Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakıda qadın klubunda bir gün....(Reportaj)

Hamıya məlumdur ki, ölkədə fəaliyyət göstərən çayxanalar əsasən kişilərə mənsubdur. Bu cür çayxanalarda ancaq kişilər asudə vaxtlarını keçirirlər. Qadınların çayxanalarda oturmaları normal qarşılanmır. Təbii ki, xanımlar da öz asudə vaxtlarını bir yerə toplaşıb deyib-gülərək keçirmək istəyirlər. Onlar kişilərin toplaşdıqları çayxanalara gedə bilmədiklərindən qadın çay klubuna yollanırlar.

Qadın çay klubu nədir?

Qadın çay klubu - sırf qadınların toplaşdığı bir məkandır. Bu kluba bəylərin girişi qadağandır. Məqsəd, məram: qadınlar klubunda ortaq maraqları olan xanımlar çay süfrəsi arxasında söhbət edə, onları maraqlandıran mövzular barədə məlumat ala bilərlər. Bu və ya digər sahədə uğur qazanmış işgüzar xanımlar burada öz təcrübələrini bölüşür, xanımlar psixoloqların, ginekoloqların, stilistlərin, kulinarların məsələhətlərindən yararlana bilirlər. Qadın klubunun üzvü olan xanımlara isə üzvlük kartı verilir. Bu kart onlara ətriyyat mağazalarında güzəştlər edilməsinə şərait yaradır.

Qadın klubunda bir gün...

Qeyd edək ki, əvvəlcə paytaxtda qadın klublarının fəaliyyət göstərdiyini biləndə təəccübləndik. Bu obyektin hansı məqsədlə açılması, sifarişçilərin sayı, göstərilən xidmətlər və bizi maraqlandıran digər məsələlərlə bağlı ətraflı məlumat almaq üçün paytaxtda yerləşən qadın klublarından birinə üz tutduq. Qeyd edək ki, bu klubun sahibi də zərif cinsin nümayəndəsidir. Klubun girişində "Kişilərə giriş qadağandır!" elanı da bu klubun ancaq qadınlara məxsuz olmasını deməyə əsas verir.

Kişilərin gözündən iraq

Qadın klubuna daxil olarkən maraqlı bir məqam diqqətimizi çəkdi - bu istirahət guşəsinin divarlarını dünyanın məşhur kişi aktyorlarının rəsmləri bəzəyirdi.

Məlum oldu ki, bu qadın klubu artıq özünə xeyli müştəri toplamağı bacarıb. Daha doğrusu, xanım müştəriləri. Kluba təşrif buyuran xanımlar müxtəlif yaş təbəqələrindəndirlər. Burada azyaşlı qız uşaqlarından tutmuş 50 yaşına qədər olan xanımları görmək olar. Xanımlarımız onlara məxsus olan məkanda çay içə-içə şirin söhbət edir, şahmat, domino və nərd oynayırlar. Yəni heç də kişilərdən geri qalmırlar.

Altı yaşdan yuxarı...

Qadın klubunun sahibəsi Nigar Vəliyevanı söhbətə çəkirəm. Onun sözlərinə görə, qadın klubu bütün məkanlardan fərqlənir.

"Şəhərin başqa məkanlarında, xüsusən də kişilər olan məclislərdə qadınların oturub-durması, əylənməsi və hətta söhbətləşməsi mümkün deyil. Orada qadınların sərbəstliyi əlindən alınır. Bəzilərimiz bunu olduqca normal qəbul edirik. Çünki bizim mentalitetə görə, kişilərin yanında zarafatlaşmaq, deyib-gülmək ictimaiyyət tərəfindən normal qarşılanmır. Bu səbəbdən də biz qadınlar özümüzə məxsus qadın klubu yaratmaq qərarına gəldik.

Bu məkana giriş kişilərə qadağandır. Əgər hansısa qadın evdə uşaqlarını tək qoya bilmirsə, onları da özü ilə buraya gətirə bilər. Təkcə yaşı altını keçən oğlan uşaqlarına giriş qadağandır. Bizim məkanda qadınlar özlərini evdəki kimi sərbəst və rahat hiss edirlər. Çünki onların sərbəstliyinə maneə törədən kimsə yoxdur. Qadınlar klubunun müştərilərinin çox olması isə qadınların belə məkanlara çox ehtiyac duyduqlarından xəbər verir", - Nigar Vəliyeva dedi.

Çayxana əvəzi klub?

Qadın klubunda hər gün asudə vaxtını keçirən müştərilərdən birilə söhbətləşdik. 32 yaşlı evdar xanım Nəcibə Allahyarova bu məkanı çox bəyəndiyini vurğuladı:

"Mən günümün boş saatlarını qadın klubunda keçirirəm. Burada istirahət etmək üçün hər bir şərait var. Bütün günü ev işlərilə məşğul olmaqdan bezib buraya üz tuturuq. Hər gün tanış olduğum qadınların sayı da artır. Bu məkan mənim çox xoşuma gəlir. Xidmətlərin qiyməti də aşağıdır. Ən çox xoşuma gələn isə bu məkanda domino və nərd oynaya bilməyimizdir. Çünki bunu başqa yerdə etsək, bir az yaxşı qarşılanmaz. Bu səbəbdən də belə məkanların sayını artırmaq lazımdır".

Klubun sahibəsi buradakı əşyaların son dəbə uyğun və keyfiyyətli olduğunu vurğuladı. Qadınlar klubunda dindar xanımlar üçün də lazımi şərait yaradılıb. Onlar üçün xüsusi ibadət otağı ayrılıb. Bu məkanda hətta banketlərin keçirilməsi üçün şərait də var.

Məkanda qadınlar üçün məxsusi Çin mətbəxinin yeməkləri də hazırlanır. Qadın müştərilərin şikayət və təklifini öyrənmək üçün xüsusi kitabça da var.

Klubun daimi müştərilərindən Rəqsanə və Xədicə xidmət və şəraitdən razıdırlar. Onlar rəfiqələri ilə söhbət edə, onları maraqlandıran məqamlar haqda məlumat ala və əylənə bilirlər.
Qeyd edək ki, klubda qadınların istifadəsi üçün qəlyan da var.

"Bir çayxanamız qalmışdı, onu da əlimizdən aldılar..."

Qadın klubuna cəmiyyətin münasibəti, təbii ki, birmənalı deyil.

31 yaşlı həmsöhbətimiz Rafiq Hüseynov qadın klubunun yaradılmasında bir məna görmədiyini bildirdi:

"Bu gün şəhərdə xeyli qadın klubu fəaliyyət göstərir. Lakin mən bunun hansı məna daşıdığını başa düşmürəm. Belə davam etsə, matriarxat dövrünə geri qayıtmalı olacağıq. Bir çayxanamız qalmışdı, onu da əlimizdən aldılar".

Qeyd edək ki, həmsöhbətimiz Rafiq Hüseynovun da xanımı qadın klubunun daimi müştərilərindən biridir.

Bu məkanın qadınlar üçün nə dərəcədə dəyərli və vacib olduğunu isə Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovadan soruşduq.

"Bizim ölkədə qadınlar özlərinə məxsus məkan axtarmaqda haqlıdırlar. Əslində, bu cür məkanların yaranmasında pis heç nə yoxdur. Qadınların da özlərinə məxsus məkanlarının olması çox normal bir haldır. Onlar orada özlərini rahat və sərbəst hiss edirlər", - M. Əzizova dedi.


Tarix: 14.05.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 419 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...