Saçlara olduğu kimi, qaş və kirpiklərə də daimi qulluq edilməsi tələb olunur. Kifayət qədər vitamin və mikroelementlərlə zəngin olan düzgün qidalanma kirpik və qaşların böyüməsi və möhkəmlənməsinə kömək edir. Qida rasionunda tərkibində fol turşusu (ispanaq, soğan, kahı, qara ciyər, böyrək, ət), həmçinin sink (noxud, yumur-ta sarısı, araxis-yerfındığı, badam, qoz) olan məhsullar olmalıdır. Gündəlik qulluğu da yaddan çıxarmaq lazım deyil.
Heç bir halda gözətrafı sahələrdən makiyajı silmədən yatmaq olmaz – bu kirpiklərə xeyli dərəcədə ziyan vuraraq onların tökülməsinə səbəb olur! Axşam saatlarında gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün ancaq xüsusi vasitələrdən istifadə etmək lazımdır. Axşamlar üzünüzü təmizləyərkən, eyni vasitə ilə qaşlarınızı da təmizləməyi unutmayın.
Təmizləndikdən sonra qaşlara və kirpiklərə vitaminləşdirilmiş qidalandırıcı balzam və ya yağlar (badam, ayıpəncəsi, gənəgərçək, çaytikanı, zeytun) sürtmək lazımdır. Kiçik yumşaq fırçanı hazırlanmış maskanın içərisinə saldıqdan sonra onu kirpiklərin üzərinə (gözə düşərək qıcıqlanma verməsinin qarşısını almaq məqsədi ilə bilavasitə kökləri olan nahiyədən deyil, təxminən orta hissəsindən başlayaraq) sürtmək lazımdır. Hazırda kirpiklərə qulluq vasitələrinin çox hissəsi kiçik fırçası ilə birlikdə şəffaf müalicə tuşu şəklində buraxılır. Onları da kirpiklərə tuş kimi sürtürlər. Qaşları da hər gün qabaqcadan gənəgərçək, ayıpəncəsi, badam yağında islatmaqla, kiçik fırça ilə daramaq lazımdır.
Qaşların və kirpiklərin uzanmasını sürətləndirmək üçün aşağıdakı tərkibdən istifadə etmək olar: vitamin A-nın yağlı məhlulundan 15 damcı + Vitamin E-nin yağlı məhlulundan 15 damcı + hərəsindən 1 çay qaşığı olmaqla badam və gənəgərçək yağı. Yaxşıca qarışdırdıqdan sonra bu maskanı qaşlara və kirpiklərə sürtmək lazımdır. Bu tərkibdən mütəmadi olaraq istifadə edildikdə qaş və kirpiklərin keyfiyyəti xeyli dərəcədə yaxşılaşmış olur.
Qaşların masaj edilməsi də xeyirli hesab edilir: kiçik çimdikləmələr, qaşlara barmaqlarla yüngülcə təzyiq edilməsi, vibrasiya
(şəhadət və adsız barmaqlarla qaşların üzərinə yüngülcə döyəcləmək). Göstərilən bütün bu hərəkətlər qaşların xətti boyunca burun üstü nahiyənin ortasından gicgahlara doğru olmalıdır.
Qadınların daha çox üzləşdikləri problemlərdən biri də qaş və kirpiklərin tökülməsidir. Əlbəttə ki, qaş və kirpik tükləri də (saçlar kimi) tökülməli və yeniləri ilə əvəz olunmalıdır. Lakin əgər siz qaş və kirpiklərinizin tökülməsinin çox olduğunu, onların seyrəldiyini görsəniz, ilk növbədə həkimə müraciət etməlisiniz. Qaş və kir-piklərin tökülməsinin səbəbləri qalxanvari vəzinin xəstəlikləri, streslər, dəri xəstəlikləri və s. da ola bilər. Qaş və kirpik tökülməsinin əsas səbəblərindən biri də onlara düzgün qulluq edilməməsi və ya heç bir qulluğun olmamasıdır. Əgər siz daimi olaraq gözlərinizin makiyajını silmədən yatırsınızsa, qaş və kirpiklərinizi tez-tez kimyəvi rəngləməyə məruz qoyursunuzsa, tez-tez kirpiklərinizi burur və uzadırsınızsa, bu onların keyfiyyətinin xeyli dərəcədə pisləşməsi və tökülməsi təhlükəsini yarada bilər.
Qaşlar töküldüyü halda aşağıdakı maskalardan istifadə etmək olar:
Əncirin qurudulmuş meyvələrini süddə bişirib bir neçə qat tənzifin üzərinə yaxaraq qaşların töküldüyü sahəyə qoymaq lazımdır. Daha sonra isə üzərinə kom-pres kağızı və xovlu dəsmal qoyaraq 1 saat ərzində saxlamaq tövsiyə olunur.
Gülünbahar bitkisinin çiçəklərindən 1 xörək qaşığı götürüb üzərinə 5 xörək qaşığı arağı əlavə edin və 1 gün saxlayın. Maska şəklində istifadə edilməzdən əvvəl onu yarıbayarı olmaqla su ilə qarışdırırlar. Tənzif zolaqlarını bu ekstraktda isladaraq, qaşların töküldüyü sahəyə qoyub, 1-1,5 saat müddətində saxlamaq lazımdır. Bunu hər gün və ya günaşırı olaraq təkrar etmək olar.
1 çay qaşığı badam və gənəgərçək yağı götürüb üzərinə 1-2 damcı da kamfora yağı əlavə edilir. Alınan maskanı istifadə etməzdən qabaq bir qədər qızdıraraq, onunla isladılmış pambıq tamponu qaşların üzərinə qoymaq və 5-10 dəqiqə saxla-maq lazımdır. Bu maskadan kirpiklərin seyrəlməsi zamanı da istifadə etmək olar.
Tarix: 24.12.2012 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 669 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri