Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

... Ay Qiz

Zalım qardaşların yamanlığından,
Içimi yeyirəm gün boyu, ay qız.
Bir qadın bətninin qaranlığından,
Daha qaranlıqdı bu quyu, ay qız.

Divi almalıqda güddüyüm təki,
Yuxulu gözlərlə açılır səhər.
İndi mən yarama duz basıram ki,
Səni fikirləşim səhərə qədər.

Bu quyu kəsilmiş kəndir qoxuyur...
Qanayır köksümə batan xəyanət...
Sükut bu quyuda zildən oxuyur...
Burda ümidsizlik hər gün nəqarət...

Indi yorğun canım özümə sərhəd,
Yalandan deyirəm vecinə alma.
Mənə deyən lazım ay Məlikməmməd,
Sevməli yaşında nə div, nə alma...???

“Qu”-dedim quyuya atdılar məni,
“Qa”-dedim qardaşlar qayıtmadılar...
Gedib yuxu kimi yatdılar məni,
Sonra bir-birini ayıltmadılar.

Burda sənsizlədim, gümanım itdi...
Adamlar quyunu daşladı, ay qız.
Cavanlıq içimdə çürüdü getdi,
Qocalıq içimdən başladı, ay qız.

Quyuya hər gecə gümüş ay qonaq...
Hər gecə quyuya ulduzlar axır...
Quyu-durbiniylə münəccim torpaq,
Mənim gözlərimdən göylərə baxır...

Qara xatirələr ağlanan kimi,
Çoxaldı quyuda sənin azlığın...
Ümidin gözlərini bağlanan kimi,
Açıldı gözləri adamsızlığın...

Kaş külək olaydım, adam yox, külək
Indi mənim üçün külək- azadlıq...
Nə vaxtsa demişdin ağ qoç gələcək,
Min ilmi keçibdi ? bilmirəm artıq...

Qaranlıq, tənhalıq, soyuq və gecə...
Biryolluq gediblər bütün gedənlər...
Ədalət kəsilmiş kəndirdi məncə,
Indi padşahdılar kəndirkəsənlər...

Burda can verirəm, ölmürəm ay qız,
Bu quyu ümiddən, ölümdən kasıb...
Min ildi anlaya bilmirəm ay qız,
Mənim bu nağılda nə itim azıb ?!

Yaman üşüyürmüş adam adamsız,
Adamsız duyurmuş adam zamanı...
Canı şüşədəymiş divlərin ay qız ,
Bu quyu şüşədi, mənsə div canı...

Bir simurq lələyi yandır bu gecə,
Yoxdu bu quyuya gedib qayıdan...
Bu şüşə quyunu sındır bu gecə,
Mənim div canımı çıxart quyudan.

Göylərə baxıram ulduz sürüşmür...
Ölmürəm, uzanır bu dəhşət ,ay qız.
Mənə üç almadan bir alma düşmür,
Yoxmuş bu nağılda ədalət, ay qız...


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 272 Bölmə: Maraqli Hekayeler
loading...