Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin (s.a.v.) Səhabələrinin Tarixi: Əshabələrin fəziləti

Allaha həmdü səna olsun! Mən şahidlik edirəm ki, vahid Allahdan başqa ibadət olunmaq haqqı olan heç bir tanrı yoxdur. O, bütün əzəmət, gözəllik və kamillik sifətlərinin tam sahibidir. Həmçinin şahidlik edirəm ki, Məhəmməd (s.a.v.) Onun qulu və haqq yolunu göstərən sevimli peyğəmbəridir. Ona və Onun haqq yolunun ulduzları, zülmətlər çıraqları, din uğrunda döyüşlərin cəngavərləri olan ailə üzvlərinə və əshabələrinə, onların yolunu tutanlara və açdıqları cığırla gedənlərə, onların göstərdikləri hidayət yolunun yolçularına, insanları Allahın dirildəcəyi günə qədər onların əxlaqı və davranışlarını rəhbər tutanlara salavat və salam olsun!
Ən doğru söz sahibi Allah buyurur: «Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və, sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əksiltmədən) qoruyub saxlayacayıq!» (əl-Hicr, 9).

Bütün nöqsanlardan uzaq Uca Allah öz peyğəmbərinə vəhy etdiyi Zikri insanlara nazil etmiş və onlara onu təhrifdən, təbdildən və artırılıb-əskildilməkdən qorumağı tapşırmışdır. Bütün nöqsanlardan azad Uca Allah heç bir alış-verişin zikr etməkdən və namaz qılmaqdan yayındırmağa qadir olmadığı kişiləri – Allahın elçisinin (s.a.v.) tərbiyə etmiş olduğu birinci nəsli təmsil edən əshabələri bu dinə cəlb etdi.
Allah bu adamları xüsusi bir qayğı ilə əhatə etmişdi. Onlar Böyük Yaradanın dərgahından nazil olmuş vəhyə iman gətirmiş, onu öz ürəklərində hifz etmiş, ağılla dərk etmiş və əməli işdə rəhbər tutmuşlar. Onların ruhları bu vəhylə qüvvətlənmiş, əxlaqı paklanmışdır. Onlar bu vəhyin yayılması yolunda cihada çıxmış, onu təvil (saxta yozum) və təhrifdən qoruyaraq öz övladlarına da öyrətmişlər.
Bu adamlar Məhəmməd peyğəmbərə (s.a.v.) Allahın elçisi kimi iman gətirmişlər. Onlar Allaha pənah aparmış, Onun haqq dinini müdafiə etmiş, Onun haqqını tanımış, Onun uğrunda həlak olmuş, öz mallarını və canlarını Ona fəda etmiş, dünyanın və axirətin xeyrini qazanaraq Allah təalanın razılığına layiq olmuşlar. Allah təala Öz Kitabında dəfələrlə onlardan öz razılığını bildirmişdir. Peyğəmbər (s.a.v.) də hər biri ilə əlaqədar öz hədislərində onlardan öz razılığını bildirmişdir.
Allah təalanın onlara böyük kəramət bəxş etdiyindən onlar insanların qəlblərini imanla, ölkələrini isə silahla fəth edə bilmişlər. Allahın buyurduğu kimi, onlar: «…Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki, Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın…» (əl-Əhzab, 23).
Allah təala bu adamları Peyğəmbərə (s.a.v.) bu dini yaymaq üçün silahdaş seçdi. Onlar bu yolda heç nəyi – nə canlarını, nə də mallarını əsirgəmədilər. Bu yolda ailələrini, evlərini, vətənlərini tərk edib öz dinlirini qorumaq üçün hicrət etdilər. Ən çətin anlarda özlərinin Peyğəmbəri ilə hər şeyə dözdülər və bununla da tarixdə ən yaxşı müəllim, insanpərvər, humanist və əzəmətli bir nəsil kimi tanındılar. Onlar Allahın bu kəlamına layiq idilər: «(Əksəriyyəti yazıb oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfrdən) təmizləyər, onlara Kitabı və hikməti öyrədər. (Allah təala Məhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir). O, yenilməz qüvvət, hikmət sahibidir! Bu, Allahın istədiyinə verdiyi fəzilətidir. Allah böyük fəzilət sahibidir» (əl-Cumuə, 2-4).
Burada biz bu misilsiz nəslin həqiqi təsvirini vermək, onların millət, iman, bilik, haqq və ədalət yolunda cihadda, İslamı və vətəni müdafiə etmək işində nümayiş etdirdikləri məsuliyyətdən, bir-birinə bəslədikləri qardaşlıq, məhəbbət, ehtiram hissindən, onların təvazökarlığından danışmaq istərdik. Bu elə bir nəsil idi ki, çoxsalı siyasi küləklər onların həqiqi surətini təhrif etmiş, xidmətlərini kiçiltmişdir.
Ola bilsin bu kitab əshabələri mədh edən, onların kəramətini aşkar edən, sonra gələnlərdən necə seçildiklərini göstərən mübarək ayələrə istinad edərək bu misiliz nəslin həqiqi surətini verə bilməsin. Yalnız mübarək ayələr aqili qane edə, mömini razı sala bilər. Çünki Quran Allahın Kitabı və Kəlamıdır. Biz yalnız Ona iman gətirib, Onu təsdiq edə bilərik. Əshabələrin haqqına naqislik gətirən, onların xidmətini kiçildə bilən hər hansı bir söz qəbul oluna bilməz.
Bu məqsədlə misal gətirilmiş ayələrə əlavə olaraq səhih hədisləri də əlavə edilir. Əlbəttə, ayələrin onların məzmununu qüvvətləndirən bir şeyə ehtiyacı yoxdur. Çünki onlar açıq-aşkar və aydındırlar, hər bir ağıllı adam üçün başa düşüləndirlər. Lakin həqiqəti təmamilə aydınlaşdırmaq üçün hər bir doğru sözdən istifadə etmək pis olmaz. Axı Allah təalanın və Onun Peyğəmbərinin (s.a.v.) kəlamlarından daha doğru nə ola bilər?!


ƏSHABƏLƏRİN QURANİ KƏRİM VƏ
SÜNNƏDƏ YERİ

1) Əshabələr kimlərdir
Ərəb dilində əshabə “sühbə” (yoldaş, silahdaş, tərəfdar) sözündəndir. Deyilir: filankəslə ömrü boyu, həyatı boyu, il boyu, ay ərzində, bir gün, bir saat, yoldaşlıq etmək, tərəfdar olmaq – “müsahabə” sözü də s.h.b. kökündən olub dostluq, silahdaş olmaq deməkdir (“Lisanul-ərəb”, 217).
Hədis alimləri əshabə ifadəsini belə izah edirlər: Əshabə, Peyğəmbəri (s.a.v.) ona dərin iman hissi ilə qarşılayan, onunla uzun və ya qısa müddət ərzində həmsöhbət olan, onu görüb və gözləyib ondan hədis rəvayət edən, onunla hərbi yürüşlərdə iştirak edən və ya etməyən, onu gözlə görən, lakin onunla söhbət etməyən onu təbii səbəbdən görməyən (məsələn, kor adam kimi) müsəlman şəxsdir. Bu rəy alimlərin əksəriyyətinin rəyidir (İbn Həcər, “əc-Əshabə”, 1/4).


2) Əshabələrin təbəqələri
Göründüyü kimi, hədis alimləri səhabi (əshabə) adını Peyğəmbər (s.a.v.) haqqında hədis rəvayət edən və ya bir söz söyləyən adama, habelə daha geniş mənada Peyğəmbəri (s.a.v.) görən şəxsə verirlər. Deyirlər ki, bu şərəfi Peyğəmbər (s.a.v.) özü öz silahdaşlarına layiq bilib demişdir: “Məni görən və ya məni görəni görən şəxs odda yanmaz” (ət-Tirmizinin rəvayət etdiyi etibarlı hədisdir).
Bununla yanaşı, əshabələrin -Allah onlardan razı olsun! –radıyallahu anhum- təbəqələri və dərəcələri vardır. Elələri vardır ki, onlar İslamı ən birinci qəbul edənlərdir. Onların Peyğəmbərlə (s.a.v.) əshabəliyi (yoldaşlığı, dostluğu, silahdaş olması müddəti) daha uzun olmuşdur. Onlar malik olduqları sərvəti dəvətə həsr etmiş, bu yolda qan axıtmışlar. Elələri də vardır ki, Peyğəmbəri (s.a.v.) vida həcci ziyarəti vaxtı cəmi bir dəfə görmüşlər. Həm onlar, həm də bunlar arasında dərəcələrə, mərtəbələrə görə bölünənlər vardır. Onlar arasında elələri vardır ki, gecə və gündüz, evdə oturanda və səfərə çıxanda, yemək yeyəndə və oruc tutanda, sevincində və kədərində, cihadında və həccində Peyğəmbərlə (s.a.v.) birlikdə olmuş, onunla keçirtdikləri hər dəqiqədən dərs almış, şərafətli sünnələri (qaydaları) öyrənmişlər. Buna görə də bütün əshabələrin vahid mərtəbədə olması mümkün deyildir. Bu ədalət və məntiq ölçüsünə uyğun gəlmir. Əshabələr, müsəlman millətinin ümumi rəyinə əsasən 12 təbəqəyə bölünürlər:
1. Məkkədə ən birinci İslamı qəbul edənlər, dörd Raşidi xəlifəsi.
2. Məkkə sakinlərinin “Dərun-nədva” müşavirəsinə qədər İslamı qəbul edənlər.
3. Həbəşistana gedən əshabələr.
4. Birinci Uqbə beyətini edən əshabələr.
5. İkinci Uqbə beyətini edən əshabələr, bunların əksəriyyəti ənsarlardır.

6. Mədinəyə köçməzdən qabaq Qubə şəhərində Peyğəmbərlə (s.a.v.) görüşən ilk mühacirlər.
7. Bədr əhli, bunlar 362 nəfər idilər.
8. Bədr ilə Rizvan (Hüdeybiyyə) beyəti arasındakı vaxtda, hicrət edənlər.
9. Rizvan beyətini edənlər, cəmi 1400 əshabə.
10. Hüdeybiyyə ilə məkkənin fəthi arasındakı müddətdə hicrət edənlər. Məsələn: Xalid bin əl-Valid, Amr bin əl-As və Əbu Hüreyrə.
11. Məkkənin fəthi günü İslamı qəbul edənlər.
12. Fəth günü vida həcci ziyarətində və başqa hallarda Peyğəmbəri (s.a.v.) görən yeniyetmələr və uşaqlar.

3) Əshabələrin paklığı
Əshabə olmaq böyük şərəfdir. Bu adı daşıyan şəxs başqalarından seçilir. Müsəlman alimlərinin yekdil rəyinə görə bütün əshabələr istər fitnə-fəsadlarla üzləşənlər, istərsə də üzləşməyənlər olsun, pak adamlar olmuşlar.
Əshabələr malik olduqları insani keyfiyyətlərə görə mütləq pak olmalı idilər. Onlar ən böyük iman və etimad sahibləri idilər. Allah və Onun rəsulu (s.a.v.) əshabələri məhz bu ruhda tərbiyə etmişlər. Müsəlman ümməti də onları belə tanıyır.
Buna görə də əshabələrə tənə etmək, söymək və ya ünvanlarına pis sözlər demək olmaz. Yol azmışlar və bidətçilər onlar haqqında belə hərəkətə yol verirlər (məsələn: Ömər, Aişə, Təlha, Zubeyr və s. barədə).

4) Əshabələrin paklığına dair Kitab və Sünnədən dəlillər
Allah təala buyurur: «Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən və səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!» (əl-Fəth, 29).
Allah təala həmçinin buyurur: «(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)» (ət-Tövbə, 100).
Həmçinin buyurur: «İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər, (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) - məhz onlar həqiqi möminlərdir. Onları bağışlanma və tükənməz ruzi gözləyir!» (əl-Ənfal, 74).
Allah təala buyurur: «(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, mal-dövləti əlindən çıxmış, Allahdan mərhəmət və razılıq diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir! Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Məhəmməd əleyhissəlama qəlbən) iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər (tabiin) belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”» (əl-Həşr, 8-10).
Allah təala buyurur: «And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bəyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq olacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (Öz dərgahından) arxayınlıq (rahatlıq, səbr, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı» (əl-Fəth, 18).
Allah təala buyurur: «Allah (müsəlmanlardan) bir qisminin ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhmlidir!» (ət-Tövbə, 117).
Əshabələrin hicrət, cihad və yürüşlər vaxtı böyük fəziləti barədə çox saylı başqa ayələr də vardır. Bu ayələr onların paklığını sübut edən dəlillərdir. Allah təala onlardan, onlarsa Allahdan razı oldular. Bundan sonra insanlardan, onlardan razı olmağı və onların paklığını etiraf etməyi tələb etmək olarmı? Allah təalanın paklığını qeyd etmiş olduğu əshabələrə qarşı, insanın onlara tənə etməsinə yol vermək olarmı? Onlar haqqında nalayiq sözlər demək üçün heç bir əsas yoxdur. Bu ayələrdən sonra Məkkənin Fəthinə qədər İslamı qəbul etmiş əshabələrin paklığına şəkk-şübhə üçün yer ola bilərmi? Bu barədə olan mətnlər o qədər aydındır ki, onların heç bir şərhi və ya zənni üçün yer yoxdur. Lakin bəzən subyektiv rəy təəssübkeşliyi insana üstün gəlir və bu da həqiqətin inkarına (bu həqiqət günorta günəşi qədər aydın və parlaq olsa belə) gətirib çıxarır.
Əshabələrin ali məqamını tam aydınlığı ilə bir daha sübut edən aşağıdakı hədisləri verək:
Peyğəmbər (s.a.v.) demişdir:
“Əshabələrdən heç kəsi söyməyin, əgər sizdən biriniz onlar qədər qızıl xərcləsə, heç nəsiz qalar” (Müslim, 4/1968).
“Əshabələrimə Allah kömək olsun. Məndən sonra onlara qərəzlə yanaşmayın. Onlara məhəbbət bəsləyənlərə mənim məhəbbətim olar. Onlara nifrət edənlərə mənim nifrətim çatar. Onları incidən, elə bil ki, məni incitmişdir. Məni incidən Allah təalanı incitmiş olur. Allahı incidən isə tezliklə öz cəzasına çatar” (ət-Tirmizi, İbn Hibban, əs-Suyuti, "əl-Camiu əs-səğir" 1/54).
“Ən yaxşı nəsl mənim nəslimdir. Sonra onların ardıcılları və bu sonuncuların ardıcılları gəlir. Bunlardan sonra yalan baş alıb gedəcəkdir” (Məqbul hədisdir).
Əshabələrin fəziləti barədə hədislər son dərəcədə çoxdur. Müsəlman milləti bütünlüklə əshabələrin paklığı məsələsində yekdildirlər. Lakin az saylı adamlar istisnadır. Onlar əshabələrin paklığı məsələsində fərqli fikirlərlə çıxış edirdilər. Onlar Peyğəmbərin (s.a.v.) vəfatından sonra da öz fikirlərindən dönmədilər. Onların sayı bir əlin barmaqlrının sayından artıq deyildi. Bu adamların sayını bilmək heç gərək də deyildir. Belə ki, bu əshabələrin paklığını tam aydınlığı ilə sübut edən Kitab və Sünnəyə münasibətdə ixtilaf doğura bilər.
Allah təalanın və Onun Peyğəmbərinin əshabələrin paklığını göstərəndən sonra onlardan heç kəs başqa birisinin onun paklığını qəbul etməsinə möhtac deyildir. Hətta əgər bu adamların paklığı barədə Allahın və ya Rəsulun (s.a.v.) heç bir kəlamı olmasaydı, onların İslama göstərdikləri yardım, onun müdafiəsi, Allahın Peyğəmbərinə (s.a.v.) etdikləri köməklər, onunla birgə hicrət, onunla birgə cihad, din yolunda və ya onun mühafizəsin işində sərf etdikləri sərvət, onun həcmi (norma) və qaydalarını müəyyənləşdirmək, Allah təalanın əmrini və istəklərini bəndələrə çatdırmaq kimi işlərdə misilsiz xidmətləri müqabilində onların paklığını qəbul və etiraf etmək vacib olardı.
Bu adamlar İslamın mənafeyi naminə öz ən yaxın adamlarını (atalarını və ya oğullarını) qətlə yetirməkdən çəkinməmişlər. Allah təala onlar barədə buyurur: «Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir. Onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar isə Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allah firqəsi – məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır» (əl-Mücadələ, 22).
Bu, əshabələrin mətin imanına, pak İslamına, sədaqət və etibarına güclü sübutdur. Buna görə də onların arasında baş verən fikir ayrılığı ən düzgün bir şəkildə başa düşülməlidir. Baş verən hər hansı bir mübahisə, tərəflərdən hər birinin ictihadının məhsuludur. Bu o deməkdir ki, mübahisələrdə və fikir ayrılığında iştirak edən bütün əshabələr pakdırlar. Bu işdə ictihad edənlərdən haqlı olanlar iki əcr, xəta edilənlər isə bir əcr qazanırlar. Bu xəta bağışlanır.
Hicrətin 40-cı ilində böyük fitnədən sonra müsəlmanlar toplaşıb vahid rəyə gəldilər. Bu icma ili adlanır. Bu vaxt Həsən bin Əli -Allah onların hər ikisindən razı olsun - radıyallahu anhumə- xilafətdən, xəlifə Müaviyə bin Əbu Sufyanın xeyrinə imtina etdi.
Əl-Buxarinin “Səhih” əsərində göstərildiyinə görə, Peyğəmbər (s.a.v.) minbərdə onunla bir yerdə olan nəvəsi Həsən haqqında bu sözləri demişdir: “Mənim bu oğlum seyiddir (ağadır). Ola bilsin Allah onun vasitəsi ilə müsəmanların iki dəstəsi arasında əmin-amanlıq bərpa edəcəkdir” (İbn Həcər, “Fəth əl-Bari”, 8/96).
Əshabələrin paklığı barədə yazını müsəlman imamlarının əshabələri söymək barədə dedikləri ilə bitirək. Bu imamlardan biri olan Əbu Zəra ər-Razi demişdir: “Peyğəmbərin (s.a.v.) əshabələrindən biri haqqında nalayiq sözlər deyən şəxs görsən, bil ki, o zındıqdır (dinsizdir). Çünki Peyğəmbər haqqdır, Quran haqqdır, onda deyilənlər haqqdır. Bütün bunları bizə çatdıran əshabələrdir. Bu dinsizlər Kitab və Sünnəni batil etmək üçün şahidlərə zərbə endirirlər. Bununla birinci növbədə əshabələr zərbələrə məruz qalır” (Xatib Bağdadi, “Rəvayət elminin kafiliyi”, səh. 49).
5) Əshabələrin sayı
Əshabələrin dəqiq sayını hesablamaq mümkün deyildir. Çünki onlar müxtəlif ölkələrə və vilayətlərə səpələnmişlər. Bu da onların çoxsaylı olmasını göstərir. Alimlərin onların sayı barədəki fikirləri təqribidir. Mərhum Əbu-Zərə ər-Razi demişdir: “Peyğəmbər (s.a.v.) onun barədə hədis deyən və onu dinləyən 114 min əshabənin əlini sıxmışdır” (“Fəth əl-Muğis”, 4/39).
Bu sözlərdən aydın olur ki, əshabələrdən Peyğəmbər (s.a.v.) haqqında rəvayət söyləyənlər sayca çox olmuşlar və onun haqqında çoxlu xoş sözlər nəql etmişlər. Onlar öz rəvayətlərində Peyğəmbərlə (s.a.v.) əlaqələrinə görə bir-birindən fərqləndikləri kimi fərqlənmişlər.
6) Əshabələrin elmi
Əshabələr –radıyallahu anhum- Peyğəmbər (s.a.v.) Sünnəsini, onun əməllərini və kəlamlarını bilmək səviyyəsinə görə eyni dərəcədə olmamışlar, bir-birindən seçilmişlər. Onlardan elələri olmuşdur ki, onlar zəruri olaraq Peyğəmbərin (s.a.v.) yanında olmuş, vaxtlarının çoxunu ona xidmətə sərf etmişlər. Bu əshabələrdən Ənəs bin Maliki və Əbu Hüreyrəni –radıyallahu anhumə- göstərmək olar. Elələri də vardır ki, Peyğəmbərlə (s.a.v.) səyahətlərdə, ticarət səfərlərində birlikdə olmuşlar, ölkələr gəzmişlər. Bu əshabələrdən bəziləri köçərilər (bədəvilər), bəziləri isə oturaq şəhərlilər olmuşlar.
Bu səbəbdən də əshabələr Peyğəmbər (s.a.v.) haqqında malik olduqları məlumatların miqdarına görə bir-birindən fərqlənmişlər. Hər bir əshabənin bilik səviyyəsi barədə İbn Həzmin bu sözlərinə əsasən fikir yürütmək olar: “Onlar iki qrupdurlar, üçüncü ola bilməz: onun rəvayət və fətvalarını çox bilənlər və ikincisi - Peyğəmbərin ən çox istifadə etdiyi şəxslər. Peyğəmbərin (s.a.v.) biliksiz bir adamdan faydalanması qeyri-mümkündür. Bu, onların Sünnəni bilməsinə ən böyük şəhadətdir” (İbn Həzm, “Millətlər və dinlər”, 4/136).
Əshabənin biliyini və rəvayətlərini bilmək üçün bu kifayət deyildir. Peyğəmbərə (s.a.v.) öz yaxınlığı ilə tanınan bəzi əshabələr hamıdan əvvəl bir-birinin ardınca İslamı qəbul etmişlər. Məsələn, Əbu Bəkr və Ömər bunlardandır. Onların elmi tam aydınlığı ilə özünü büruzə verə bilməmişdir. Bu, xüsusilə Əbu Bəkrə aiddir. Çünki o, Peyğəmbərdən –səlləllahu aleyhi və alihi və səlləm- sonra çox yaşamamışdır. Ömərin bir əshabə kimi böyük alim Əbu Həzmin qeyd etdiyi qruplardan birinə mənsubluğu baxımından demək olar ki, onun uzun müddətli hökmranlığı zamanı çoxlu yeni məsələlər meydana gəlmişdi və onların həlli yolları əshabənin elmi səviyyəsinə dəlalət edirdi. Bu onun yeni problemlərin həlli sahəsində tutduğu mövqeyini aydınlaşdırır.
İndi də Peyğəmbər (s.a.v.) haqqında rəvayət edən əshabələrin və onların söylədikləri hədislərin sayı barədə müxtəsər məlumat verək:
- Peyğəmbər (s.a.v.) haqqında hər biri 1000-dən artıq hədis rəvayət edən 7 əshabə;
- hər biri 200-dən artıq hədis söyləyən 11 əshabə;
- hər biri 100-dən artıq hədis söyləyən 21 əshabə;
- onlarla hədis söyləyən əshabələrin sayı yüzə yaxınlaşır;
- on və daha az sayda hədis söyləyən əshabələrin sayı 100-dən artıqdır;
- təqribən 300 əshabə vardır ki, onlardan hər biri bir hədis söyləmişdir.
Bununla aydın olur ki, arada minlərlə uydurma hədislər də vardır. Bunlar əshabələr adından, bidətçilər və yol azanlar tərəfindən uydurulmuşdur. Onlarda bütün əshabələrə və ya onlardan bəzilərinə nifrət hissi ifadə edilir. Buna görə də biz hər hansı bir zəif və ya istinad baxımından şübhəli olan hədisə etiraz edirik. Malik olduğumuz bu şərafətli elmə görə Allaha həmd olsun.
Peyğəmbər (s.a.v.) haqqında hədislər söyləyən və söyləməyən əshabələrin hamısına bizim dərin hörmətimiz var, onların ali məqamını, yüksək kəramətini layiqincə qiymətləndiririk. Biz təəssübkeşliyə və ya subyektiv fikrə əsaslanıb bir əshabəni o birindən üstün tutmuruq. Hər bir əshabənin öz fəziləti və kəraməti vardır. İslam qarşısında və onu yaymaq yolunda olanlardan hər birinin özünə məxsus xidmətləri olmuşdur. Onlardan hər biri xeyir sahibidir. Allah təalanın buyurduğu kimi: «Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası ancaq Allahındır. Sizlərdən fəthdən əvvəl sərf edənlər və vuruşanlar eyni deyillər. Onlar fəthdən sonra sərf edib və döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!» (əl-Hədid,10).
Onların hamısı əshabə olmaq şərəfinə nail olmuşlar, öz ardıcıllarına çatdırdıqları parlaq şəriətə sədaqətli idilər. Bu şəriəti həmin ardıcıllar özündən sonrakılara çatdırdılar və nəsilbənəsil ötürüldü və Allah təalanın himayəsi və nəzarəti sayəsində tam bir şəkildə bizə gəlib çatdı.
7) İslam imamları əshabələri söymək barədə
İslam alimləri belə bir yekdil fikirdədirlər ki, əshabələr pak adamlardır. Müsəlman onları tənqid etməməli, onlar barədə yalnız xoş sözlər deməlidir, onlar barədə mübahisələrdən uzaq olmalıdır.
İmam Əhməd demişdir: “Əgər görsəniz ki, kimsə Peyğəmbərin (s.a.v.) əshabələrini pis sözlərlə xatırlayır, onu İslama ədavətdə ittiham edin”.
İshaq bin Rahəveyh demişdir: “Peyğəmbərin (s.a.v.) əshabələrini söyən şəxs cəzalanmalı və həbs edilməlidir”.
İmam Malik demişdir: “Peyğəmbəri (s.a.v.) söyən adam öldürülməlidir, onun əshabələrini söyən, tərbiyə olunmalıdır”.
Qazi Əbu Yəla demişdir: “Əshabələri söymək məsələsində fəqihlərin yekdil rəyi belədir: Buna qanunla icazə verilsə bu küfrdür, verilməsə - fitnəkarlıqdır”.
Şeyxül islam İbn Teymiyyə demişdir: “Əshabələrin Peyğəmbərdən (s.a.v.) sonra dindən üz döndərdiklərini yalnız az miqdarda, ən çox on nəfər iddia etmişdir və bununla başqalarını aldatmışlar, bu da şübhəsiz ki, küfrdür”.
Əbu Ərva əz-Zubeyri deyir: “Bir gün imam Malikin məclisində oturmuşduq. Adamlar bəzi əshabələri söyən bir adam barədə danışanda imam Malik Qurandan ayələr oxudu və Allahın “kafirlər onlara qarşı qəzəblənir” kəlamına çatanda dedi: “Bu ayədə Rəsulullahın (s.a.v.) əshabələrindən birinə qarşı qəzəb hissi olan həmən adam nəzərdə tutulur. Bu o deməkdir ki, bu adamın imanı təhlükə qarşısındadır. Ayədə aydın şəkildə əshabələrdən birinə qarşı qəzəb hissi bəsləyən şəxsdən danışılır”.
İmam Əhməd, Abdullah bin Məsuda istinadən rəvayət edir: “Kədərlənən adam Rəsulullahın (s.a.v.) əshabələri barədə kədərlənməlidir. Onlar bu millətin içində ən saf qəlbli, ən dərin bilikli, ən az borclu, ən doğru yol tutan, ən yaxşı vəziyyətdə olan adamlardır. Allah bu adamları Peyğəmbərinə məsləkdaş və silahdaş seçmiş, öz dinini yaymağı onlara həvalə etmişdir. Onların fəzilətini dərk edin, onların yolunu tutun. Onlar haqq yolunun yolçularıdır”.
Əbu Davud ət-Təyalisi Abdullah bin Məsuddan –radıyallahu anhu- rəvayət edir: “Allah öz bəndələrinin qəlblərinə və Məhəmmədin (s.a.v.) qəlbinə nəzər salır. Onun qəlbinə risalə göndərir. Sonra bir daha bəndələrinin qəlbinə nəzər salıb görür ki, onların içində əshabələrin qəlbi ən safdır. Onları öz Peyğəmbərlərinə dost, onun dininə köməkçi etdi”.
Uveyyim bin Saidədən rəvayət edilir ki, Peyğəmbər (s.a.v.) demişdir: “Allah məni və mənim əshabələrimi seçib ayırmışdır. Onları vəzirlər, qaynatalar, yeznələr etdi. Onları söyənə Allahın, mələklərin və bütün insanların lənəti çatacaqdır. Qiyamət günü Allah onlardan nə saflıq, nə də paklıq qəbul edər”.


Tarix: 01.05.2013 / 17:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 753 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...