Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nüvədi (Meğri)

Tarixi
Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Kəndin adı 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Nüyədə (143, s.179), erməni (415, s.68), rus dilli (309, s.20; 266, s.201) mənbələrdə Nyuvadi formalarında qeyd edilir. Yerli əhali isə kəndə Nüyədi, Nüədi deyirdilər.

Kənddə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.68-69, 142-143). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir.

Burada 1922-ci ildə 662 nəfər, 1926-cı ildə 480 nəfər, 1931-ci ildə 590 nəfər (415, s.68-69, 142-143), 1979-cu ildə 1700 nəfər (85, s.175) yalnız azərbaycanlı yaşamışdır. Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri - azərbaycanlılar 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx (253, s.23, 128, Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri, B., 1967, 8, s.231), "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy (8, s.344) sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün (339, s.177; 104, s.139) qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur.

Əhalisi
1991-ci ilə qədər azərbaycanlılar.

Görkəmli şəxsiyyətləri
Xalid Qurbanov - texniki elmlər doktoru(1994), Aqrar Universitetinin professoru.
Alqış Həsənoğlu - filologiya elmləri namizədi, Milli Məclisin deputatı.
İsmayıl Əliyev - alim
Faiq Cəfərov - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991)
Amanov Mail Vəli oğlu - Azərbaycan Elmi Tədqiqat üzümçülük və şərabçılıq İnstitutunun direktoru
İqtisadiyyatı
Meyvəçilik, üzümçülük, əkinçilik və heyvandarlıqdan ibarətdir.


Tarix: 06.02.2015 / 18:38 Müəllif: Feriska Baxılıb: 156 Bölmə: Qərbi Azərbaycan
loading...