də qıla bilər.Təravih namazı 8 rukətdir.Təravihdən sonra 3 rukət vitr namazı qılınır.

Qədr gecəsi: Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.
Hər bir müsəlman Ramazanın axırında fitrə-zəkat verməlidir: bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.).
Bayram namazı: orucluğun qurtarmasından sonra, səhəri gün qılınır (saat 09:00-da).

Oruc tutanın, iftarını açarkən etdiyi dua:

Zəhəbə-z-zəmə’u vabtəlləti-l-uruq va səbətə-l-əcr in şə’Allah
(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi).

Allahummə inni əs'əlukə birahmətikə-l-ləti vasiat kullə şeyin ən təğfira li
(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).


Tarix: 04.05.2013 / 18:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 384 Bölmə: Ramazan
loading...