Həmd Allaha məxsusdur.
Allahdan diləyimiz budur ki, bizim bütün saleh iş və əməllərimizi qəbul etsin, həm gizlində, həm də açıqda bizi ixlaslı bəndələrindən olmağa yardım etsin.
Bu mübarək ayda müsəlman bəndə üçün aşağıdakı ibadət proqramı təklif olunur:
MÜSƏLMAN BƏNDƏNIN RAMAZAN GÜNLƏRI NECƏ KEÇMƏLIDIR:
1. Müsəlman bir kəs fəcr namazından öncə gününə səhur etməklə başlayır. Səhur yeməyini gecənin ən sonuna qədər gecikdirmək yaxşıdır.
2. Azandan öncə müsəlman qul fəcr namazına hazırlaşır. Odur ki, evdə dəstəmaz alır və azandan öncə məscidə gedir.
3. Məscidə daxil olduqda iki rəkət (məscidə salam-təhiyyətu-l məscid) namazını qılır. Sonra məsciddə oturub dua etməklə və yaxud Quran oxumaqla, zikr etməklə məşğul olur. Müəzzin namaz qılmaq üçün azan verənə qədər bunları etməyə davam edir.
4. Müəzzin azan verərkən azanın sözlərini təkrarlaryır və azan qurtardıqdan sonra Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət olunan duanı edir.
5. Daha sonra fəcr namazının iki rəkət (müəkkəd-təkid olunan) sünnətini qılır, sonra özünü duaya həsr edir, Quran oxuyur. Bunu namaz üçün iqamə verilənə qədər davam etdirir. Namazı gözlədiyi müddət boyunca namazda olduğu kimi sayılır.
6. Camaatla namazını əda etdikdən sonra, namazda salamdan sonra ediləcək zikrləri oxuyur. Bundan sonra istəyirsə məsciddə oturub gün çıxana kimi zikr edir və Quran oxuyur. Bu daha yaxşıdır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) fəcrdən sonra bu cür edərdi.
GÜNƏŞ DOĞUR
1. Günəş doğduqdan təxminən on beş dəqiqə sonra istəyərsə Duha namazını (ən aşağı hədd iki rəkət) qıla bilər və bu gözəl bir şeydir. Və yaxud əgər istəsə duha namazı üçün müstəhəb görülən vaxtda bu namazı qıla bilər. Bu vaxt günün ən qızmar vaxtı və günəş səmada ən yüksəkdə olduğu bir vaxta təsadüf edir. Bu daha yaxşıdır.
2. Daha sonra əgər istəyirsə özünü işə hazırlaşdırmaq üçün yata bilər. Yatarkən ibadət və ailəsi üçün dolanışıq əldə etmək məqsədilə bədənini gücləndirməyi niyyət edə bilər. Niyyət etməsindən məqsəd budur ki, inşallah ona savab yazılsın. Eləcə də, şəriətdə həm əməl, həm söz baxımından yatmağa dair buyurulan ədəblərə riayət etməlidir.
3. Sonra isə işə yollanır və zöhr namazının vaxtı yetişdikdə, azandan öncə və yaxud azandan dərhal sonra məscidə gedir. Namaza erkən çatmaq üçün hazırlıq görməlidir. Beləliklə, iki salam ilə dörd rəkət namaz qılır, sonra iqamə verilənə kimi Quran oxumaqla məşğul olur və camaatla namaz qılır, sonra zöhrdən sonra iki rəkət namaz qılır.Namazdan sonra yarımçıq qalmış işlərini qurtarır. Sonra isə iş müddəti başa çatır. Əgər iş müddəti başa çatdıqdan sonra əsr namazına çox qalıbsa, dincələ bilər. Lakin, əsr namazının vaxtına kifayət qədər vaxt qalmayıbsa və qorxulur ki, yatıb qalarsa Əsr namazına çatmayacaq, bu halda Əsr namazının vaxtı daxil olana qədər uyğun bir iş ilə məşğul ola bilər. Məsələn, ailəsinin ehtiyac duyduğu əşyaları almaq üçün bazarlıq edə bilər və yaxud işini qurtardıqdan sonra birbaşa məscidə gedib Əsr namazını qılana qədər məsciddə qala bilər.
4. Əsrdən sonra isə, baxır onun vəziyyətinə. Əgər məsciddə qalıb Quran oxumaqla məşğul ola bilirsə bu böyük bir fürsətdir. Lakin özünü yorğun hiss edirsə, bu vaxt istirahət etməlidir ki, gecə təravih namazı üçün hazır olsun.
5. Məğrib azanından öncə orucunu açmaq üçün hazırlaşır və bu müddət ərzində ona fayda verəcək Quran oxumaq, dua etmək və yaxud həyat yoldaşı və uşaqları ilə faydalı söhbətlər kimi ibadətlər ilə məşğul ola bilər.
İFTAR VERƏK
1. Bu vaxt onun edə biləcəyi ən xeyirli iş oruc tutanları iftar məclisinə dəvət etməkdir. İstər onlara yemək aparmaq və yaxud iftar yeməyini onlara paylamağa yardım etmək və yaxud bu ziyafəti təşkil etməklə olsun fərq etməz. Həqiqətən də bu cür etmək insana böyük sevinc, fərəh hissi gətirir. Bunun ləzzətini bu işlə məşğul olanlardan başqa heç kəs bilməz.
2. İftardan sonra məscidə gedib camaatla namaz qılır. Namazdan sonra iki rəkət sünnət namazı qılır. Sonra təkrar evə dönür və Allahın verdiyindən yeyir, lakin həddən artıq çox yemir. Daha sonra bu vaxtı özünə və ailəsinə həsr edərək keçirmək üçün özü üçün uyğun bir yol seçir. Məsələn, (Peyğəmbər, səhabələr və tabiinlər) barədə qissələrdən bəhs edən kitablar, əməli hökmlər, fitvalar barədə kitablar və yaxud dini krossvordlar və yaxud şəriətdə qadağan olunmayan söhbətlər və yaxud da ailə üzvlərində maraq doğuracaq digər faydalı iş ilə məşğul ola bilər. Eləcə də, onların əsas vaxt sərmayəsini onlardan qoparmağa cəhd edən kütləvi informasiya vasitələrindəki haram şeylərdən çəkinmək üçün bunun yerini maraqlı bir şey ilə doldurmalıdır. Görürsən ki, bu vaxt ərzində media ən cəlbedici verilişlərini yayımlayır, bu verilişlərdə əxlaqsız və yaramaz, ədəbsiz materiallar ilə çıxış edir. Bütüb bunlardan uzaq durmaq üçün çalış, öz əhli beytin (ailən) barədə Allahdan qorx, belə ki, qiyamət günü ailən barədə sorğu-suala çəkiləcəksən, odur ki, bu suallara cavab vermək üçün hazırlaş!
3. İşa namazına hazırlaşmaq üçün məscidə yollan və Quran oxumaqla və yaxud məsciddə verilən dərslərə qulaq asmaqla məşğul ol. Bundan sonra işa namazını, sonra iki rəkət sünnət namazı qıl.
TƏRAVİH NAMAZI
1. Sonra isə xüşu, Allahın qarşısında təvazökarlıq nümayiş etdirərək, özünü zəif, zavallı bir bəndə hiss edərək və Qurani Kərimin ayələri üzərində təfəkkür edərək imamın arxasında təravih namazlarını qıl. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim imamla namaza başlayar və imam namazı bitirənə qədər onunla qalarsa Allah təalə onun üçün bütün gecəni namaz qılmaq savabını yazar.” Əbu Davud, 1370 və digərləri. Şeyx Əlbani “Təravih Namazı” səh. 15 adlı kitabda bu hədisi səhih olaraq təsnif edib.
2. Təravihdən sonra öz vəziyyətinizə və şəxsi işlərinizə uyğun bir proqram hazırlaya bilərsiniz. Lakin aşağıdakı məsələlərə diqqət etməlisiniz:
• Haram işlərdən və harama aparacaq hər bir şeydən çəkinməli
• Ailənizi hər hansı növ haram bir işə bulaşmasına və yaxud harama aparacaq hər bir şeydən qorumaq üçün buna diqqət yetirməli. Bunu edərkən, hikmət, müdriklik yoluna baş vurmalı. Məsələn, ailən üçün proqram tərtib etməklə və yaxud istirahət səyahətləri üçün şəriətdə icazə verilən yerlərə onları apara bilərsiniz.
• Və yaxud pis dostlardan uzaq durmalı və ailəniz üçün yaxşı dostlar, yoldaşlar axtarmalı.
• Ən mühüm işlər ilə məşğul olmalı.
BUNDAN SONRA erkən yatmağa çalışın. Bu zaman şəriətdə icazə verilən yatmaq ədəblərinə həm əməldə, həm də söz baxımından diqqət etməli. Yatağa getməzdən öncə Qurandan müəyyən hissələri və ya faydalı kitablar oxuyursunuzsa, bu təqdirəlayiq bir əməldir. Xüsusilə də, Qurandan gündəlik tilavət payınızı bitirməmisinizsə-odur ki, Qurandan oxuyacağınız payınızı bitirməmiş yatmağa getməyin.
SƏHUR VƏ GECƏNİN ÜÇDƏ BİRİ
SONRA səhur yeməyi üçün qalxırsınız. Dua etmək üçün kifayət qədər vaxt ayırın. Çünki bu vaxt-yəni gecənin üçdə biri-Allah təalanın Özünəməxsus şəkildə nazil olduğu bir vaxtdır və Allah bu vaxtda Ondan bağışlanma diləyən qullarını tərif edir və bu vaxt Onu çağıranlara vəd verib ki, onların duasını qəbul edəcəkdir və bu vaxt Ona tövbə edənlərin tövbəsini qəbul edəcəkdir. Odur ki, bu mühüm fürsəti gözardı etmə.
CÜMƏ GÜNÜ GƏLİR:
Cümə həftənin ən xeyirli günüdür. Odur ki, bu gündə ibadət etmək üçün özünüz üçün xüsusi bir proqram tərtib edin. Bu proqramı tərtib edərkən aşağıdakı məsələlərə diqqət etməyiniz məsləhətdir:
• Cümə namazına tez gedin.
• Əsr namazından sonra məsciddə qalmaq və günün son saatına kimi Quran oxumaq və dua etməklə məşğul olmaq. Çünki bu vaxt duaların müstəcəb vaxtlarıdır.
• Həftə ərzində bitirmədiyiniz bəzi əməlləri tamamlamaq üçün bu gündən fürsət kimi yararlanmaq. Məsələn, həftəlik Quran tilavəti payınızı tamamlayn və yaxud kitab oxuyun və ya audioyazılara qulaq asın və digər xeyixah əməllər edin.
RAMAZANIN SON ON GÜNÜ
Ramazanın son on günündə “Leylətu-l Qadr” (Qədr Gecəsi) var. Bu gecə min aydan xeyirlidir. Ona görə də, bu on gün müddətində məcsiddə etikaf etmək (ibadət məqsədilə bir guşəyə sığınmaq) buyurulub. Necə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Qədr Gecəsini axtarmaq üçün bu cür edərdi. Kim bu vaxt etikaf edərsə bu Allahdan ona bəxş edilmiş böyük bir nemətdir.
Kim bütün müddət etikaf etməyə imkanı olmazsa, bacardığı qədər bunu etməlidir.
Ümumiyyətlə etikaf etməyə imkan etməzsə, o halda gecələri ibadət ilə keçirməyə çalışsın. Gecə namazı qılsın, Quran oxusun, Allahı zikr etsin və dualar etsin. Bu ibadətləri etmək üçün gün ərzində istirahət etsin ki, gecə durmağa taqəti olsun.
QEYD:
Bu proqram sadəcə bir tövsiyyə, təklifdir. Hər kəs öz vəziyyətinə görə bu proqrama dəyişiklik etməklə uyğunlaşdıra bilər.
Proqramda Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sübuta yetirilmiş Sünnətlərinə diqqət yetirilmişdir. Bu heç də o demək deyil ki, burada qeyd olunanlar fərzdir. Əksinə burada qeyd olunanların çoxu Sünnət və Müstəhəb əməllərdir.
Allah qatında ən sevimli əməllər az da olsa davamlı olanıdır. Ayın əvvəlində müsəlman bir kəs ibadətləri etməkdə şövqlü, yüksək əhval ruhiyyəli ola bilər, sonra isə görürsən ki zəifləyir. Bundan agah ol və bu mübarək ayda etdiyin bütün əməlləri israrla yerinə yetirməyə çalış.
Bu mübarək ayda müsəlman bir kəs vaxtını elə təşkil etməyə çalışmalıdır ki, daha çox xeyirxah və əməlisaleh işlər görmək üçün böyük bir fürsətdən məhrum qalmasın. Məsələn, ay başlamazdan öncə ailənin ehtiyac duyduğu hər bir şeyi alın və dükanlarda növbənin olmadığı bir vaxtda isə gündəlik ehtiyac duyulan əşyaları alın, dostları və ailələri ziyarət məsələsi elə təşkil olunmalıdır ki, bunlar sizi ibadətlərdən yayındırmasın.
Çoxlu ibadətlər etməklə Allaha daha da yaxınlaşmaq niyyəti sizin üçün bu mübarək ayda ən öncül məsələ olmalıdır.
Ayın əvvəlində özünüzə qərar verin ki, namaz vaxtlarından öncə məsciddə hazır olasınız və Allahın Kitabını bu ay xətm edəsiniz, bu əzəmətli ayda gecə namazlarını müntəzəm şəkildə əda edəsiniz, malınızdan bacardığınız qədər sədəqə verəsiniz.
Ramazan ayından maksimum istifadə edin ki, Allahın Kitabı ilə əlaqəniz, bağlılığınızda güc üstünə güc gəlsin. Bunun üçün aşağıdakı vasitələrdən istifadə edin:
Quran ayələrini düzgün oxuyun. Bunu etmək üçün Qurani Kərimi yaxşı oxuyan bir nəfər ilə məşğul olaraq səhvlərinizi düzəldin. Bunu edə bilmirsinizsə, Qurani Kərimin qiraətində mütəxəssis olan qarilərin lent yazılarına qulaq asın.
Allah təalanın əzbərləmək üçün sizi müyəssər etdiyini təkrar edin və daha çox əzbərləyin.
Ayələrin təfsirini oxuyun. Bunun üçün mötəbər təfsir kitabları: Təfsir əl-Bəğavi, Təfsir İbn Kəsir və Təfsir əs-Sadi kimi təfsir kitablarında başa düşmədiyiniz ayələrin mənasına baxın. Və yaxud Təfsir Kitabı oxumaq üçün özünüz üçün bir proqram qurun. Öncə Qurani Kərimin otuzuncu cüzündən başlayın, sonra isə iyirmi doqquzuncü cüz və s. irəliyə doğru hərəkət edin.
Allahın Kitabından oxuduğunuz əmrləri əməllərinizdə tətbiq etmək üçün çalışın.
Uca Allahdan diləyimiz budur ki, Ramazanın nemət və bərəkətlərini bizim üçün bol-bol etsin və bütün ayı oruc tutub gecə namazlarını qılmaqda bizə yardım etsin, bizdən etdiyimiz əməlləri qəbul etsin və yol verdiyimiz nöqsanları isə əfv etsin.
Tarix: 04.05.2013 / 18:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 429 Bölmə: Ramazan