Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İBLİSİN ADƏMƏ (ALEYHİSSALAM) HƏSƏD APARMASI

"11. Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
12. (Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi". (əl-Əraf: 11-12).

Həsən əl-Bəsri deyir: "İblis "qiyas" edib. Elə ilk dəfə qiyas edən də o olub".
(Qiyas – müqayisə mənasına yaxın bir sözdür. Bu, şəriət əhkamlarının əsaslandırılması üçün qaydalardan biri sayılır. Əgər bu yolla əsaslandırılan müqayisə şəriətin digər aşkar sübutlarına zidd deyilsə məqbul hesab olunur. (tərc.)

Muhəmməd ibn Sirin isə deyir: "İlk (dəfə ibadətdə) qiyas edən İblis olub. Günəşə və aya ibadət edənlər bu əməllərini qiyas etməklə əsaslandırıblar". Hər iki rəvayət İbn Cəririndir
("Cəmiul Bəyan" (7/98); İbn Kəsir "Təfsirul Quran əl-Azim" kitabında (2/212) rəvayətlərin səhih olduğunu bildirmişdir.)


Bu o deməkdir ki, İblis özünü Adəm ilə müqayisə edib özünü Adəmdən daha üstün saydı. Ona və bütün mələklərə şamil edilən səcdə əmrinə məhəl qoymayıb səcdə etməkdən imtina etdi.
Aparılan hər hansı bir müqayisə şəriət dəlillərinə zidd çıxarsa həmin müqayisə qeyri məqbul sayılır
(Bu barədə mənim tədqiqatımla nəşr olunmuş İbn Qeyyim əl-Covziyyənin "Huc¬cətu İblis" adlı əsərinə bax (səh. 11 və s.).

Əslində İblisin bu müqayisəsi özü-özlüyündə qeyri məqbuldur. Çünki palçıq oddan daha xeyirli və daha faydalıdır. Çünki palçıqda mülayimlik, şəfqət və inkişaf var. Odda isə təlaş, narahatlıq, tələskənlik və yanğı vardır.
(İbn Qeyyim əl-Covziyyə "Səvaiq əl-Mursələ" kitabında (3/1002, 1003) bu məsələni daha ətraflı açıqlamışdır.)

Uca Allah Adəmi Öz əli ilə yaradıb, Öz dərgahından ruh üfürməklə şərəfləndirmiş və mələklərə ona səcdə etməyi əmr etmişdir. Uca Allah buyurur:
28. (Ey Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!
29. Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!”
30. Bundan sonra mələklərin hamısı ona (təzim məqsədilə) səcdə etdilər.
31. Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
32. (Allah buyurdu: ) “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
33. (Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!).
34. (Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx! Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
35. Sən Qiyamət gününə qədər lənətlənmişsən!” (əl-Hicr: 28–35).

İblis Allahın bu cəzasına layiqdir. Çünki onun Adəmə alçaq gözlə baxması, onu alçaltması və özünü ondan üstün tutması onun ilahi əmrə asilik göstərməsinə və haqqa qarşı inadkarlıq etməsinə səbəb oldu. İblis özünü təmizə çıxarmayacaq şeylərlə üzürxahlıq etdi. Amma onun üzürxahlığı günahından da pis oldu.

Necə ki, Uca Allah Sübhan (əl-İsra surəsinin adlarından biridir. (tərc.)) surəsində buyurur:
«61. Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” – deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis:) “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” – demişdi.
62. (İblis) həmçinin: “(Ey Rəbbim!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram (və ya azdıraram)”.
63. (Allah) buyurdu: “Çıx get! (Sənə Qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza!
64. Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!
65. Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsvəsəndən onları qoruması) kifayət edər!”» (əl-İsra: 61-65).

Kəhf surəsində isə belə buyurulur:
«(Ey Rəsulum!) Xatırla ki, bir zaman mələklərə: “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O, öz Rəbbinin əmrindən çıxdı...» (əl-Kəhf: 50).

Yəni, o bilərəkdən, inadkarcasına, təkəbbürlüklə Allahın əmrinə tabeçilik göstərməkdən imtina etdi. Onun təbiəti və yaradılış maddəsi ona xəyanət etdi. Axı o, oddan yaradılmışdır. Bunu ötən ayədən və "Səhih Muslimdə" rəvayət olunan hədisdən də görürük. Aişə Peyğəmbərin r belə dediyini rəvayət edir: "Mələklər nurdan, cinlər tüstüsüz oddan, Adəm isə barəsində sizə danışılan maddədən yaradılmışdır".(Səhih Muslim: ? 2996.)

Həsən əl-Bəsri deyir: "İblis heç vaxt mələklərdən olmamışdır.
(Təbəri "Cəmiul Bəyan" (1/179); Əbuş Şeyx "əl-Əzəmə" (? 1129) və b. Rəvayətlər müxtəlif yollarla Ovf əl-Ərabinin Həsəndən olan rəvayətləridir.
Rəvayətin sənədi səhihdir.
Bu məsələ keçmiş və müasir alimlərin böyük ixtilaf etdikləri məsələlərdəndir. Daha doğru fikir isə budur ki, İblis (Allah ona lənət etsin!) cinlərdəndir, mələklərdən deyil. Bunu demək üçün bir neçə əsas vardır: 1. Uca Allah buyurur: "O, cinlərdən idi..." (əl-Kəhf: 50). Bu, məsələyə dəlalət edən açıq-aşkar sübutdur. Çünki cinlər yaradılış baxımından insanlarla müştərəkdirlər. Ona görə bu söz deyiləndə mələklər və ya onların bəziləri nəzərdə tutulmur. 2. İblis oddan, mələklər isə nurdan yaradılıblar. Bunların arasında nə qədər də böyük fərq var! 3. İblis nəsil artırır. Uca Allah buyurur: "Siz Məni qoyub onu və nəslini dostmu tutursunuz?" (əl-Kəhf: 50). Mələklər isə nəsil artırmırlar. 4. İblis Allaha asi olub, təkəbbürlük göstərib küfr etdi. Mələklər isə hörmətli bəndələrdir. Onlar Allahın əmrlərinə asi olmaz və onlara əmr olunanları yerinə yetirərlər.
Kimsə deyə bilər ki, əgər İblis mələklərdən deyildisə nə üçün ona mələklərlə birlikdə səcdə etmək əmr olundu? Cavab: O elmi, çalışqanlığı, ibadəti, mələklərə oxşarlığı səbəbi ilə onların cərgəsinə qoşulmuşdu. Bunu bir çox sələf alimləri qeyd ediblər. İbn Kəsir də bu fikri daha üstün saymışdır. İblisin onlarla birlikdə olub onlardan olmaması heç də qəribə sayılmır. Adəm də Rəbbinin hüzurunda Mələklərlə birgə dayanmışdı.
Kimsə deyə bilər ki, İblis mələklərdən deyildisə nə üçün onlardan istisna edildi? Cavab: Bu istisna "munqəti istisna" növünə daxildir. (Munqəti istisna – istisna edilənin istisna olunanların cinsindən olmamasıdır. Məsələn, atdan başqa hamı gəldi. Burada at insan cinsindən deyil, amma o da insanlardan istisna edildi. Tərc.) Bu növ istisnada istisna edilənin istisna olunan toplumdan olması şərt deyil. Necə deyərlər: Tayfa su içdi amma heyvanlar su içmədi. Onlar gəldilər amma dəvələr gəlmədi.)

Sad surəsində isə deyilir:
71. (Ey Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
72. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz dərgahımdan ruh üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”
73. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
74. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
75. (Allah) buyurdu: “Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
76. (İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan ya¬rat¬mısan!”
77. (Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
78. Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”
79. (İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”
80. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən,
81. (Dərgahımda) vaxtı məlum olan günə (Qiyamətə) qədər!”
82. (İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
83. yalnız Sənin sadiq bəndələrindən başqa!
84. (Allah) buyurdu: “Həqiqətən, haqqı deyirəm,
85. and olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!” (Sad: 71–85).

Əraf surəsində isə belə deyilir:
16. (İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
17. Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyətini şükür edən görməyəcəksən!” (əl-Əraf: 16–17).

İblis deyir ki, Sən məni azdırdığın üçün mən onların bütün yollarını kəsəcəm, hər tərəfdən onlara vəsvəsə verəcəm. Beləliklə, İblisə müxalif olan xoşbəxt, itaət edən isə bədbəxt olar.
Səburə ibn Əbu əl-Fakih deyir ki, mən Peyğəmbərin r belə dediyini eşitdim: "Şeytan öz hiylə yolları ilə adəm övladının qarşısında oturar...".
(Hədisin ardı belədir: "...İslam yolunda oturar və deyər: "Öz dinini və dədə-babalarının dinini tərk edib İslamı qəbul edirsən?!" Bəndə isə ona müxalif olub islamı qəbul edər. Sonra hicrət yolunda oturub deyər: "Yerini-yurdunu tərk edib hicrət edirsən?!" Hicrət edən kimsənin timsalı hörüklənən at kimidir. Bəndə isə ona asi olub hicrət edər. Bundan sonra cihad yolunda oturar və deyər: "Əziyyət çəkib malını xərcləyib döyüşür və ölürsən. Sağ qalanlar isə qadınlarla evlənir, mal-dövlət paylaşırlar". Amma bəndə ona asi olar. Peyğəmbər (s.a.v) dedi: "Kim deyilən kimi edərsə onu Cənnətə daxil etmək Allah üzərində haqq olar. Kim öldürülərsə onun Cənnətə salınması Allah üzərində haqq olar. Əgər suda boğularsa və ya dəvəsinin altında qalıb ölərsə onun Cənnətə salınması Allah üzərində haqq olar".
Səhihdir. Əhməd: (3/483); Nəsai: (6/21, 22); İbn Hibban, "Səhih" kitabı (10/453/?4593); İbn Əbu Şeybə "əl-Musannəf" (5/293); Təbərani "əl-Mucəm əl-Kəbir" (7/?6558). Səhih isnadla. Şeyximiz İmam əl-Albani "Səhih Sünən Nəsai" (?2937) və "Səhih əl-Cami" kitabında (?1648) rəvayətin səhih olduğunu bildirmişdir.)


Tarix: 26.04.2013 / 21:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...