Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏRİN (S.Ə.V.) NÜMUNƏVİ ŞƏXSİYYƏTİ

Hər hansı bir insanın hərəkətləri, yerinə yetirdikləri və imtina etdikləri onun ağlının göstəricisi, qəlbinin qabiliyyət açarıdır: Əbu Bəkr əs-Siddiqin -radiyallahu anh- qızı, möminlərin anası Aişə -radiyallahu anhə- Peyğəmbərin -səllallahu aleyhi və səlləm- əxlaqı­na ən yaxından bələd olan, onun həyatını ən incəliyinə qədər nəql edən insandır. Çünki Peyğəmbər (s.ə.v.) yatarkən, oyaq olar­kən, sağlam və ya xəstə olduğu zaman, sakit və ya əsəbi olduğu zaman ona çox yaxın olmuşdur... Möminlərin anası Aişə –radiyal­lahu anhə- deyir ki: "Rəsulullah (s.ə.v.) nə bir pis söz deyir, nə pis iş görür, nə də bu əməllərə meyl göstərirdi. Dükan-bazarda yüksək səslə danışmaz, pisliyə pisliklə cavab verməz, əksinə, əfv edib bağışlayardı" (Əhməd).

Beləliklə, ilahi tərəfindən bir rəhmət və çox böyük bir nemət olan bu ümmətin Peyğəmbərinin (s.ə.v.) əxlaqı bu idi. Nəvəsi Hüseyn -radiyallahu anh- bizə onun nümunəvi əxlaqını bu sözləri ilə qismən də olsa belə nəql edir: "Mən atamdan Peyğəmbərin (s.ə.v.) oturub-durduğu insanlarla necə rəftar etməsi haqqında soruşdum. O, bu cavabı verdi: "Peyğəmbər (s.ə.v.) daim gülərüz idi. Müla­yim xasiyyətli, başqalarına qarşı sərt rəftar etməyən insan idi. Kobud, sərt, çığır-bağır salan bir insan olmadığı üçün nə kimsəni təhqir etməzdi, nə də xəsis deyildi. Xoşlamadığı bir şey gördüyü zaman özünü görməməzliyə vurar, ondan bir şey istəyən insanı ümidsiz buraxmaz, ümidini boşa çıxarmazdı. Öz nəfsi ilə bağlı bu üç cəhətdən imtina etmişdi: riyakarlıqdan, çox şeyi tələb etmək­dən və onu maraqlandırmayan şeylərdən. İnsanlarla bağlı da bu üç cəhətdən imtina etmişdi: heç kimə nifrət etməz, heç kimi təh­qir etməz, onun qüsurunu üzə çıxarmazdı. Savab əldə etməyə ümid bəsləmədiyi halda danışmazdı. O, danışdığı zaman onun ətra­fında oturanlar başlarının üzərində sanki quş varmış kimi sakit və hərəkətsiz oturar, başlarını önlərinə əyərdilər. Yalnız o, susduğu zaman başqaları danışardı. Onun yanında biri digərinin sözünü kəsməzdi. Yanında danışan adamı sözünü bitirənə qədər dinləyər­di. Danışanlar arasında ilk danışmağa başlayanı dinləyərdi. İnsanların güldüyünə o da gülər, təəccüb etdiyinə o da heyrətlənərdi. Yad insanların danışıqlarındakı və suallarındakı kobudluğa dözərdi. Hətta səhabələri də onun gəlməsini (Peyğəmbərə (s.ə.v.) bilmə­dikləri haqqında sual verməyini) istəyirdilər. O, "Bir insanın bir şeyə ehtiyacı olduğunu görsəniz, siz də ona kömək edin" deyərdi. Ona bir yaxşılıq etdiyi üçün həmin insana mükafat və əvəz vermək məqsədilə onu tərifləyənlərdən başqa digər tərifləri qəbul et­məzdi. Həddi aşmayan bir kimsənin sözünü kəsməzdi. Əgər həmin insan həddi aşardısa, sözünü saxlamasının lazımlılığını deyir və ya durub getməklə danışığını kəsirdi" (Tirmizi).

Bu ümmətin Peyğəmbərinin (s.ə.v.) bir-birinin ardınca sıralanan gözəl xüsusiyyətləri və xarakterləri haqqında yaxşıca düşünək... Biz də bunların ardınca (onlara sahib olmaq məqsədilə) gedək və bu xüsusiyyətləri mənimsəmək məqsədilə öz nəfsimizlə mübari­zə aparaq. Çünki bütün xeyirlər məhz bundadır.

Peyğəmbərin (s.ə.v.) nümunəvi xarakterlərindən biri də məclisdə oturanlara öz dinini öyrətməsi idi... Bu haqda o, belə buyurmuş­dur: "Kim Allahdan başqasına şərik qoşaraq ölərsə, cəhənnəmə daxil olar" (Buxari). Peyğəmbərin (s.ə.v.) buyurduğu söz də hə­min qəbildəndir: "Əsl müsəlman müsəlmanlara dili və əli ilə zərər verməyən insan, mühacir isə Allahın qadağan etdiklərindən uzaq olan insandır" (Buxari və Müslim).

Yenə də Peyğəmbər (s.ə.v.) bununla bağlı belə buyurmuşdur: "Qaranlıqda məscidlərə gedən insanlara qiyamət günündə əskiksiz nura qərq olacaqları müjdəsini verin" (Tirmizi və Əbu Davud).

Başqa bir hədisində isə belə buyurur: "Müşriklərə qarşı mallarınız, canlarınız və dillərinizlə cihad edin" (Əbu Davud).

Yenə də Peyğəmbərimizin (s.ə.v.) belə buyurduğu rəvayət edilmişdir: "Bəndə bəzən düşünmədən dediyi sözə görə şərq və qərb arasındakı məsafədən də böyük bir məsafə qədər cəhənnəmdə aşağıya enər" (Buxari və Müslim).

Başqa bir hədisində isə belə buyurur: "Mən lənət oxuyan bir insan kimi göndərilmədim, əksinə, rəhmət olaraq göndərildim" (Müs­lim).

Ömərdən -radiyallahu anh- edilən rəvayətə görə, Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: "Xristianların Məryəm oğlunu tərifdə həd­di aşdıqları kimi siz də məni tərifləməkdə həddi aşmayın" (Buxari və Müslim).

Cundub ibn Abdullahın belə dediyi rəvayət edilmişdir: "Mən Peyğəmbərin (s.ə.v.) vəfatından beş gün əvvəl belə buyurduğunu eşit­dim: "Mənim aranızda bir xəlilimin (yaxın dostumun) olmadığını Allaha bildirirəm. Çünki şübhəsiz ki, Allah İbrahimi yaxın dost qə­bul etdiyi kimi məni də Özünə dost olaraq qəbul etmişdir. Və əgər ümmətim arasından özümə yaxın dost seçməli olsaydım, Əbu Bəkri seçərdim. Diqqətli olun, sizdən əvvəlkilər peyğəmbərlərinin qəbirlərini məscidə çevirmişdilər. Diqqətli olun, qəbirləri məscidə çevirməyin. Mən sizə bunu qadağan edirəm" (Müslim).

Buna görə də içərisində qəbir və ya qəbirlər olan məscidlərdə namaz qılmaq şirkə səbəb olan bir yoldur və əsla doğru deyildir".


Tarix: 26.04.2013 / 21:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...