Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Niftalı

Həyatı
Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1911-ci ildə Göyçənin Ardanış kəndində anadan olub.

Atası Kərbəlayı İsmayıl, əmisi Məhəmməd aşıq olmasalar da, sənətə yüksək qiymət verər, sənətkara sonsuz hörmət bəsləyərmişlər. Belə bir mühitdə böyüyən Niftalı da meylini saza-sözə salır. Oğlunun bu həvəsini görən Kərbəlayı İsmayıl Niftalını Qızılvəng kəndində yaşayan, dövrünün tanınmış sənətkarı Aşıq Quluya şəyirdliyə verir.

Ərəb-fars dillərini mükəmməl bilən Niftalı beş il Aşıq Qulunun yanında şəyirdlik edir, fitri istedadı, qabiliyyəti, güclü hafizəsi sayəsində tezliklə saz-söz sənətinin sirlərinə bələd olur, səsi, ifası ilə tanınır, məşhurlaşır.

Aşıq Niftalının şaqraq səsinin, gur zənguləsinin səsi-sorağı tezliklə Göyçədən Tovuz, Gədəbəy, Qazax, Borçalı mahalınacan yayılır. Ustad aşıq Qazaxıstana, Özbəkistana, İrana səfər edir, yaddaqalan məclislər aparır.

Aşıq Niftalı dövrünün tanınmış saz-söz ustadları Aşıq Əsəd, Aşıq İmran, Aşıq Mahmud, həmçinin Aşıq Əkbər, Aşıq Hüseyn Saraclı ilə dostluq edib. O, ömrü boyu dost olduğu Cilli Aşıq Yunusla çoxlu toylar, məclislər yola salmışdı.

Aşıq Niftalı böyük sənətkar olmaqla yanaşı, həm də Aşıq Məhəmmədəli, Aşıq Kərim, Aşıq Mikayıl, Aşıq Sultanəli və başqalarının ustadı olmuşdur.

Aşıq Niftalı bütün saz havacatlarını ustalıqla ifa etməklə bərabər, 24 dastanı mükəmməl söyləyərmiş. Bu dastanlar arasında “Alıxan-Pəri”, “Əsli-Kərəm”, “Abbas-Gülgəz”, “Qurbani”, “Əmrah”, “Lətif şah”, “Tahir-Zöhrə” aşığın ifasında xalqın yaddaşına hopar, hamı feyzyab olarmış.

Aşıq Niftalı 1942-1944-cü illərdə II Dünya müharibəsində iştirak edir. Cəbhədə xüsusi fəallığı ilə seçilən aşıq boğazından yaralanaraq ordudan tərxis olunur. Müharibədən qayıdandan sonra bir müddət doğma kəndlərində sinif müəllimi işləyir.

1949-cu ildə aşıqlar müsabiqəsində iştirak edərək qalib adını qazanır, 1961-ci ildə III aşıqlar qurultayının nümayəndəsi olur.

Ustad sənətkar 1976-cı il sentyabrın 27-də vəfat etsə də, onunla bağlı xalqın yaddaşına, ruhuna hopmuş xatirələr rəvayətə çevrilib onu unudulmağa, yaddan çıxmağa qoymur.

Deyilənlərə görə, “Aşıq Şenlik” dastanı ilk dəfə Aşıq Niftalının ifasında səslənib və onun ifası ilə məşhurlaşıb. Ehtimal olunur ki, Aşıq Niftalı bu dastanı iranlı aşıqdan öyrənib.

Haqqında əhvalatlar
Rəvayət eləyirlər ki, kəndə bir öküz alan gəlir. Kərbəlayı İsmayıl deyir ki, sən kimsən, haralısan? Kişi cavab verir ki, bəs qızılvəngli Aşıq Quluyam, öküz almağa gəlmişəm. Kərbəlayı İsmayıl deyir, sənə iki öküz versəm oğlumu şəyird götürərsənmi? Deyir, niyə götürmürəm. Sövdələşirlər. Kərbəlayı İsmayıl Aşıq Quluya iki öküz verir, Niftalını da götürüb gedir.

Deyilənə görə, o, toylardan birində göstərdiyi məharətdən sonra karlı bir ustad şilləsi ilə mükafatlandırılır, ad-san qazanır. Söyləyicilər bu əhvalatı öz şivələrində danışıb, yazıda belə əbədiləşdiriblər: “Bir gün toyda Aşıq Niftalı azarrıyıf yorğan-döşəyə düşür. Toyun şıdırğı vaxtı Aşıx Qulu gəlif deyir ki, a Niftalı, toy yaxşı getmir, özünü nətəhər hiss eliyirsən? Niftalı bir stəkan çay içif paltarını dəyişir, sazı götürüf düşür meydana. Məclis təzədən qızışır. Aşıx Qulu söyündüyündən ağlayır. Duruf Aşıq Niftalının üzünə bir şillə çəkir. Aşıx Niftalı ölənə kimi danışerdi ki, şilleyi elə çəkdi ki, gözümdən od çıxdı. Deyir, a Qulu əmi, niyə məni vurdun? Axı mən pis oxumadım. Deyir, a bala, bu ustad şilləsidi. Bunu hər adama vurmurlar. Sən ki, bu toyu belə keçirdin, sənə zaval yoxdu, innən belə harda ağır məclis var - sənnikdir”.

Belə söylənilir ki, bir gün Gədəbəydə toy olur, deyirlər ki, bu toya kimi gətirək, axırda Hüseyn Bozalqanlının üstündə dayanırlar. Gedib Hüseyn Bozalqanlını evdə tapmırlar. Bu dəfə Göyçədən Aşıq Niftalını gətirməyə gedirlər. Bu yandan da Hüseyn Bozalqanlı evə qayıdanda ona deyirlər ki, səni filan toya çağırırdılar. O da atın başını döndərib Gədəbəyə yollanır. Gəlir ki, toyda gözəl bir aşıq oxuyur. Görür ki, aşığın çox şirin səsi var, özü də Bozalqanlının şeirini oxuyur. Bozalqanlı ayağa qalxıb deyir ki, “A bala, bu kimin sözüdür? Niftalı ədəb-ərkanla cavab verir ki, ay dayı, bu Tovuzda bir Hüseyn Bozalqanlı var, onun sözləridir, çox gözəl aşıqdır, onun sözünü həmişə oxuyuram”. Hüseyn Bozalqanlı kim olduğunu deməyib sonacan aşığa qulaq asır. Toy qurtaranda, durub Aşıq Niftalının üzündən öpür, sən mənim qonağım olmalısan - deyib onu Tovuza aparır. Bir rəvayət də belə yaranır.

Aşıq Niftalı boylu-buxunlu, yaraşıqlı bir insan olmaqla yanaşı, həm də səxavətli, əliaçıq bir bəndə imiş. Bir gün onu toya çağırırlar. Fikirləşir ki, kənddəki aşıqlardan kimi tapım, yoldaş kimi özümlə aparım. Deyir, İsanı çağırsam yaxşı olar. Aşıq İsa da ot çalmağa, kərənti çəkməyə gedibmiş. Niftalını gəlib maşın aparır, İsa gəlib çatmır. Camaat danışır ki, Niftalı toydan gələndə maşını birinci İsanın qapısında əylədir, pulu İsa ilə tən yarı bölüb deyir ki, bu gün qismətin vardı, gedə bilmədin, elə bil gedibsən.

Aşığın balabançısı Pəmbəkli Əli deyirmiş ki, bir dəfə Aşıq Mikayılla Səmərqəndə getmişdik. Səmərqəndin böyük məmurlarından biri qayıdır ki, a bala, Göyçədən bura çox aşıqlar gəlib, balabançılardan bircə səni, aşıqlardan bircə Niftalını heç kim əvəz edə bilməyib.

Ailəsi
qızı Qumaş xanım


Tarix: 05.02.2015 / 16:53 Müəllif: Feriska Baxılıb: 1197 Bölmə: Qərbi Azərbaycan
loading...