Bu gün üzün gülmür. Havalar ki yaxşıdır? Nə olub yenə?sən ki yaz fəslini sevərdin. Gələcəkdim....Vallah gələcəkdim. Bağışla..
Səhər oyananda bilirsən nəyi xatırladım? Sanki səsini də eşidirdim.
“ Bura gəlin köpəy uşaqları” deyə bizi səsləyirdin elə. Uşaqlıqda qaçıb çarpayının altında gizlənməyimiz gözümün önünə gəldi. Yadimda deyil dəqiq niyə əsəbləşmişdin. Deyəsən yenə evdə qardaşımla top-top oynayanda nəyisə sındırmışdıq. Ən birinci mən girərdim çarpayının altına, qardaşımı da qabağa verərdim ki, oxlov mənə dəyməsin. Həmin oxlov hələ də evimizdədir. 15 ildən çox olar daha dəymir bizə. Daha incitmir bizi.. Amma indi... indi razıyam. Bədənimdən qan çıxana qədər həmin oxlovla döysünlər məni. Təki nəfəsinin küləyini hissi edim bircə dəfə. Mənə küləyini göndər.
Bilirəm çoxdandır ziyarətsiz qalmısan.. Qocalmısan yəqin. Qırışların çoxdur hə ? Səni ağ saçlı təsəvvür edə bilmirəm.Səni ən son görəndə çox gözəl idin. Mənimçün dünyaların ən gözəl anasısan. Sən həmişə bütün evin işlərini tək başına görən, məktəbdə hamının ən sevimli mülliməsi olan, işdən gəlib istirahət etməmiş tələm-tələsik yeməyimizi hazırlayan, bir dənə də ütüsüz paltar saxlamayan, dünyanın ən dadlı yeməklərini bişirən, xəstələnəndə deyinə-deyinə olsa da bizi sağaltmağa çalışan, atama hörmət edən, o gəlməmişdən masaya əl uzatmağa imkan verməyən, bizi atama şikayət edən və biz də qulaqburması aldıqdan sonra ən çox peşman olan, amma bizi canından çox sevən mələk kimi bir ana olmusan. Bulaşdırdığımız paltarlarla, oxumadığımız dərslərlə, məktəbdən gətirdiyimiz şikayətlərlə səni bezdirsək də bizə xidmət etmisən. Nəyə borclu idin? Kimə borclu idin?! Sadəcə sevdiyin üçün etmisən. İnsan sevdiyi üçün əziyyətə qatlaşa bilər. Amma sən...
Bilirsən? səndən sonra hər şeyə sıfırdan başlamağa qərar gəldim. Ilk əvvəl çox çətin idi. Hər gün yumurta yedikcə xəyal edirdim ki sanki sənin bişirdiyin dadlı dolmanı yeyirəm, bundan həzz alırdım. Amma günlər ötdükcə dolmanın da dadını unudurdum. Elə bil yaranın keyi açılırdı və incitməyə başlayırdı.Sonra bu yara da saqalirdi. Həftə sonu köynəklərimi özüm ütüləməyə başladım, həmişə sən köynəklərimi ütüləyəndə baxırdım. Yadımda idi şalvarıma qatları necə vururdun. Öz paltarlarımı ütüləmək əyləncəli gəlirdi ilk vaxtlar. Sənin kimi olmasa da bir təhər bacarırdım. Amma onu da unutmağa başladım. Sonra həvəsim də öldü. Artıq qırışıq köynəyə öyrəşmişəm.
Xəstələnəndə zoğallı çay verənim də yox idi. Amma plana görə yeni həyata başlamışdım axı. Özüm hazırlamalı idim hər şeyi. Isti zoğallı çay içib yorğanın altına girsəm də oyanıb tər içində paltarımı dəyişmək üçün taqətim də olmurdu. Tər və göz yaşlarıma bürünüb yatırdım. Beləcə acılarımı çəkə-çəkə sağalırdım Evə gələndə qapını açarla açmaq kimi insana əzab verən başqa tənhalıq cəzası tanımıram. Səni xatırladacaq nə görürdümsə göz yaşlarımı saxlaya bilmirdim ilk vaxtlar. Amma artıq öyrəşmişəm. Öyrəşdikcə də uzaqlaşdığını hiss edirəm. Üz çizgilərini unutmuşam artıq şəklin də yadlaşıb.Hər gün nəyinsə silinir yaddaşımdan Amma yuxluğunla hələ də barışamışam. Atam və qardaşım isə hələ də gəlmək fikrində deyillər vətənə.
İki gündən bir danışırıq. Deyirəm “tez gəlin darıxıram”. Deyirlər ki əşi nə var e Bakıda? Evi də sat sən gəl Moskvaya. Burda yaxşıdır hər şey. Dolanarıq bir təhər. Getmədim. Niyə getmədim deyə soruşacaqsan. Çünki .... çünki gedə bilmərəm ana. Çünki aşiq olmuşam. Uzun zamandan sonra ilk dəfədir aşiq olmuşam. Hələ evlənmək fikrim yoxdur amma bu fürsəti əldən vermək istəmirəm. Bilirsən necə gözəldir? Mələkdir elə bil. Cənnətdən mənə dua et çoxlu, onu ziyarətinə gətimək qismət olsun mənə.Gəlib görər necə dünyalar gözəli anam var mənim. Hələ ona sevdiyimi etiraf etməmişəm. Amma inan ki sənin gəlinin olmağa layiqli qızdır. Bilirəm ki o da laqeyd deyil mənə. Bağışla ki səndən başqasına da “səni sevirəm” deyəcəm ana. Bu sözləri səndən başqa heç kəsə deməyəcəyimə söz vermişdim, amma insan sevincə dəyişir hər şey. Sevmək insana yeni həyata başlamaq üçün güc verir. Hal hazırda isə həmin gücə qadirəm.. İnanıram ki Bakıda qalsam hər şey yaxşı olacaq. Həm də səni qoyub hara gedirəm? Düzdür vəfasızam daha tez tez gəlmirəm, amma söz verirəm, tez-tez ziyarətinə gələcəm.
Hələliksə getməliyəm. Tezliklə gələcəyəm.onu da gətirəcəyəm.
Səni Sevirəm ana. Qəbrin nurla dolsun.
Tarix: 01.12.2014 / 14:32 Müəllif: Aziza Baxılıb: 245 Bölmə: Maraqli Hekayeler