Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Silinməz dostluq

Bir-birini çox sevən iki səmimi dost birlikdə yola düşürlər. Dağlardan, meşələrdən, çaylardan keçib bir səhraya çatırlar. Uzun yol dostlardan birinin ürəyini sıxmağa başlayır. Eyni açılsın deyə dostunun boynuna bir şillə çəkir.
Yorğunluqdan taqəti tükənən, üstəlik də durduğu yerdə şillə yeyən dost qumun üstünə " Bu gün ən yaxşı dostum mənə şillə vurdu " yazır və dostundan " məni niyə vurdun?" - deyə soruşmadan yoluna davam edir.
Dostların bitməz-tükənməz səyahəti səhrada davam edərkən şillə yeyib inciyən dost qəflətən bir qum girdabına düşür. Əvvəlcə ona şillə vuran dost dərhal köməyə gəlir. Qumlar dostunu girdaba çəkərkən əl uzadıb onu xilas edir.
Şillə vuran dostunun onu xilas etdiyini görən yolçu bu dəfə də bir daşın üstündə bıçaqla " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazır və belə bir dostu olduğuna görə Allaha şükür edir.
Bunu görən xilaskar dost isə sözlərin quma deyil, daşa yazılmasını heyrətlə qarşılayır və ona:
- Mən sənə şillə vuranda " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!" sözlərini qumda yazmışdın. Bu gün isə səni girdabdan xilas edəndə daşın üstünə " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazdın. Bunun səbəbini öyrənə bilərəm? - deyə soruşur.
Dostu ona təbəssüm edib:
- Sən mənə şillə vuranda qəzəblənmədən quma " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!" sözlərini yazdım ki, əsən küləklər yazını silib aparsın. Məni girdabdan xilas edəndə isə" Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi" sözlərini daşlara yazdım ki, heç bir külək dostluğumuzu silib aparmasın. Dostluğumuz əbədi olsun, - deyir.


Tarix: 01.12.2014 / 15:57 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqli Hekayeler
loading...