Müdrik bir insanın tələbələrindən biri uzun illər getdiyi dərsi tərk etmişdi. Artıq dərslərdə iştirak etmirdi. Bir neçə ay keçsə də, onun dərsə gəlmədiyini görən müdrik ustad tələbəsini ziyarət etmək qərarına gəldi.
Qış mövsümü idi, tələbəsi evdə tək idi. Otaqdakı böyük sobanın içindəki odunlar çatırtı ilə yanırdı. Ustadının onu nə üçün ziyarət etdiyini təxmin edən tələbə qonağını sobanın yanına dəvət etdi. Özü də mətbəxə keçərək hazırlıq görməyə başladı. Sobanın yanında oturan müdrik adam təqdim olunan ikramı qəbul etdi, lakin tələbəsinə heç nə demədi. Sanki evdə heç kəs yoxmuş kimi hərəkət edirdi. Bütün diqqətini sobada yanan ocağa yönəltmişdi. Bir neçə dəqiqədən sonra maşanı götürdü, qızmar közlərdən birini götürdü və ocağın kənarına qoydu. Oturmağa davam edir, heç nə danışmırdı. Kənara qoyulmuş közün odu yavaş-yavaş zəiflədi, sonra söndü. Otaqda sükunət hökm sürürdü. İlk salamlaşma xaricində heç kim bir kəlmə də olsun danışmamışdı.
Müdrik adam getməyə hazırlaşarkən yenidən maşanı əlinə aldı və sönmüş közü alovun içinə atdı. Tezliklə yanan ocağın istisinə və alovuna yenidən yanmağa başladı. Ayrılmaq üçün qapıya gəldikdə ev sahibi: «Ziyarətinizin səbəbini anlayıram. Bir az əvvəl verdiyiniz dərsiniz üçün minnətdaram. Bundan sonra dərslərinizi qətiyyən axsatmayacağam» — dedi.
Tarix: 01.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Maraqli Hekayeler