Ən dəyərli məclislər elm və zikr məclisləridir. Bəs Adəm övladlarının ən seçilmişi, bu ümmətin müəllimi hədisləri, öyrətməsi və istiqamətləndirməsi ilə məclisin başında olarsa, bu hadisəni necə qiymətləndirmək olar? O, iştirak etdiyi məclisin saflığının, Peyğəmbərin (s.ə.v.) qəlbinin təmizliyinin bir nəticəsi olaraq səhv edənin səhvini düzəldir, bilməyənə öyrədir, qəflətdə olana xəbərdarlıq edir, həmin məclisdə xeyirdən başqa heç bir şeyi qəbul etmirdi... Əgər danışan bir insanı dinləyirsə, bu vaxt qeybət edilməsini qəbul etməz, söz gəzdirməyə və ya hər hansı bir iftiraya razı olmazdı. Buradan da Peyğəmbərin (s.ə.v.) başqalarının şərəf və ləyaqətini qoruduğunu görürük.
İtban ibn Malikin -radiyallahu anh- belə dediyi rəvayət edilmişdir: "Peyğəmbər (s.ə.v.) namaza durmaq istədi. "Malik ibn əd-Duhşum haradadır" deyə soruşdu. Bir adam: "O, Allahı və Rəsulunu sevməyən bir insandır" dedi. Peyğəmbər (s.ə.v.) belə buyurdu: "Xeyr, belə etmə! Onun Allah rizasını ümid edərək "lə iləhə illəllah" deməsini görmürsənmi? Şübhəsiz ki, Allah Onun rizasına ümid edərək "lə iləhə illəllah" deyən insana cəhənnəm odunu haram etmişdir" (Buxari və Müslim).
Peyğəmbər (s.ə.v.) yalan şahidlikdən və birinin haqlarını tapdalayıb onu başqalarına verməkdən də çox çəkindirirdi.
Əbu Bəkrin -radiyallahu anh- belə dediyi rəvayət edilmişdir: "Rəsulullah (s.ə.v.) buyurdu ki: "Sizə ən böyük günahın nə olduğunu deyimmi?" Biz: "De, ey Allahın Rəsulu" dedik. Belə buyurdu: "Allaha şərik qoşmaq və ata-anaya qarşı çıxmaq". Bu vaxt söykənmiş olduğu halda oturdu və belə davam etdi: "Diqqət edin, bir də yalandan şahidlik etmək". Bu sözləri o qədər təkrarladı ki, "kaş susaydı" deyə daxilimizdən bir hiss keçirdik" (Buxari və Müslim).
Rəsullulah (s.ə.v.) möminlərin anası olan Aişəyə -radiyallahu anhə- qarşı hədsiz sevgi bəsləməsinə baxmayaraq onun qeybət etməsini pis qarşılamış və ona qeybətin nə qədər böyük bir təhlükə olduğunu izah etmişdir... Aişənin -radiyallahu anhə- belə dediyi rəvayət edilmişdir: "Peyğəmbərə (s.ə.v.) "Səfiyyənin belə-belə olması kifayətdir" dedim. "Ravilərin birisi onun qısaboylu olduğunu nəzərdə tutmuşdu" deyə izah etdi. Peyğəmbər (s.ə.v.) belə buyurdu: "Sən elə bir söz dedin ki, əgər o, dəniz suyuna qarışsaydı, onun hər yerini bulandırardı" (Əbu Davud).
Peyğəmbər (s.ə.v.) qardaşlarının namusunu, şərəf və ləyaqətini qoruyan insanlara müjdə verərək belə buyurmuşdur: "Kim qeybəti edilən qardaşının şərəf və ləyaqətini qoruyarsa, Allah da həmin insanı cəhənnəm odundan qoruyar" (Əhməd).
Tarix: 26.04.2013 / 21:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Peyğəmbərlərin Həyatı