Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Botox

Botoks Birləşmiş Ştatlarda ən populyar peşəkar estetik məhsuldur.

Hər il 365 gün, 24 saat ərzində, 10 saniyədən bir Botoks preparatımn proseduru həyata keçirilir.

Biz üzümüzün dərisinə nə qədər qulluq etsək də, onun gözəlliyini və gəncliyini saxlamağa daim cəhd göstərsək də, hər halda illər keçdikcə üzümüzdə elə qırışlar əmələ gəlirki, onları aradan qaldırmağa nə cürbəcür kremlərin, nə də maskaların gücü çatır. İllər öz işini görür və bizim istər-istəməz kosmetoloq və plastik cərrahla məsləhətləşmək zərurəti yaranır. Mahir, bilikli həkimlər heç vaxt dərhal cərrahi əməliyyata getməyi məsləhət görmürlər Adətən onlar cavanlaşmanın daha az radikal metodlarını seçirlər.

Hər gün biz üzlə 15.000-ə yaxın hərəkət edirik. Bunun nəticəsində, otuzyaşına çatarkən qaşlarımızın arasında, alnımızda və gözlərimizin ətrafında kiçik qırış torları əmələ gəlir. Kosmetika gözlənilən birdəfəlik, yüz faizli nəticəni verməkdə acizdir, operativ dartılma üçün isə hələ çox tezdir. Onda qarşıya məntiqi bir sual çıxır nə etməli?

Əgər sizin rəfiqələriniz qəflətən cavan görünməyə başlayır və bunun səbəbinin dəniz məhsullarından ibarət maskanın olduğunu söyləyirlərsə, çox güman ki, onlar nəyi isə gizlədirlər. Hazırda təbiəti «aldatmağın», gəncliyi cərrahi müdaxilə olmadan geri qaytarmağın ən effektiv, ən tez, ən əsası, ən təhlükəsiz yeganə üsulu — Botoks iynələridir.

Qeyd etdiyimiz kimi, Botox A tipli təmizlənmiş neyrotoksin botulizmidir. Bu maddənin xüsusi keyfıyyəti 1970-ci ildə bir amerikalı oftalmoloq tərəfındən kəşf edilmişdir və o sübut etmişdir ki, Botox əzələləri yumşaltmaq, sakitləşdirmək xüsusiyyətinə malikdir. Tezliklə kəşflə kosmetoloqlar da yaxından maraqlanmağa başladılar, çünki bu tipli unikal vasitələr mimik qırışlarlarla effektiv mübarizə aparmağa şərait yaradırdı. O vaxtdan Botox bütün dünyada dərinin erkən yaşlaşmasının ilkin əlamətlərini aradan qaldıran ən əsas preparatlardan biri olmuşdur.

Botox preparatı ilə iynələmə dünyada 35 ildən çox istifadə olunan ən geniş yayılmış kosmetoloji prosedurdur. Botox preparatı ABŞ-ın Ərzaq və Dərmanlar üzərində Nəzarət Agentliyinin (FDA) təqdir etdiyi ilk A tipli botulinik toksindir. Hər il ABŞ-da Botox dan istifadə edilməklə 3 milyondan çox prosedur reallaşır.

Gördüyünüz kimi, Botoxun zərərli, təhlükəli olması və aparıcı dünya dövlətlərində qadağan edilməsi ilə bağlı ikinci şayiənin heç bir əsası yoxdur. FDA kimi strukturun rəyi heç kəsdə şübhə doğurmur, ona görə ki, o, dünyada səhiyyə sahəsində ən ciddi təşkilatlardan biridir.

Botox iynəsini birbaşa hiperaktiv əzələ sahəsinə vururlar və bundan sonra əzələlər yumşalır. Bu effekt əzələləri hərəkətə gətirən əsəb hüceyrələrinin bloka alınması nəticəsində mümkün olur. Başqa sözlə deyilsə, Botox əzələləri iflic edərək mimik qırışları hamarlaşdıran preparatdır.

Preparatdan istifadə edərək gözlərin ətrafındakı, alındakı, körpücük nahiyəsindəki mimik qırışları aradan qaldırmaq, ağız və qaş kənarlarındakı formaları tənzimləmək mümkündür.

Pasientlərim mənə tez-tez bu sualla müraciət edirlər: «Botox dan hansı yaşdan sonra istifadə etmək olar?»

Bu sahədə bəlli məhdudiyyətlər yoxdur, çünki Botox’dan təkcə yaşlaşmanın əlamətlərini aradan qaldırmaq məqsədilə istifadə etmirlər. Bundan əlavə, bütün qırışların heç də hamısı yaşla bağlı deyildir: onların vaxtından əvvəl meydana gəlməsinə əsas səbəb müsbət və ya mənfı emosiyaların çılğın təzahürüdür. Nikbin təbiətli gülərüz adamlar vaxtından əvvəl göz ətrafında qırışlara-«qaz ayağına», qaşqabaqlı və deyingən adamlar isə almacığın üstündə xətlərə sahib olurlar. Tez – tez gözünü qıyanlar, komik sifətlər də öz xarakterik izlərini tapırlar.

Botox-un köməyi ilə təkcə dərinin relyefınin hamarlanması aparılmır.

Botox qoltuqaltı nahiyənin, ovuc və dabanın həddən artıq tərləməsindən, daimi baş ağrılarından azad olmağa köməklik göstərir, proktologiyada, oftalmologiyada, hətta uşaqlarda beyin iflicindən müalicə zamanı da istifadə edilir.

Əlbəttə, bu preparatın təhlükəsizliyi məsələsinə də toxunmaq gərəkdir. Bəzi pasientlər Botox-a ehtiyatla yanaşırlar, onların fikrincə, o orqanizmi zəhərləyir. Başqa şayiəyə görə isə, Botox əsəb sisteminin fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bu isə növbəti mifdən başqa bir şey deyildir.

Botox çox ciddi müalicəvi preparatdır. Bundan əlavə, ondan ilk dəfə olaraq nevroloji xəstəliklər zamanı istifadə olunmağa başlanmışdır. Hətta indi, məsələn, qardaş Türkiyədə istifadə olunan Botox-un yarısından çoxu nevrologiyanın payına düşür. Botox-dan həm də bir çox digər xəstəliklərin, o cümlədən uşaq xəstəliklərinin müalicəsində 2 yaşdan başlayaraq istifadə edilir.

İynələmə əzələlərin atrofiyasını doğurmur. Əsəblərin reseptorları ancaq müəyyən zaman kəsiyində dayandırılır ki, bu da hərəkət fəallığının məhdudlaşmasına səbəb olur. Əzələlərin uzunmüddətli boşalması hesabına mimik qırışların korreksiyası baş verir.

Botox preparatının yeridilməsi proseduruna gəlincə isə, güman edirəm ki, bu məlumatlar oxucuları gələcəkdə bəzi arzuolunmaz məqamlardan qaçmağa kömək edəcəkdir.

Botoxun yeridilməsi proseduru aşağidaki qaydada baş verir:

Adətən pasient kresloda yarıuzanıqlı vəziyyətdə olur. Dərinin dezinfeksiyasından sonra preparat nazik iynə ilə (zonanın dərialtı və ya əzələdaxili olmasından asılı olaraq) nahiyəyə yeridilir. Prosedur orta hesabla təxminən 5 dəqiqəyə yaxın çəkir. İynədən sonra dəriyə 10-15 dəqiqə buz və ya soyuq maska qoyulur.

Botox iynəsi şiddətli ağrı hissi doğurmur, onu çox vaxt ağcaqanadın sancması ilə müqayisə edirlər. Əgər sizdə iynədən qorxu və ağrı sindromu varsa, onda preparat yeridiləcək nahiyəyə xüsusi anestetik krem yaxılaraq yerli anesteziya zonası yaradılır.

Mezonamb və ya Emla proseduru 100% ağrısız yerinə yetirməyə kömək edir.

Mimik qırışlarda korreksiya prosedurundan sonra əzələlərdə ağırlıq hissinin qalması və onun diskomfort yaratması mümkündür, lakin bu hal qısa müddətdən sonra keçib gedir.

Preparatın effektini adətən iynədən 2-5 gün sonra görmək olur. Onun maksimum nəticəsi 10-14 gündən sonra hiss edilir və bu proses 4-6 ay davam edir. Bu müddətdən sonra, istəyənlər proseduru yenidən təkrarlayabilərlər.


Tarix: 23.12.2012 / 14:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1079 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...