Bir gün Zərdüşt əncir ağacının altında yatmışdı, isti idi, o, əlini üzünə qoymuşdu. Bu vaxt bir ilan gəlib boynundan sancdı ki, Zərdüşt ağrıdan qışqırdı. O, əlini üzündən çəkdi və ilana baxdı; onda ilan Zərdüştü tanıdı, yendəmsiz halda dönüb getmək istədi. “Dayan görək, – Zərdüşt dilləndi, –əvvəl təşəkkürümü qəbul et! Məni vaxtında oyatdın, yolum yaman uzaqdır”. İlan dərdli-dərdli: “Yox, yolun çox qısadır, –dedi, – mənim zəhərim tez öldürür”. Zərdüşt gülümsündü. “Nə vaxtdan bəri əjdaha ilan zəhərindən ölür? – dedi.
Amma hər halda gəl zəhərini geri götür. O qədər varlı deyilsən ki, mənə belə hədiyyə verəsən”.Onda ilan yenidən onun boynuna sarılıb yarasını yalamağa başladı.
Zərdüşt bunu öz əshabələrinə danışanda onlar soruşdular: – “Zərdüşt, bu əhvalatda nə ibrətamiz, əxlaqi cəhət var”? Zərdüşt buna belə cavab verdi:
Xeyirxahlar və ədalətlilər mənə əxlaqı dağıdan deyir: danışdığım əhvalatın da əxlaqı yoxdur.
Düşməniniz varsa, heç vaxt onun pisliyinə yaxşılıqla cavab verməyin: çünki bununla onu utandırırsınız. Əksinə, sübut edin ki, sizin üçün yaxşı bir iş görüb.
Zərdüşt belə deyirdi (Thus Spake Zarathustra, Так говорил Заратустра)
Ona qəzəblənin, amma onu utandırmayın! Sizi lənətləyirlərsə, alqış etməyiniz mənim xoşuma gəlmir. Siz də onlara qoşulub bir azca lənətləsəniz, yaxşı olar!
Sizə qarşı böyük bir haqsızlıq ediblərsə, siz də tez beş xırda-para haqsızlıq edin! Haqsızlığın yalnız bir adamı necə əzdiyini görmək dəhşətdir.
Bunu bilmirdiniz mi? Başqaları ilə haqsızlığı bölüşmək haqqın yarısıdır. Haqsızlığı o kəs öz üstünə götürməlidir ki, bunu daşımağa gücü çatsın!
Kiçik də olsa bir qisas almaq heç almamaqdan daha insani bir şeydir. Əgər verilən cəza qayda pozanın haqqı deyilsə və ona şərəf gətirmir, onda bələ cəza nəyə lazımdır?
Haqlı ola-ola özünü haqsız hesab etmək, haqlı olduğunu sübut etməkdən daha alicənab bir işdir. Amma insan bunun üçün gərək kifayət qədər zəngin olsun.
Sizin soyuq ədalətinizi sevmirəm; sizin hakimlərin gözlərində həmişə cəllad və onun bıçağını görürəm.
Deyin, hanı elə bir ədalət ki, mayası gözüaçıq sevgidən yoğrulsun?
Mənə elə bir sevgi göstərin ki, yalnız cəza verən deyil, günahıda öz üstünə götürəndir.
Mənə elə bir ədalət göstərin ki, məhkum edəndən savayı hamıya bəraət qazandırsın!
Bunu da dinləmək istəyirsinizmi? Tam ədalətli olmaq istəyən kəsin gözündə yalan da xeyriyyəçiliyə çevrilir.
Tam ədalətli olmağı necə də istərdim! Onda mən hər kəsə əməlinə görə verərdim! İndilik təsəllim odur ki, hamıya özümdən nəsə verirəm.
Və sonda, qardaşlar, nəbadə tərki-dünyalara qarşı haqsızlıq edəsiniz! Tərki-dünya adam unutmağı bacarmır! O əvəz çıxmağı da bacarmır.
Tərki-dünya adam dərin quyu kimidir. Ora daş atmağa nə var, amma elə ki, daş quyunun dibinə düşdü, onu dartıb çıxartmaq istəyən olacaq mi?
Tərki-dünya adamın qəlbinə dəyməkdən qorxun! İşdir, onu incitdinizsə, onda onu öldürsəniz yaxşıdır!
Tarix: 01.12.2014 / 14:01 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Maraqli Hekayeler