Cahiliyyə dövründə hər hansı bir ailədə qız uşağının dünyaya gəldiyi gün ata-ana üçün qara gün kimi qəbul edilirdi. Hətta bu, ailənin və qəbilənin həyatında da belə idi. Cəmiyyətdə bu vəziyyət qız uşaqlarının - utanmaq və ya rəzil olmaq qorxusu ilə - diri-diri torpağa basdırılmasına qədər gətirib çıxarmışdı. Qız uşaqlarının diri-diri basdırılması heç bir şəkildə mərhəmətin və sevginin mövcud olmadığı, olduqca vəhşi bir şəkildə həyata keçirilirdi. Qız uşağı diri-diri torpağa basdırılırdı. Onlar belə bir günahı işləyərkən müxtəlif üsullardan da istifadə edirdilər. Bəzilərinin qız uşağı doğulan zaman ona altı yaşına qədər dəymir, sonra anasına belə deyirdilər: "Sən onu ətirlə və bəzə! Çünki onu qohumlarının yanına aparacağam". Bu vaxt da bayırda bir çuxur qazılırdı. Bu çuxurun yanına gəldikləri zaman "bir bura bax" deyirdilər. Sonra qızcığazı arxadan möhkəm itələyib həmin çuxura salır, daha sonra da olduqca vəhşi bir şəkildə və sürətlə torpağı onun üstünə tökürdülər.
Beləliklə, bu cür cahil bir cəmiyyətdə Rəsulullah -səllallahu aleyhi və səlləm- ana, həyat yoldaşı, qız uşağı, bacı, xala və bibi olaraq qadına böyük və şərəfli bir yer verən bu dini gətirdi. Qızı Fatimə içəri daxil olduğu zaman onun üçün ayağa qalxır, əlini tutur, onu öpür, oturduğu yerə oturdurdu. Peyğəmbər (s.ə.v.) özü isə Fatimənin yanına girdiyi zaman o da öz atası üçün ayağa qalxır, əlini tutur, onu öpür və Həzrət Peyğəmbəri (s.ə.v.) oturduğu yerə oturdurdu (Əbu Davud, Tirmizi və Nəsai).
Peyğəmbər (s.ə.v.) qızlarını çox sevməsinə, onlara çox hədiyyələr verməsinə baxmayaraq qızları Ümm Gülsümlə Ruqiyyənin ərləri tərəfindən boşanmalarına səbr və Allahdan əcrini gözləyərək dözmüşdü. Qızları Əbu Ləhəbin oğulları Ütbə və Üteybənin xanımları idi. Allah Əbu Ləhəb haqqında "Əbu Ləhəbin iki əli qurusun" surəsini nazil etdiyi zaman onlar da xanımlarını boşamışdılar. Peyğəmbər (s.ə.v.) isə dinə çağırmaqdan imtina etməyi və ya geriyə addım atmağı qəbul etmədi. Qüreyş Həzrət Peyğəmbərə (s.ə.v.) qarşı hədə-qorxu gəlməkdə həddi aşaraq hətta Rəsulullahın –səllallahu aleyhi və səlləm- qızlarının boşanmasını təmin etmək səviyyəsinə qədər gəlib çıxdı. Lakin o, İslama çağırmaqdan qətiyyən geri çəkilməyərək dözüm və səbrlə öz dəvətini davam etdirdi.
Peyğəmbərin (s.ə.v.) öz qızını gülərüzlə və xoş şəkildə qarşılamasını Həzrət Aişə –radiyallahu anhə- belə nəql edir: "Peyğəmbərin (s.ə.v.) xanımları onun hüzurunda idilər. Bu vaxt Fatimə –radiyallahu anhə- gəldi. Onun yerişi eynilə Rəsulullahın –səllallahu aleyhi və səlləm- yerişinə bənzəyirdi. Onu gördüyü zaman xoş üzlə qarşılayaraq "Qızıma salam olsun" dedi, sonra onu sağ və ya sol tərəfinə oturtdu..." (Müslim).
Peyğəmbərin (s.ə.v.) qızlarına olan xoş münasibətinin və sevgisinin göstəricilərindən biri də onlara baş çəkməsi, vəziyyətləri ilə maraqlanması və problemlərini həll etməyə çalışması idi... Fatimə -radiyallahu anhə- əl dəyirmanından istifadə etməsinin əllərinə verdiyi əziyyətdən şikayətlənmək və ondan bir qulluqçu istəmək üçün Peyğəmbərin (s.ə.v.) yanına getdi. Lakin onu tapmayıb bunları Həzrəti Aişəyə -radiyallahu anh-ə dedi. Peyğəmbər (s.ə.v.) gəldiyi zaman Aişə bu vəziyyəti ona bildirdi. Əli -radiyallahu anh- dedi ki: "Yatmağa hazırlaşdığımız zaman yanımıza gəldi. Biz qalxmaq istəyərkən o, "Qalxmayın" deyə buyurdu. Sonra da gəlib aramızda o qədər yaxın əyləşdi ki, sinəmdə ayaqlarının sərinliyini hiss etdim. Belə dedi: "Sizə xidmətçidən də xeyirli olan bir şey göstərimmi? Yatağınıza girdiyiniz zaman, yaxud yatdığınız təqdirdə otuz dörd dəfə təkbir gətirin ("Allahu əkbər" deyin). Otuz üç dəfə "sübhanəllah" deyin, otuz üç dəfə "əlhəmdülilləh" deyin, bu, sizin üçün bir xidmətçidən daha xeyirlidir"" (Buxari).
Səbri və dözümlülüyü ilə Peyğəmbər (s.ə.v.) bizə gözəl bir nümunədir. O, dünyada ikən Fatimədən -radiyallahu anh-ə başqa bütün oğulları və qızları vəfat etdi. Bununla yanaşı kədərini üzə çıxarmadı, paltarını cırmadı, təziyə (başsağlığı) yeməkləri vermədi, təziyə məclisləri qurmadı. Əksinə, o, Allahın qəzavü-qədəri qarşısında səbrli oldu, əcrini Allahdan gözlədi və Allahın alın yazısını razılıqla qarşıladı.
Peyğəmbər (s.ə.v.) kədərlilərə təsəlli və onları rahat edən bir çox tövsiyələr vermiş, dəyərli hədislər qoymuşdur. Onlardan biri də belədir: "Şübhəsiz ki, biz Allaha məxsusuq və şübhəsiz ki, biz Ona dönəcəyik. Ey Allahım, mənə çəkdiyim müsibətin qarşılığını ver, bunun əvəzində mənə daha xeyirlisini ver" deyərsə, Allah ona mütləq daha xeyirlisini verər (Müslim).
Uca Allah müsibətə düçar olan bir insanın istirca etməsini, yəni "innə lilləhi va innə ileyhi raciun" ("şübhəsiz ki, biz Allaha məxsusuq və şübhəsiz ki, biz Ona dönəcəyik") deyilməsini müsibətə uğrayanlar üçün bir təsəlli mənbəyinə çevirmişdir. Səbr edənlərə isə çox böyük mükafatlar və müjdələr vermişdir: "Yalnız səbr edənlərə saysız-hesabsız mükafat veriləcəkdir!" ("Zumər" surəsi, 10).
Tarix: 27.04.2013 / 16:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 269 Bölmə: Peyğəmbərlərin Həyatı