Həyatı
Qərib Məmmədov 6 yanvar 1947-ci ildə Ermənistan SSR Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ölkəmizdə və dünyada tanınmış alim və bacarıqlı elm təşkilatçısı kimi məşhurdur.
1970-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən Q.Ş.Məmmədov bir müddət Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində işləmişdir. 1971-1972-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1972-ci ildən Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir. 1973-cü ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1978-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək torpaqşünaslıq ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Sonra həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1984-cü ildən isə laboratoriya rəhbəri olmuşdur.
1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək ekologiya ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş Q.Ş.Məmmədov ölkəmizdə həmin ixtisas üzrə yeganə professordur.
1994-cü ildən Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Q.Ş.Məmmədov 400-dən çox elmi əsərin, o cümlədən 21 monoqrafiya və kitabın, 20 metodik tövsiyə və kitabçanın, Azərbaycan torpaq və torpaqların ekoloji qiymətləndirilməsi xəritələrinin müəllifidir.
Q.Ş.Məmmədov torpaq kadastrı, torpaqların ekoloji münbitlik modeli, torpaqların ekoloji qiymətləndirilməsi, torpaqların bonitirovkası, torpaqların ekoloji keyfiyyətinin monitorinqi ilə bağlı çoxsaylı, sanballı elmi araşdırmaların müəllifi, o cümlədən Azərbaycan Respublikası ekoloji problemlərinin sistem halında öyrənilməsi konsepsiyasının yaradıcısıdır. Torpaq islahatının həyata keçirilməsində böyük əhəmiyyəti olan, torpaqların iqtisadi (pulla) qiymətləndirilməsi məsələlərinin elmi cəhətdən həlli məhz Q.Ş.Məmmədova məxsusdur.
Onun rəhbərliyi altında 35 nəfərdən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb, daha 20 nəfərin isə işlərinə rəhbərlik edir.
Professor Q.Ş.Məmmədov ABŞ, Fransa, Türkiyə, İsveç, İran İslam Respublikası, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belorusiya, Moldova, Türkmənistan, Gürcüstan, Baltik ölkələri və başqa ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələr etmişdir. Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin prezidentidir.
Q.Ş.Məmmədov 1994-1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kənd təsərrüfatı üzrə ekspert komissiyasının üzvü olmuşdur.
Q.Ş.Məmmədov 2001-ci ildən Azərbaycan Respublikası MEA-nın müxbir üzvü, Beynəlxalq Ekologiya və Energetika Akademiyasının akademiki, eyni zamanda Ekologiya bölməsinin akademik-katibi, Rusiya Ekologiya Akademiyasının üzvü, Beynəlxalq "Noosfer" Akademiyasının həqiqi üzvü, Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, 10 may 2002-ci ildən Beynəlxalq Elmlər Akademiyasının akademikidir.
1997-ci il iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Dövlət Torpaq Komitəsinin, 18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, 23 oktyabr 2004-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunmuşdur.
Q.Ş.Məmmədov 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin (1-ci çağırış) üzvü seçilmişdir.
Ailəlidir, iki övladı var.
Hazırda respublikamızın torpaqşünaslıq, coğrafiya və ekoloji problemləri ilə bağlı elmi araşdırmalar aparır və bu sahədə elmi iş aparan gənc alimlərin bir qrupuna rəhbərlik edir.
Tarix: 05.02.2015 / 15:49 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Qərbi Azərbaycan