Ramazan ayını daha çox fəzilət və ikram ayı qılan ALLAH`a həmd olsun. Ona həmd edir və bütün ehsanı üçün Ona şükr edirəm. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, Təkdir və şəriki yoxdur. Şirkdən, şübhələrdən və qorxudan uzaq şəhadətlə buna şəhadət edirəm. Bu şəhadətlə cəhənnəmdən xilas olmağı və cənnəti diləyirəm. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. O, ən yaxşı namaz qılan və oruc tutan, ən təqvalı bir şəkildə gecə qalxan və təhəccüd qılandır. ALLAH Ona, ailəsinə, qaranlığı aydınladan nur və insanlara yol göstərən hidayət öndərləri olan səhabələrinə xeyir-dua etsin.
Ey müsəlmanlar!... ALLAH`dan layiqincə qorxun! Çünki, ALLAH`dan (Subhanahu va Taala) layiqincə qorxmaq xeyirlərin toplandığı yerdir. Bərəkətlərə nail olmağın səbəbi, çətinliklərdən və bəlalardan xilas olmağın yoludur.
Ey müsəlmanlar!.. Böyük xeyirlər və bərəkətlər ayına girdiniz. Bu ayda yaxşılıqların dəyəri qat-qat artır, pisliklər bağışlanır, maneələr aradan qaldırılır... Bu ay, ən yüksək xüsusiyyətlər və ən təmiz dərəcələrlə fərqləndirilmişdir.
İslam qardaşları! Bu ayın gəlişi böyük nemətdir. Bu aya çatmaq böyük bir ehsandır. Şükr etmək lazımdır. Cənnəti qazanmağa və cəhənnəmdən xilas olmağa səbəb olacaq ibadətlərlə bu böyük fürsəti dəyərləndirmək lazımdır. ALLAH (Subhanahu va Taala) belə buyurur.
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə surəsi, 2/183.)
Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:
“Oruc və Quran, Qiyamət günü qula şəfaət edir. Oruc deyir: “Ey RƏBB`im! Onu yeməyindən və şəhvətindən uzaqlaşdırdım. Məni ona şəfaətçi qıl.” Quran deyir ki: “Onu gecə yatmaqdan uzaqlaşdırdım. Məni ona şəfaətçi qıl.” Və şəfaət edərlər.” (Əhməd ibn Hənbəl. ət-Tabərani.)
Ey möminlər!.. Ramazan, rəhmət, bağışlanma ayıdır. Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:
“Ramazan ayı gəldikdə, səmanın qapıları açılır. (Bir rəvayətdə “cənnət qapıları”, başqa rəvayətdə “rəhmət qapıları” şəklindədir.) Cəhənnəm qapıları bağlanır. Şeytanlar zəncirlənir.” (əl-Buxari. Muslim.)
Əbu Hureyrə (radiyallahu anhu), Peyğəmbərin (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:
“İnanaraq və qarşılığını ALLAH`dan gözləyərək Qədr gecəsində ibadətə qalxanın keçmiş günahları bağışlanır. İnanaraq və qarşılığını ALLAH`dan gözləyərək Ramazan orucunu tutanın keçmiş günahları bağışlanır.” (əl-Buxari. Muslim.)
Ramazan, çatışmazlıqların düzəldilməsi və əksikliklərin tamamlanması üçün vəziyyətimizi gözdən keçirdiyimiz və hadisələri düşündüyümüz fürsət olsun. Bu ay, parlaq gələcəyə doğru yaxşı çıxış olsun. Daha yaxşı vəziyyətlərə, daha doğru sözlərə və davranışlara doğru bir dönüş noqtəsı olsun.
Ey İslam ümməti!.. Günlərin davam etməsi bir ibrət, vaxtların keçməsi bir işarədir. Tarixin səhifələrını oxumaq ən böyük xatırlatmadır. Ramazan gəlməsi ilə şanlı hadisələri - Bədr döyüşündəki zəfəri, Məkkənin fəthini, müvəffəqiyyətləri, zəfərləri və üstünlükləri xatırlayırıq. Bəli, Ramazan bizlərə müsəlmanların zəfərlərini və möminlərin qəhrəmanlıqlarını xatırladır. Yərmuk döyüşünü, Qadisiyyəni unutmamışıq. Ümmət bilsin ki, o seçkin insanlar İslamın hökmünə bağlı olub anlaşmazlıqların həllində ona müraciət etdikləri üçün, aləmlərin RƏBB`inə səmimi bir tövhid və dini ilə qürur duyaraq bu üstünlük və müvəffəqiyyəti həyata keçirdilər, səadət və zəfər əldə etdilər.
Ümmət bu gün, müxtəlif müsibətlər və sayılamayacaq çətinliklər, zillət, zəiflik və məğlubiyyət yaşadığı halda bunu qəti bilməlidirlər ki, səmimi şəkildə ALLAH`a (Subhanahu va Taala) dönməkdən və Rəsulullahın (Sallallahu aleyhi və səlləm) yoluna bağlı olmaqdan başqa xilas yoxdur. Bu şərəf və fəlahın, müvəffəqiyyət və xilasın əsasıdır.
İman qardaşlarım!.. Ramazan ayı, comərdlik və kərəm ayıdır. Mərhəmət və əliaçıqlıq ayıdır. Abdullah ibn Abbasdan (radiyallahu anhuma) belə dediyi rəvayət edilir:
“Peyğəmbər (Sallallahu aleyhi və səlləm), xeyirli əməldə insaneların ən comərdi idi. Ramazanda Cəbraili (aleyhissalam) gördüyü zaman ən comərd halda olurdu. Cəbrail (aleyhissalam) Ramazan bitənə qədər hər gecə Onunla görüşür, Peyğəmbər (Sallallahu aleyhi və səlləm) də Ona Quran oxuyurdu. Cəbrail ilə (aleyhissalam) görüşdükdən sonra küləkdən daha sürətli xeyirli əməllərə tələsirdi” (əl-Buxari Muslim.)
Ey ALLAH`ın qulları! Comərdlik, çox müxtəlifdir. Hər kəs, gücü daxilində comərdlik edər. ALLAH`ın (Subhanahu va Taala) qullarına comərd davranana ALLAH (Subhanahu va Taala) da ehsanı və hədiyyəsi ilə comərd davranar. Comərdliyin ən bariz xüsusiyyətlərindən biri də insanlara yaxşılıq etmək, ac olanı doyurmaq, ehtiyac sahibinin ehtiyacını qarşılamaq, möhtac olana yardım etməkdir. Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:
“Kim bir oruc tutana iftar versə, həmin insanın əcrindən əksik olmadan ona da yazılır” (İbn Macəh. ət-Tirmizi.)
Salehlərdən biri oruc tutduğu zaman bir yemək çəkilir. İftardan əvvəl həmin yemək önünə qoyulur. Bu zaman bir dilənçinin sözünü eşidir: “Zəngin və sözündə durana (ALLAH`a (Subhanahu va Taala)) kim mükafat verəcək?” Ayağa qalxır və: “Yaxşılıqlardan yoxsul qulu.” deyərək, yemək qabını ona verir və özü gecəni ac keçirir. ALLAH (Subhanahu va Taala) belə buyurur:
“…özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (ALLAH tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan insanlar - məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (əl-Həşr surəsi, 59/9.)
Ey möminlər! Kimsəsiz yoxsullar və sığınacaq yeri olmayan insanlar var. Bir çoxları çətin günlər yaşayır. Digərləri cinayət, sürgün, dağıdıcılıq kimi müxtəlif əziyyətlər çəkir. Böyük ALLAH`dan başqa güc və qüvvə yoxdur!.
Ey rəhmət və ehsan, sevgi, comərdlik və şəfqət Peyğəmbəri olan Muhəmmədin ümməti! Qardaşlarınızı unutmayın və onların halını xatırlayın. Gücünüz çatdığı qədər qida, paltar və dərman yardımı edin. ALLAH (Subhanahu va Taala) belə buyurur:
“…(ALLAH yolunda) nə xərcləsəniz, ALLAH onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səbə surəsi, 34/39.)
Ramazanda dünyanın hər tərəfində müsəlman qardaşlarınızı xatırlayın. Onlar üçün dua edin və ALLAH`a (Subhanahu va Taala) əl açıb yalvarın. Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:
“Üç insanın duası rədd edilməz…”
O, iftar edənə qədər oruc tutan insanı da həmin insanlar arasında qeyd edir. Hafiz ibn Hacər bu hədisin “həsən” olduğunu deyir.
Əqidə qardaşları!.. ALLAH`a həmd olsun ki, Harameyn ölkəsi İslam şəriətinin və dəyərli prinsiplərinin tətbiqi ilə böyük nemətlər içində yaşayır. Vətəndaşları arasındakı həmrəyliklə idarə edən və edilənlərin birlikdə həyata keçirməyə çalışdığı sevgi şəraitində mühüm olan bir məsələ də hər tərəfə yayılmış xeyriyyə təşkilatları və cəmiyyətlərdir. Bu cəmiyyətlər sizlərin dəstəyinə və yardımına möhtacdır. Xüsusilə, bu comərdlik və ehsan ayında dəstəyinizin və yardımınızın artmasını gözləyir. Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:
“Sədəqə verdikdə maldan heç nə əksilmir.” (Muslim.)
Həmçinin belə buyurur:
“Yarım xurma ilə də olsa cəhənnəmdən çəkinin!” (əl-Buxari. Muslim.)
Möhtərəm müsəlmanlar!. Orucunuz, hər zaman günahlardan qorunduğunuz qalxan olsun. Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:
“Oruc, qoruyucu qalxandır. Biriniz oruc tuttuğu gün çirkin söz söyləməsin və ucadan danışmasın. Biri onu söysə və ya onunla mübahisə etsə, “Mən oruclu insanam” desin.” (Muslim. Əbu Davud.)
Nəfsə hakim olmaq və onu gözəlləşdirmək, əzaları qorumaq və himayə etmək orucun əsas məqsədlərindəndir. Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:
“Boş sözü, boş sözə əməl etməyi və cahilliyi bir kənara qoymayanın yeməsini və içməsini tərk etməsinə ALLAH`ın ehtiyacı yoxdur.” (əl-Buxari.)
Ey müsəlmanlar! Quran oxuyarkən, müsəlmanın qəlbi və bədəni gizli və açıq şəkildə gözəlləşir. Dünya və axirətdə dəyəri və şərəfi artır. Quran oxumaq günlər, aylar və əsrlər boyu yox olmayacaq gözəl alış-verişdir. Bu ayda Quran oxumanın fəziləti artır və dəyəri yüksəlir. əz-Zuhri ? belə deyir: “Ramazan gəldikdə yalnız Quran oxunur və yemək yedirilir.” Keçmiş alimlərdən bəziləri, Ramazan gecələrində, Quranı üç gecədə xətm edirdi. Bəziləri də yeddi gecədə xətm edirdi.
Quran oxumanın ən böyük hədəflərindən biri də onu lazımınca düşünmək, sirlərini və hökmlərini dərk etməkdir.
“(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi, 38/29.)
İslam qardaşları! Bütün bu məqsədlərin özü və əsası Quranın əmrlərinə əməl etmək, oradakı dəyərli yönləndirmələrin və şəfa olan xatırlatmaların hamısını yerinə yetirməkdir. RƏBB`imizin Kitabına və peyğəmbərimiz Muhəmmədin (Sallallahu aleyhi və səlləm) sünnəsinə tam şəkildə yönəlməkdən başqa cəzadan xilas, nəfsə rahatlıq, ayaqlar üçün sabitlik, gücün artması və üstünlük yoxdur.
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir …” (əl-İsra surəsi, 17/9.)
ALLAH (Subhanahu va Taala) məni və sizləri böyük Quran ilə mübarək qılsın...
İslam qardaşları!.. Ramazan ayı, xeyir əldə etmək üçün böyük mövsümdür. Qənimətləri və bərəkətləri dəyərləndirmək üçün yaxşı fürsətdir. Ramazanın müxtəlif xeyirli cəhətlərindən biri də bu ayın ibadət ayı, hər şeyi bilən və hökm sahibi ALLAH`a (Subhanahu va Taala) yaxınlaşma vaxtı olmasıdır. Peyğəmbərin (Sallallahu aleyhi və səlləm) belə buyurduğu rəvayət edilir:
“Kim Ramazan ayında inanaraq və qarşılığını ALLAH`dan gözləyərək ibadətə qalxarsa, keçmiş günahları bağışlanar.” (əl-Buxari. Muslim.)
Peyğəmbərlərin və Rəsulların öndəri, ümmətin Peyğəmbərini (Sallallahu aleyhi və səlləm) örnək alaraq, camaatla təravih namazı qılmağı tərk etməyin. İmamla birlikdə, imam ayrılana qədər namaza qalxan üçün bütün gecəni ibadətlə keçirənin savabı yazılır. Peyğəmbərdən (Sallallahu aleyhi və səlləm) bu “səhih” olaraq rəvayət edilmişdir.
Bilin ki, əməllərin ən üstünlərindən və ən təmizlərindən biri də peyğəmbərimiz Muhəmmədə (Sallallahu aleyhi və səlləm) xeyir-dua etməkdir...
Tarix: 04.05.2013 / 18:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 549 Bölmə: Ramazan