Əmir Əliyev (tam adı:Əliyev Əmir İbrahim oğlu; d. 4 aprel, 1973, Nüvədi, Meğri rayonu, Ermənistan SSR) — professor (2009), hüquq elmləri doktoru (2007), Hüquq fakültəsinin dekanı
Həyatı
Əmir Əliyev 1973-cü il aprel ayının 4-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Meğri rayonunun Nüvədi kənd orta məktəbində oxumuş, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.
1995-ci ildə BDU-da "Beynəlxalq hüquq" ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1997-ci ildən hal-hazıra qədər BDU-da əvvəlcə müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışır.
Ailəsi
Ailəlidir, üç övladı var.
Pedaqoji fəaliyyəti
1997-ci ildən 2006-cı ilə kimi BDU-nun "Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ" kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində işləmişdir. 2006-cı ildən yeni yaranan "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedrasının dosenti, 2009-cu ildən isə professoru vəzifəsində çalışır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Hüquq» elmləri üzrə Ekspert Şurasının üzvüdür. Eyni zamanda, Vəkillər üzrə Respublika İxtisas Komissiyasının üzvüdür. BDU tərəfindən buraxılan «Beynəlxalq hüquq və inteqrasiya problemləri» adlı elmi-analitik və praktiki jurnalın baş redaktor müavinidir.
Əmir Əliyev "Beynəlxalq ümumi hüquq", "İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi", "Beynəlxalq gömrük hüququ", "Avropa hüququ" fənlərini tədris edir.
Elmi fəaliyyəti
2003-ci ildə "Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq" mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş, hüquq elmləri namizədi alimlik dərəcəsi, 2007-ci ildə isə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika" mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır.
Əmir Əliyev "Beynəlxalq hüquq", "İnsan hüquqları" və "Avropa hüququ" sahələri üzrə tədqiqat aparır.
Kitabları
Beynəlxalq ümumi hüquq. Metodik vəsait. Bakı, 2005.
Beynəlxalq xüsusi hüquq. Dərslik. Tərcümə. Bakı, 2007.
Beynəlxalq turizm hüququ. Monoqrafiya. Bakı, 2007.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi. Monoqrafiya. Bakı, 2007.
Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri. Dərslik. Bakı, 2007.
İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Dərslik. Bakı, 2009
İnsan hüquqları. Dərslik. Bakı, 2013.
Tarix: 06.02.2015 / 17:26 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Qərbi Azərbaycan