Payız ayı idi.Hava tutqun,yağış da artıq 3gün idi ki,dayanmadan yağırdı.Küçə boyu su axırdı.Artıq gün batmaq üzrəydi,evlərdə yavaş-yavaş işıqlar yanmağa başlayırdı.Küçədə nadir hallarda insan görünürdü,tələsik evlərinə gedirdilər.
Qarşıdakı balaca komada zəif inilti səsi gəlirdi.Bu,iki gün öncə bərk soyuqlamış bir qadının səsi idi.Onun əri müharibədə həlak olmuşdu.2 uşağı vardı,10 yaşlı oğlu və 3yaşı yenicə tamam olmuş qızı.Uşaqlarını saxlamaq üçün işləyib,qazandığı az miqdarda pulu da evə ərzaq alıb,gətirirdi. 2gün öncə işdən qayıdarkən yağışa düşmüş,geyimi nazik olduğundan bərk soyuqlamışdı.İndi qızdırma içində yanırdı.Ev də soyuq idi,odur ki,evdə olan ədyalları da uşaqlarına bürümüşdü.
Budur,balaca qızı ona yaxınlaşır və:"Ana,acmışam" deyir.Qadın özünü toplayıb,ayağa qalxmaq istəyir,lakin,xəstəliyi şiddətləndiyindən ayaq üstə dayanmağa gücü çatmır və yerə yıxılır.Balaca qız bunu görüb bərk qorxur və ağlamağa başlayır.Qadının oğlu tez gəlib,ona yenidən yerinə uzanmağa kömək edir və deyir:"Ana,sən narahat olma,bacıma mən baxaram".
Anası deyir:"Hə oğlum,deyəsən bundan sonra onun qayğısına sən qalmalı olacaqsan.Bacını sənə tapşırıram.Get bacınla yeməyinizi yeyin,sonra qonşuya gedib,mənim bərk xəstələndiyimi deyərsən."
Oğlan "baş üstə anacan" deyib,bacısının əlindən tutub,mətbəxə aparır.Çörək qabında 1dilim çörək qalmışdı,onu da bacısına verib,özü qonşuya getməyə tələsir.Yaxınlıqdakı qapını döyür,qapını 1 kişi açır.Uşaq həyəcanla anasının xəstə olduğunu və kömək istədiyini deyir.Kişi qapını bağlamaq istəyirdiki,söhbəti eşidən xanımı qapıya yaxınlaşıb,ərinə "Gəl gedək baxaq"deyə inad edir.Kişi də məcbur qalıb,deyinə-deyinə getməli olur. Çatmağa az qalmış uşaq tez qabaqda qaçaraq qapını açdı və anasına yaxınlaşıb sevinə-sevinə,uca səslə dedi:
"Ana,ana bax.gəldilər,indi sənə kömək edəcəklər."
Qadın artıq iniltisini kəsmişdi,rəngi də ağappaq idi. Qonşular yaxınlaşanda artıq onun öldüyünü bildilər.
Uşaq donub yerindəcə qaldı.Əslində ölümün nə olduğunu tam dərk etmirdi,lakin 2il öncə atasının dəfnini görmüşdü,buna görə də bilirdi ki,ölənlər heç vaxt geri qayıtmır.
Səhər açılar-açılmaz 1-2 nəfər yığışıb,qadını dəfn etdilər.Oğlan bacısının əlindən tutub,bir kənarda durub,gizli-gizli ağlayırdı.Bacısı çox balaca olduğundan nələr baş verdiyini anlamırdı,elə hey"Anamı istəyirəm,anam hanı?" deyib mızıldanır,qardaşına şikayət edirdi.Oğlansa ona heçnə başa sala bilmir,onu sakitləşdirək üçün "Anamız yemək almağa gedib,bu dəfə bir az daha uzağa.Əgər sən daha ağlamasan,mızıldamağını kəssən,onda tez qayıdar" deyirdi.
Qonşular bir neçə gün uşaqlara yemək gətirdi,lakin, sonra heç gəlmədilər də. Onları da qınamaq olmazdı,axı müharibə yenicə qutarmışdı,hərə öz evini güclə dolandırırdı.
İndi evin bütün qayğıları bu balaca oğlanın üzərinə düşürdü. Bacısını evdə qoyub,özü çörək almağa getdi.Pulu yox idi,düşündü ki,"yaxınlıqda bir dükan var,işlərində kömək edərəm,o da mənə pul ya da yeməyə nəsə verər."
Dükanın yanına çatanda təzə çörək iyi gəlirdi.Uşaq səhərdən heçnə yeməmişdi,ona görə də hər tərəfə yayılan isti çörək iyi onu bihuş edirdi.O,sahibkara yaxınlaşıb,ədəb-ərkanla salam verdi və dedi:"Əmi,mənə görə bir iş varsa deyin,yerinə yetirim,əvəzində isə mənə 1 çörək verərsiz".
Sahibkar dedi:"Hə,get o qutunu bura gətir".
Uşaq tez onun göstərdiyi qutuyu yaxınlaşır,lakin nə qədər istəsə də,qutunu qaldırmağa gücü çatmır və deyir:"Əmi,axı bu çox ağırdı,nə qədər çalışsam da qaldıra bilmədim".
Sahibkar gülərək deyir:"Ay yazıq,təbii ki,onu qaldıra bilməzsən,mən güclə tərpədirəm onu,qaldı ki,sən".
Uşaq:"Bəs nə edim?"
Sahibkar:"Gəldiyin kimi də get burdan,həm də tez!"
Uşaq az qala ağlayacaqdı.İndiyə kimi onun üstünə belə acıqlanan,təhqir edən olmamışdı. Dükanda yaşlı bir kişi də var idi.O,uşağı acılıyan sahibkara yaxınlaşıb,nə isə dedi,sonra uşağı geri çağırdılar.Sahibkar uşağa o qədər iş tapşırdı ki,uşaq bunları güclə yadda saxladı.sonra:"Baş üstə" deyib,işə başladı.
Yaşlı kişi gülümsəyib,uşağa pıçıldadı:"Bu işlərə görə təkcə çörək yox,həm də çoxlu pul verməlidi.Narahat olma,imkanlı adamdı.Çalış işlərini səliqə ilə yerinə yetir" deyib,getdi.
Uşaq bütün işləri yerinə yetirib,pulun almaq üçün sahibkara yaxınlaşır,o qədər yorğun idi ki, ayaq üstə güclə dayanırdı.
Kişi 1dənə çörəyi ona tərəf uzadıb,deyir:"Al bunu,sabah yenə gələrsən,hələ bir neçə günlük işin var sənin.İşini gör.çörəyini apar".
Uşaq daha artıq mükafat gözləyirdi,amma çörəyi alıb,daha nəsə istəməyə qorxdu.Qordu ki,danışsa bir çörəyi də verməyib,bayaqkı kimi qovacaq.
Belə ki,uşaq hər gün dükana gəlir,böyük zəhməti sayəsində bir çörəklə geri qayıdırdı.Amma sevinirdi ki,anasının ona tapşırdığı balaca bacısı ac qalmırdı.Nə qədər zəhmət çəksə də,təhqirlərə dözsə də,bacısına baxa bildiyi üçün sevinirdi.
Bir gün qəflətən dükanda yanğın olur.Sahibkar içəridən nə isə çıxarmağa macal tapmamış dükan büs-bütün yanır.O,ağlayaraq fəryad edir:"Mənim pullarım,ərzaqlar da tamam yanıb,bir qəpiyim belə yoxdu.İndi dilənçidən də kasıb oldum.Heçnəyim,heçnəyim yoxdu..."
Bu zaman uşaq onun yanına gələrək yanıb,qızarmış,titrəyən əllərində ona bir çörək uzadıb deyir:
"Əmi,narahat olma. Al,sənin 1 çörəyin var".
Tarix: 01.12.2014 / 14:03 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Maraqli Hekayeler