Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kaskabal və it

Biri vardı, biri yoxdu, bir kişi vardı. O, çox kasıb idi və həmişə ovqatı pis olurdu. Onun qoca bir iti vardı. Kişi onunla çox pis davranır və əlinə girəvə düşəndə onu təpikləyirdi. Kaskabal (Şər ruh) bunu görürdü. O istədi ki, itin bu vəziyyətindən öz xeyrinə istifadə eləsin. Bu fikirlə itin qabağında peyda oldu:
— Ay yazıq, niyə belə qəmginsən? Nə olub?
— Necə qəmgin olmayım, sahibim məni hər gün döyür.
— Bilirəm. Bəs niyə onu tərk edib getmirsən?
— O mənim sahibimdi, mən ona sədaqətliyəm.
— Amma sənin sahibin bunu qiymətləndirmir.
— Fərqi yoxdu, mən sadiq qalacam.
Kaskabal əl çəkmirdi, itin başını o qədər yedi ki, axırda o soruşdu:
— Yaxşı, məni inandırdın, de görüm nə edim?
— Ruhunu mənə ver.
— Əvəzində nə verirsən?
— Ürəyin nə istəyirsə.
— Mən tüklərimin sayı qədər sümük istəyirəm.
— Razıyam!

Kaskabal onun tüklərini saymağa başladı. O sayıb qurtarana yaxın itin öz sahibinə sədaqəti yadına düşdü və elə dartındı ki, Kaskabal hara kimi saydığını itirdi.
— Niyə tərpəndin? Hesabı itirdim!
— Lənətə gəlmiş birələr imkan vermir. Yenidən say.
Kaskabal yüz dəfə saydı və hər dəfə it tərpəndi və o, hesabı itirdi.

— Mən təslim oldum, saymıram. Sən məni aldatdın və mənə əməlli-başlı dərs verdin. İtin ruhunu satın almaq adamların ruhunu satın almaqdan çətindir – dedi Kaskabal.


Tarix: 01.12.2014 / 14:21 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqli Hekayeler
loading...