Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ermənistan azərbaycanlıları - Tarixi

Erməni-amerikalı tarixçi Corc Burnutyanun tədqiqatına əsasən, "XIX əsrin birinci rübündə İrəvan xanlığı Şərqi Ermənistanın əksərini, təqribən 7 min kvadrat mil ərazi əhatə etmişdir. Bu ərazi böyük dərəcədə dağlı və quraq idi; 100 min nəfərdən ibarət olan əhalisinin 80%-inə yaxın müsəlmanlar (farslar, azərbaycanlılar, kürdlər), 20%-ini isə məsihilər (ermənilər) təşkil edirdilər".
1828-ci ildə İrəvan xanlığının Rusiyanın tərkibinə əlavə olunmasından dərhal sonra xeyli müsəlman (azəri, kürd, ləzgi və müxtəlif köçəri tayfalar) bu ərazini tərk etdi. Onların əvəzinə İrandan çar höküməti tərəfindən bu yerlərə on minlərlə erməni köçürüldü. Məsihilərdə (xristianlarda) dayaq görən rus höküməti ermənilərin Türkiyə və İrandan Qafqaza köçməsini bilavasitə dəstəkləyirdi. Bu səbəbdən erməni mühacirəti XIX əsrin ərzində və XX əsrin əvvəlində burada kəsilmədən davam edirdi. Nəticədə artıq 1832-ci ildə keçmiş İrəvan xanlığının ərazisində həm yerli, həm mühacir ermənilərin ümumi sayı müsəlmanların sayını ötmüşdür. Brokhauz və Efron qamusuna əsasən XX əsrin əvvəlində azərilərin (mənbədə "Adərbeycan tatarları" kimi göstərilmişdirlər) böyük qismi hələ də Rus Ermənistanında yaşayırdı. 300 minə yaxın sakindən ibarət olan azərbaycanlı icması İrəvan valiliyinin 37,5%-ini təşkil edirdi. Əksəriyyəti kəndlərdə yaşayıb əkinçilik, maldarlıq və xalçaçılıq ilə məşqul idi. Valiliyin 7 qəzasından 4-ündə, o cümlədən valilik mərkəzi İrəvanda azərbaycanlılar çoxluq təşkil edirdilər. Tarixçi Luici Villarinin məlumatına görə 1905-ci ildə (Erməni-müsəlman davasının astanasında) İrəvanda azərilər iqdisadi baxımdan ermənilərdən daha dövlətli idilər.

Ermənistan azərbaycanlıları üçün XX əsr sıxışdırma, ayrıseçkilik və ölkənin demoqrafiyasını tamam dəyişdirən kütləvi və çox dəfə zorakı sürgünlər dövrü idi. Buna baxmayaraq Dağlıq Qarabağ münaqişəsinə qədər onlar Ermənistanın ən iri etnik azlığını təşkil etməyə davam edirdilər. 1905–1907 illərdə İrəvan valiliyi ermənilər və azərilər arasında baş verən qanlı döyüşün arenası oldu. Döyüş çar höküməti tərəfindən doğurulub, cəmiyyətin diqqətini Birinci Rus inqilabından yayındırmaq üçün, tarixdə o vaxta qədər bir biri ilə münaqişədə olmayan bu iki xalqın arasına fitnə vasitəsi ilə düşmançılıq salındı.

Azərbaycanın və Ermənistanın 1918-ci ildə müstəqillik elan etməsi vəziyyəti daha da gərginləşdirdi. Hər iki dövlət eyni əraziləri öz tərkibində görmək istəyirdi. Ermənistan öz iddialarını əsaslandırmaq üçün bu ərazilərdə müsəlmanların tam məhvinə yönədilmiş siyasətə girişdi. Qanlı və vəhşi talan azərilərin qismən qırılmasına, qismən Azərbaycana, Türkiyəyə və İrana qaçıb xilas olmağına səbəb oldu. Hətta Sovet İttifaqının formalaşmasıdan sonra çoxsu qayıtmadı; 1926-ci Ümumittifaq əhali qeydinə əsasən Ermənistanda yalnız 83.181 nəfər azərbaycanlı yaşayırdı.

1948–1950-ci illərdə Sovnarkom "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qətnamə qəbul etmişdir. Ermənistanın ildən ilə böyüyən azərbaycanlı icmasının böyük qisminin guya könüllü surətdə mərkəzi Azərbaycana köçməsi əslində Orta Şərqdən və Avropadan "tarixi vətəninə qayıdan" ermənilər üçün yer boşaltmaq məqsədini güdürdü. O illərdə daha 100 min azəri Ermənistanı tərk etdi.

1988–1991-ci illərdə Ermənistandan Azərbaycana son 200 min qaçqın qəbul olundu. Bunların əksəriyyəti Ermənistanın 22 rayonundan didərgin düşən azərbaycanlılar idi.


Tarix: 09.02.2015 / 16:12 Müəllif: Feriska Baxılıb: 148 Bölmə: Qərbi Azərbaycan
loading...